Bütün xəbərlər
Rauf Əliyev: "Bədii gimnastika üzrə dünya çempionatı Azərbaycanın təbliği üçün də böyük önəm kəsb edir"
Tarix: 14-09-2019 13:44 | Bölmə: Müsahibə

                                      

“Azərbaycan Avropa və dünya çempionatına ev sahibliyi edib. İndi yenə də bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçiriləcək”.
Bunu “Report”a Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı haqda danışarkən deyib.
Millət vəkili 61 ölkənin qatılacağı yarış Azərbaycanın təbliği üçün də böyük önəm kəsb edir: “Mudial bütün dünyada göstəriləcək. Bu cür yarışa ev sahibliyi etmək həm idmanın inkişafıdır, həm də siyasi məsələdir. Azərbaycan Bakı-2015 I Avropa Oyunlarına, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına, “Formula 1”ə, UEFA Avropa Liqasının finalına ev sahibliyi edib. İndi bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək. Gələn il UEFA AVRO-2020-nin 3 qrup və 1 final oyunu Bakıda təşkil olunacaq. Bütün bunlar Azərbaycanın təbliğatıdır”.
Əliyev bildirib ki, dünya çempionatının keçiriləcəyi Milli Gimnastika Arenası bu idman növü üzrə dünyada ən yaxşı zaldır: “Bütün dünya idmançıları Bakıya axışırlar, burada məşq edirlər. Harda maddi-texniki baza var, ora inkişaf var. Hazırda ölkəmizdə bədii gimnastikaya axın müşahidə edirik. Milli idmançılarımız son beynəlxalq yarışlarda medallar qazanıblar. Bu da inkişafın bir göstəricisidir. Son 12 ildə, qısa müddət ərzində Azərbaycanın I vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində idmanın bu növündə böyük uğurlar əldə olunub. Başlanğıcda bədii gimnastika üzrə cəmi 1 zalımız vardı və maddi-texniki baza yox idi. Əvvələr yalnız Bakıda bu növlə məşğul olmaq mümkün idisə, bu gün Mingəçevir, Gəncə, Göyçay, Qusar və digər bölgələrdə şöbələr yaradılıb. Artıq gənclər idmanın bu növünə meyl göstərirlər. İdmançılarımız qısa bir müddətdə 3 Yay Olimpiya Oyunlarında iştirak ediblər”.
Qeyd edək ki, bədii gimnastika üzrə Avropa çempionatı 16 – 22 sentyabrda keçiriləcək. Yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. 


Baxış sayı: 546


Bölməyə aid digər xəbərlər