Bütün xəbərlər
Qadınlara laqeyd olan, yoxsul yaşayan, xəstəliyini vecinə almayan Xalq artisti
Tarix: 26-08-2019 15:56 | Bölmə: Mədəniyyət


Bu gün 26 avqust Xalq artisti Həsən Məmmədovun anım günüdür. Sabaha-inamla.Az Kulis.az istinadən bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

***
Həsən Məmmədov sadə bir ailədə, Salyan rayonunda doğulub. Sovet dövründə Salyana “Azərbaycanın Sibiri” deyirdilər. Hökumət kimi cəzalandırmaq istəsə işləməyə, uzun müddətli ezamiyyətə göndərərmiş.
***

Atası zəhmətkeş adam olub. Oğlunu da müəllim görmək istəyirdi. İstəmirdi ki, oğlu əzab-əziyyətin altına girsin, çətinliklə dolansın. Ancaq Həsən aktyor olmaq istəyirdi. Universitetdə oxuduğu illərdə aktyorluq sənətinə sevgisi onun yolunu teatra aparır. Müxtəlif teatrların yardım heyətində aktyorluq etməyə başlayır.
***
Oğlunun seçiminə qəzəbli olan ata rayonda eşidir ki, hər kəs bəh-bəhlə Həsənin yaratdığı obrazlardan danışır. Dolaşan bu söz-söhbətlər atanın ürəyini yumşaldır, daha onun seçiminə qarışmır.
***

Tamaşaçılar onu “Böyük dayaq”, “Arşın mal alan”, “Gün keçdi ”, “Arxadan vurulan zərbə”, “Birisi gün gecə yarısı”, “İstintaq”, “Sevil”, “Yeddi oğul istərəm” kimi filmlərindən tanıyıb sevmişdilər.
***
Kirayə qaldığı həyətdə ondan başqa tələbələr də qalırdı. Aralarında Lətifə adlı qız Həsənin ürəyinə od salmışdı. Çəkilişlərdən sonra qızın arxasınca düşərdi. Lətifənin tələbə qız rəfiqələri bundan qısqanclıq duyardılar. Çünki dövrün populyar aktyoru idi. Sonda Həsənin Lətifə ilə sevgisi uğurlu alınır. Tezliklə evlənirlər. Uzun müddət keçmir ki, yeni ailəyə ev də verilir.
***

Çox sadə, təvazökar, mülayim insan olub. Sovet dövründə aktyorlarla görüş keçirilərdi. Bu görüşlərdə Həsən Məmmədov həmişə arxa yerlərdə oturar, gözə girməzmiş. Özünə görə kiməsə ağız açmağı, xahiş etməyi sevməzmiş.
***
Film çəkilişlərindən sonra əksərən evə getmirdi ki, birdən rejissora lazım olar, filmdə nələrəsə əlavə edilər. Dostu danışır ki, bir dəfə qastrolda idik, ətrafda da qadınlar Həsənin başında pərvanə olub, amma onun heç vecinə də deyil. Dürtmələdim ki, adə, hərəkət elə, bax bir ətrafa. Mənə elə qəzəbləndi ki, cavab da verə bilmədim.
***

Azərbaycan kino tarixində ən çox müsbət obraz yaradan aktyor olub.
***
“Bəxtiyar” filmində gürcü mütəxəssislər ona heyran qalıblar. Gürcüstanda keçirilən müsabiqədə ən yaxşı aktyor kimi mükafata layiq görülüb.
***

Bir gün Lənkəran bölgəsindən çəkilişlərdən gəlirlərmiş. Gecədən çox keçirdi. Dostlar yeyib-içmək istəyir. Hər şeyləri varmış, bir çörəkdən başqa. İşıq gələn tərəfdə maşını saxlayırlar. Tofiq Tağızadə çörək alacam deyib düşür, ancaq əliboş qayıdır. Bu zaman Həsən Məmmədov çörək dalınca gedir. Adamlar gözləri böyümüş bayıra çıxdılar ki, Bəxtiyar gəlib. Tofiqə qapı açmayan adamlar Həsəni bağırlarına basıb öpürlər. Həsən onların arasından sivişib çıxır və deyir: “Məni Bəxtiyar eləyən bu kişiyə də salam verin”.
***
Rejissor Eldar Quliyevə “Bir cənub şəhəri” filmi üçün aktyor lazım olur. Ona Həsən Məmmədovu təklif edirlər. O da deyir ki, “Böyük Dayaq”dakı o Qaraşdan zəhləm gedir. Tale elə gətirir ki, rejissor aktyor seçimlərində məhz elə Həsəni seçir.
***

“Böyük dayaq” filmində bədbəxt hadisə baş verir. Belə ki, filmdə Rüstəm kişini - Ələsgər Ələkbərovu həqiqətən vurur.
***
Kino sənəti tarixində fəxri adlar, mükafatlar, təltiflər qazanmışdı, ancaq maddi anlamda çətinlik çəkirdi. Sovet vaxtı verilmiş evləri də dar idi. İstədiyi şeyləri də ailəsi üçün edə bilmirdi. Çünki xarakterli, şəxsiyyətli insan idi.
***

Ömrünün son illərinə yüksək qan təzyiqi xəstəliyindən əziyyət çəkirdi. Ancaq heç vaxt xəstəliyindən şikayətlənməzdi. Bir dəfə dostu görür ki, Həsən pörtüb. Soruşur ki, təzyiqin qalxıb? O da yox əşşi, nə təzyiq, yaxşıyam deyir. Dostu onu həkimə aparır. Məlum olur ki, təzyiqi 240-a qədər qalxıb. Özünə baxmır, xəstəliyinə laqeyd yanaşırdı. Sonda da bu xəstəlik onu dünyadan nakam köçürür. 2003-cü ilin avqustunda Həsən Məmmədov dünyadan əbədiyyən köçür.


Baxış sayı: 724


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya