20:43 / 21-08-2019
Xalq artisti vəfat edib
Qaçqın adını üstünə götürmək istəməyən SƏNƏTKAR: “Dostlarım məni təhqir edənləri çox sərt cəzalandırdılar”
Tarix: 04-08-2019 12:21 | Bölmə: Mədəniyyət
                        

Şamaxı xanının nəticəsi: “Mənimki belə gətirib ki, atam da olub, atalığım da…”
 
Uşaqlığımızın xarizmatik film qəhrəmanıdır. Bir-birinin ardınca çəkildiyi filmlər Azərbaycan kinosunun tarixidir. Yalnız “Arşın mal alan”da Süleymanı xatırlatmaq yetərlidir ki, qalan rolları gözlərimiz qarşısında sıralansın. Bu adı kim tanımır ki... Hacı Murad Yagizarov. 

Uşaqlığı


- Bakıda doğulub böyümüşəm, köklü bakılıyam. Atam hərbçi olub, anam müəllimə idi. Atam dağıstanlıdır, anam Şamaxı xanı Mahmud Əliyevin nəvəsidir. Ata tərəfimin hamısı ya diş həkimi idi, ya da zərgər. Ana tərəfin isə əksəriyyəti dövlət qulluğunda olub. Nazir, diplomat... 
Dayım da diplomat idi, istəyirdi ki, mən də onun yolu ilə gedim. Nəslimdə-kökümdə incəsənət adamı olmamışdı mənə qədər. Qonşumuz Ələsgər Ələkbərovun təsiri ilə mən tez-tez Dram Teatrının tamaşalarına gedirdim. İncəsənətlə bir peşə kimi məşğul olmaq ağlıma da gəlmirdi. İdmanla məşğul olurdum, boks üzrə Respublika çempionu idim. Voleybolla, üzgüçülüklə, karate ilə ayrı-ayrı vaxtlarda məşğul olmuşam. 
Orta məktəbin sonuncu sinfində məktəbin dram dərnəyinə düşdüm, görkəmimə görə məni kiçik bir idmançı rolunu oynamağa dəvət etdilər. Mühitə düşdüm, ardınca buraxılış gecəsi üçün bir tamaşa hazırladıq, orda da oynadım. Tamaşaya Ələsgər Ələkbərov da gəlmişdi. Ailəm iştirak etmədi, çünki məəttəl qalmışdılar ki, mən neyniyirəm, hansı peşəni seçmək istəyirəm, birdən incəsənəti seçərəm. Ələsgər Ələkbərovdan xahiş etmişdilər ki, baxsın görsün mənim incəsənətə bir aidiyyatım var ya yox. O, da baxdı tamaşaya və ailənin içində mənə dedi ki, sənin incəsənətə getməyin məsləhətdir, istedadlısan, səndə öz gəncliyimi görürəm.
Beləliklə sənədlərimi verib İncəsənət İnstitutuna qəbul olundum. Elə birinci kursda Ələsgər Ələkbərov məni “Uzaq sahillərdə” filminin sınaq çəkilişlərinə apardı ki, Mixaylo roluna çəkilim. Çox gənc olduğum üçün o rola məni götürmədilər, filmdə bir partizanı oynadım. Ondan sonra “Ögey ana”da çoban Ayaz obrazına çəkildim. 

Kino 

- O illər ərzində hansı filmə çəkildimsə, Ələsgər Ələkbərovla bir yerdə çəkildik. “Böyük dayaq” da həmçinin. Təhsil aldığım illərdə bir-neçə filmə çəkilmişəm. “Böyük dayaq”da Şirzad diplom işim oldu. Ardınca “Ulduz”, “Arşın mal alan”, “O qızı tapın”, “Bir cənub şəhərində”, “Arşın mal alan”. Əsasən Eldar Quliyevin filmlərində çəkilirdim, çünki uşaqlıq dostum idi. Həyatımda üç dəfə jurnalist obrazında oynamışam. “Həyat öyrədir”, “Əsas müsahibə”, “Bir cənub şəhərində ”... 

“Arşın mal alan”ın ssenarisini Tofiq Tağızadə mənə oxumağa verdi, oxudum və ondan xahiş etdim ki, Süleyman rolunu mənə versin, çünki o rolu özümə daha yaxın hesab etdim. Bu rolla öz köklərimə qayıdırdım.Süleyman öz mühitimin adamı idi, xaricdə təhsil almış, dövrünün intellektualı. 

Bir-birinin ardınca kinolara çəkilirdim, 35 film “Azərbaycanfilm”in istehsalıdır. NTV-nin Azərbaycanla birgə istehsalı olan “Dronqo”da nazir müavinini oynadım, iki Gürcüstan filminə çəkilmişəm, Almaniyada da iki filmə rol almışam. “Şpeyer və o” filmində Sovet polkovniki rolunu oynamışam, bir də “Şübhə altında” bədii filmində Azərbaycan naziri obrazına çəkilmişəm. Almaniyada “Məkkə” adlı filmdə də çəkilmişəm, onu azərbaycanlı çəkib. 

Teatr 

- Hələ tələbə ikən Rus Dram Teatrında işləməyə başlamışam. O vaxtdan 200 rol oynamışam, müxtəlif xarakterli rollarım olub. Bu da mənim həyatım. 

Rəsmi surətdə təqaüddəyəm, amma hamı bilir ki, aktyorun təqaüdə göndərilməsi onun ölümü deməkdir. Ona görə də demək olar ki, bütün tamaşalarda varam, oynayıram. 

İndi əvvəlkindən çox şey dəyişib, çünki epoxa dəyişilib. Çox işləyirdik, işimizin müqabilində qəpik-quruş alırdıq, amma gələcəyə - kommunizmə inanırdıq. Fəxri ad, orden, medal verirdilər, amma dolanışıq yox idi. Bizi Sovet dövlətimiz istismar edirdi. İndi heç olmasa çəkilişlərə görə o vaxt olduğundan çox qonorar alırıq. Düzdür, Moskva aktyorları ilə heç müqayisəyə gələ bilmərik, amma Allaha şükür, prezident təqaüdü alırıq. Fəxr etdiyim bir məqam var ki, yaxşı təhsilli, öz intellektini yüksəltməyə çalışan gənclik yetişməkdədir. Dünya miqyaslı tədbirlər bizdə keçirilir, bu da gözəl haldır. Bir-birinin ardınca teatrlar təmir olunur. Azərbaycan çox inkişaf edir. Hayıf ki, bizim həyatımızın çox uzun bir hissəsi keçid dövrünə düşdü. Bu keçid dövründə mədəniyyətimiz çox itirdi. Nəsillər arasındakı ardıcıllıq itdi. Böyük bir nəsil kadrları itirdik. Kadrlar getdilər, yerlərini tutan yoxdur, çünki ara böyük oldu. İndi yenilərinin yetişməsi üçün zaman gərəkdir. 

Şəxsi həyatı 

- Həm Almaniyada, həm də Bakıda yaşayıram. Ailəm ordadır, mən Bakısız qala bilmirəm, 10 gün sonra havam çatmır, qayıdıram Bakıya. Bakı üçün necə darıxıramsa, özümə yer tapa bilmirəm. Birdən hiss edirəm ki, artıq qayıtmalıyam, bunu heç nə ilə izah etmək olmur – vətəndir vəssalam. Gəlirəm məzarlığa  gedirəm, əzizlərimi ziyarət edirəm. 
Atalığım rəhmətə gedəndə ona layiq məzarüstü düzəltdirə bilməmişdim. Mənimki belə gətirib ki, atam da olub, atalığım da. O, böyük elm adamı idi, axır ki, ona layiq məzarüstü düzəltdirdim, bir az rahatladım. Hiss edirəm ki, bizdən sonra gələn nəsillər üçün belə məqamlar heç bir rol oynamayacaq, təəssüf ki, belədir, amma biz belə yetişmişik, bizim üçün ata, ana, böyüklərin məzarı ziyarətgahdır. Gəlirəm, hökmən onları ziyarət edirəm. 
Bakıya düşən kimi kerosin qoxusu məni vurur, onu ciyərlərimə çəkirəm, çünki bu Bakının qoxusudur, mənim uşaqlığımın qoxusudur. 

Arvadım, qızım, bir oğlan nəvəm var. Ailəm mənim hər şeyimdir. Onlardan danışmaq istəmirəm, gözə gələcəklərindən qorxuram. Onlar üçün yaşayıram, Allahdan sağlamlıq istəyirəm ki, onların qayğısına qala bilim. Heç kim onlara pislik edə bilməsin. 
Qızım xoreoqrafiya məktəbini bitirib, sonra da Xarici Dillər Universitetində təhsil alıb. Demək olar ki, dörd dil bilir. 

90-cı illərin əvvəli idi, xaos hökm sürürdü. Mən maşınımı saxlayıb teatra girmək istəyirdim, bir-neçə nəfər əllərində zəncir kəsdilər qarşımı ki, bizi Bayıla apar. Dedim ki, uşaqlar bağışlayın, mənim məşqim başlayıb, axşam tamaşam var. Girdim teatra, bir də gördüm arxadan dəhşətli səslər gəlir, çönüb gördüm ki, maşınımı salıblar dəmir, ağac, nə bilim əllərinə nə gəldi onun altına. Maşından əsər-əlamət qalmadı, qayıtdım geri, məni aldılar mühasirəyə, təhqiramiz ifadələr işlətdilər. Həmin məqamda əlimdə avtomat olsa biçərdim onları, çünki çox təhqir olunmuşdum, alçaldılmışdım. 

İllər keçdi, mən “Sovetski”də böyümüşəm, dostlara bu məsələni danışdım, onları çox sərt cəzalandırdılar. 

Həmin illər “Azadlıq” radiosundan Mirzə Xəzər mənə təklif elədi ki, gəl, burda işlə, vurda qal, səni də, ailəni də evlə təmin edirik. Dedi ki, çox az qalıb, Sovetlər Birliyi dağılmaq üzrədir, səni burda qaçqın kimi sənədləşdirək, bir dənə o sözə görə getmədim. Mən bakılı, azərbaycanlı kimi bunu edə bilməzdim. Ailəmin isə təhlükəsizliyi üçün onları göndərdim. Həqiqətən də çox keçmədi Sovetlər Birliyi dağıldı, o vaxt bu, heç ağla gəlməzdi. Mən elə bir ömür yaşamışam ki, heç kimi alçaltmamışam, satqın olmamışam, satılmamışam, sülh adamıyam. 

Müharibə olmasın, öz sənətimizlə məşğul olaq. Bu yaşımda məni yalnız uşaqların, müharibə görməyən uşaqların gülüşü xoşbəxt edər.


P.S. 2019-cu il iyulun 19-da Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, “Şöhrət” ordenli Murad Yegizarovun 80 yaşı tamam olub.

Murad Hacı Əhməd oğlu Yagizarov 1939-cu il iyulun 18-də Bakıda dünyaya gəlib. 1957-ci ildə orta məktəbi bitirib. 1957-58-ci illərdə "Azərbaycanfilm"in istehsalı olan "Ögey ana" filmində çəkilib. 1958-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) daxil olub. 1962-ci ildə bu ali məktəbi bitirəndən sonra S.Vurğun adına Rus Dram Teatrında aktyorluq fəaliyyətinə başlayıb. Çoxlu film və tamaşada müxtəlif rollar oynamış M.Yagizarov 1974-cü ildə əməkdar artist, 1982-ci ildə xalq artisti adlarını alıb, 1986-cı ildə Dövlət Mükafatına layiq görülüb.
Murad Yagizarov Şamazı xanı Mahmud ağanın nəticəsidir. Yagizarov soyadı yalnız onun nəslinə mənsubdur. Aktyorun ulu babası Şamaxı xanı Mahmud ağa Əliyev, babası İsmayıl bəy isə tanınmış vəkil olub. Vaxtilə aktyorun Dağıstanın Buynatsk şəhərindən olan ailəsini  varlı olduqları üçün 1917-ci ilin sosialist inqilabından sonra Sibirə sürgün ediblər. Xeyli cəhd göstərəndən sonra, atası Hacı Əhməd Moskvada rəhbər şəxslərdən birinin qəbuluna düşərək, ailəsini azad etdirə bilib. Sibirdən qayıdandan sonra, o nəslin nümayəndələrinin yarısı Mahaçqalada, yarısı Kislovodskda, yarısı Qafqazın başqa şəhərlərində məskunlaşıb. Murad Yegizarovun atası Hacı Əhməd isə Bakıya gəlib...
Modern.az




Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər
15-08-2019, 14:20 Murad Arifə nə olub?