Bütün xəbərlər
“Çalışıram uşaqları tez-tez görüm...” - Emin Ağalarov + Fotolar
Tarix: 01-12-2019 14:07 | Bölmə: Müsahibə

                “Çalışıram uşaqları tez-tez görüm...”

Azərbaycanın Xalq artisti Emin Ağalarov Rusiyanın “RİA Novosti” Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib. “Qafqazinfo”nun məlumatına görə, söhbət əsnasında o, sənət fəaliyyəti ilə yanaşı, şəxsi həyatından da danışıb.
“Hərdən olan istirahət günlərimi böyük məmnuniyyətlə şəhər kənarında keçirirəm. Ailəmlə ünsiyyətdən həzz alıram, dostlarımla görüşürəm və ya idmanla məşğul oluram. Uşaqlarla bərabər qumdan qalalar tikirik, əylənirik”, - Emin “RİA Novosti”yə müsahibəsində danışır.  


Sevimli şəhərlərindən danışan Xalq artisti Dubay və Mayamini xüsusi ilə qeyd edir: “Və əlbəttə ki, doğma Bakı. Orada mənim böyük uşaqlarım yaşayır. Çalışıram onları bacardığım qədər tez-tez görüm, onlara bütün boş vaxtımı ayırıram. Biz futbol oynayırıq, gəzirik, maşın sürürük”.
Mayamidəki həyatından danışan Emin bu şəhərin xüsusi ab-havası olduğunu qeyd edir: “Mən çimərlikdə velosiped sürürəm, idmanla məşğul oluram”.

“Yerimdə oturmağa öyrəşməmişəm, ona görə də aktiv şəkildə dincəlməyə üstünlük verirəm. Su idman növlərini, çimərlik voleybolunu sevirəm. Qışda - snoubordinq, xizək, qar motosikli: həm Moskvada, həm İsveçrədə, hansıda ki, biz həyat yoldaşım Alyona ilə bir neçə dəfə olmuşuq. Yay və payızda  Monako, İtaliya və ya Fransaya gedirik”, - “RİA Novosti” Eminin sözlərini sitat gətirir.

Xalq artisti qeyd edir ki, onun passiv istirahət xoşuna gəlmir: “Çimərlikdə uzanıb günəş vannası qəbul etmək darıxdırıcıdır. Raftinq, dördtəkərli motosikl, kvadrotsikllər – bu, mənimdir”.

“Həyat yoldaşıma sürprizlər etməyi sevirəm. Bu yaxınlarda onu dostlarımızla bərabər İsveçrəyə dəvət etdim. Bu, planlaşdırılmamış səfər idi. Üç günlük getdik, maşında səyahət edirdik, gözəl kafe və restoranlarda şam edirdik və gəzirdik. Əla idi”, - deyən Emin, istirahətdə tez-tez tanındığını və bu faktın ona qətiyyən mane olmadığını bildirir. O, bunu peşəsinin bir hissəsi kimi qəbul edir, baxmayaraq ki, istirahəti planlaşdırarkən az insanın olduğu məkanları seçməyə çalışır.

Uşaqlığından danışan Emin bunları qeyd edir: “Uşaqlıqda mən Bakıdakı bağımızda çox vaxt keçirirdim. İndi Bakıda “Jara” Beynəlxalq Musiqi Festivalı keçirilir. Orada tez-tez oluram. Adətən çalışıram faydalı şeyi xoş bir şeylə birləşdirim: istirahətlə yanaşı, bir çox işlə əlaqəli məsələləri həll etməyi çatdırmaq lazımdır”.   

“Azərbaycan mətbəxini çox sevirəm. Bakı lülə-kababı və qutablarından dadlı heç nə yeməmişəm. Avropa mətbəxi də xoşuma gəlir”, - Emin “RİA Novosti”yə danışır.
“Ekstremal istirahətə meylli olduğumdan tez-tez qəliz situasiyalara düşürəm. Bir dəfə dağda dostum qar motosiklindən yıxıldı və körpücük sümüyünü sındırdı. Bütün qrup ona bacardığı qədər kömək edirdi, onu tez xəstəxanaya çatdırmağa çalışırdıq. Allaha şükür, hər şey yaxşı bitdi. Bir də, Moskva vilayətində qar motosikli sürəndə hamımız buzun içinə düşdük. Bir-birimizi oradan çıxarmalı olduq”, - Emin qeyd edir.  


Baxış sayı: 1 386


Bölməyə aid digər xəbərlər