Bütün xəbərlər
Qəbələdə tanınmış rəssamların iştirakı ilə "Art Zone Week" adlı simpozium başlayıb - FOTO
Tarix: 07-09-2019 22:24 | Bölmə: Mədəniyyət


           Qəbələdə tanınmış rəssamların iştirakı ilə "Art Zone Week" adlı simpozium başlayıb - FOTO

Bu gün Qəbələdə Azərbaycanın tanınmış rəssamlarının iştirakı ilə "Art Zone Week" adlı rəngkarlıq simpoziumuna start verilib.
APA-nın yerli bürosunun xəbərinə görə “Gilan Hospitality Group” tərəfindən həyata keçirilən sosial yönümlü bu layihənin əsas məqsədi rəssamlarının gözü ilə Qəbələni respublikamızın əsrarəngiz turizm bölgəsi kimi təşviq etməklə bərabər, rayonun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan gənclərə ustad dərsləri keçməkdir.
"ART Zone Week" də iştirak edən Azərbaycanın əməkdar rəssamları Müseyib Əmirov, Elyar Əlimirzəyev, Yelena Haqverdiyeva, Vüqar Muradov, eləcə də tanınmış fırça ustaları Elnur Babayev, Anar Hüseynzadə, Emin Əskərov Qəbələnin turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olaraq bir həftə ərzində rayonun müxtəlif guşələrində sərbəst mövzularda rəsm əsərləri çəkəcək.
Bu əsərlər növbəti dəfə keçiriləcək ənənəvi "Art Zone Week" yaradıcılıq həftəsi çərçivəsində sərgilənəcək.
Hazırda Qəbələdə təməli qoyulan və sentyabrın 13-dək davam edəcək bu yeni mədəniyyət tədbirini gələcəkdə xarici rəssamların iştirakı ilə, müxtəlif fəsillərdə keçirmək nəzərdə tutulur.
Rəssamlar onların yaradıcılıqla məşğul olması üçün Qəbələdə yüksək şərait yaradılmasından məmnundurlar. Fırça ustaları Bakıdan rayona, gözəl təbiət qoynuna gəldiklərini, Qəbələdə kənd həyatı, əsrarəngiz təbiətlə tanışlıq zamanı çoxlu yeni mövzular tapdıqlarını, gözəl təəssüratlarla maraqlı əsərlər çəkəcəklərini bildiriblər.
Azərbaycanda ilk dəfə təşkil edilən bu rəngkarlıq simpoziumunun əhəmiyyətini yüksək qiymətləndirən rəssamlar hazırda yağmurlu hava olduğu üçün Qəbələnin “Qafqaz Sporte” otelindəki emalatxanada təbiət təsvirlərindən maraqlı kompozisiyalar yaradırlar. Onlar sabahdan başlayaraq təbiətdə naturanı, öz təxəyyüllərinin məhsulunu kətan üzərinə köçürəcəklər.





























Baxış sayı: 565


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya