Bütün xəbərlər
"Müğənnilər elə bil akademikdirlər, hamısı elmlər namizədi olub" - Tanınmış aktyor müğənniləri sərt tənqid etdi
Tarix: 17-10-2018 02:50 | Bölmə: Mədəniyyət

         

Aktyor Faiq Mirzəyevin Milli.Az-a müsahibəsi.
- Faiq bəy, yaradıcısı olduğunuz "Ömrün fəsilləri" verilişi artıq uzun müddətdir ki, efirdə yoxdur. Olmaya veriliş bağlanıb?
- Efirdə yoxdursa, demək ki, bağlanıb. Bu veriliş 2012-ci ilin sentyabrından 2017-ci ilin noyabrına qədər efir həyatı yaşadı. Özü də sponsorsuz. İlk qonağımız xalq artisti Həmidə Ömərova idi. Yəqin ki, onun ayağı sayalı olmuşdu bu verilişə. Onu da deyim ki, televiziyada sponsorsuz verilişlərin taleyi çox zaman uğursuz olur. Amma bizim rəhbərlik hər şeyə rəğmən uzun müddət "Ömrün fəsilləri"ni efirdə saxlaya bildi. Nədənsə sponsorlar elmə, təhsilə, mənəviyyata köklənən layihələrə maraqlı deyillər. Nə deyim? Veriliş bağlanmasaydı daha yaxşı olardı. Çünki hələ nə qədər ömrünün səhifələrini vərəqləmək istədiyim sənət şəxsiyyətini çəkə bilmədim.
- Verilişin yayımını dayandırmaq sırf öz istəyinizlə oldu?
- Bu cür maraqlı verilişin bağlanmasını mən necə istəyə bilərəm? Doğrusunu deyim ki, bu verilişlə nəfəs alırdım. Veriliş indiki televiziya məkanında bu formatlı proqramların guya reytinq verməməsi səbəbilə bağlandı. Bəzən öz-özümə fikirləşirdim ki, hal-hazırda efirlərdə yayımlanan verilişlərin fonunda "Ömrün fəsilləri" elə doğrudan da kimsəyə lazım olmayan bir veriliş idi. Düşünürdüm ki, doğrudanmı sənət xadimlərimizin, söz və musiqi ustadlarımınızın həyat və yaradıcılığı daha heç kəsi maraqlandırmır? Amma sonradan verilişi efirdə görməyən tamaşaçıların çoxsaylı sualları və verilişin bağlanmasına görə çox təəssüflənmələri məni bu fikirdən daşındırdı. Demək ki, maraq var idi. Xalq öz personalarını tanımağa maraqlıdır. 6 ilə yaxın bir müddətdə bu verilişin bir nəfər də olsun "elə-belə" qonağı olmadı. Hamısı bu xalqın sənət səlnaməsində öz möhürünü vurmuş insanlar idi.
- Bu verilişin bitməsi ilə televiziya fəaliyyətinizə son qoydunuz?
- Ömrümün 22 ilini televiziyaya həsr etmişəm. ARB televiziyası yarandığı ilk gündən orda olmuşam. Bu televiziyanın efirində ilk müsahibə alan, ilk canlı yayıma çıxan, ilk müəllif proqramı hazırlayan və s. və ilaxır ilklərə imza atanlardan biri də mən olmuşam. Düz 3 il "Gün başladı" səhər informativ proqramının həm rəhbəri, həm rejissoru, həm də aparıcısı olduğumu da tamaşaçılar unutmayıb. Bundan əlavə bir neçə başqa verilişlərim də olub. Yaradıcılıq deportamentinin direktoru vəzifəsinə qədər də müxtəlif vəzifələrdə işləmişəm. Amma özümə söz vermişdim ki, "Ömrün fəsilləri" bağlanan günü mən televiziyadan gedəcəyəm. Nə vəzifə, nə başqa bir layihə məni saxlaya bilməzdi. Odur ki, öz əhdimə sadiq qaldım. Mən bu verilişlə nəfəs alırdım.
- Yenidən televiziyaya qayıtmağınız üçün təklif gəldi?
- Təkliflər gəldi və gəlir də. Sadəcə mən hələ də ordayam... Orda eşitdiyim maraqlı həyat hekayələri, sənət taleləri, səhnə uğrunda gedən mücadilələr, verilən qurbanlar və daha nələr, nələr. Hələ də ordayam, "Ömrün fəsilləri"ndə. Onun təsirindən hələ də çıxmamışam.
- Ömrünüzün hansı fəslindəsiniz?
- Bilirsiniz bu sualla nə qədər söz və sənət sahiblərinə müraciət etmişəm. Fikirləşmişəm ki, nə zamansa bu sualı mənə ünvanlasalar cavabımın orijinallığı maraqlı olarmı? Demək olar ki, bütün fərqli cavabları almışam. Qonaqlarımın hərəsi bir cür təsvir edirdi özünü hansı fəsildə gördüyünü. Mənə ən yaxın olanı İradə Tuncayın cavabı olmuşdu: "Könlümdəki mövsümlərə uymaz bu təbiət. İnsanın içindəki mövsümlər birbaşa onun yaşadığı mühitlə bağlıdır. O mühitdə nə baş verirsə, sənin içindəki mövsüm odur". Məndə bu saat fəsli zimistandır (gülür).
 
- İki nəvə babasınız. Heç o yaşı vermək olmur sizə...
- Yaman yerdə yaxaladınız. Nəvələrimlə güllü-çiçəkli bahar fəslindəyəm. Yalnız onlar qışımı bahara çevirə bilirlər. O ki, qaldı yaş məsələsinə, insan onu əhatə edən hər bir şeyə sevgi ilə yanaşarsa özü də, qəlbi də gənc qalar. Sevgi ilə yaşamağı, saf niyyətli olmağı bacarmaq lazımdır. Gənc görünməyimin düsturu budur.
- Bir peşəkar televiziya aparıcısı olaraq müasir televiziyalarda nədən narazısınız?
- Çox şeydən. Desəm öldürərlər, deməsəm ölləm. Televiziya bütün evlərə çağırılmamış qonaqdır. Bu evlərdə neçə-neçə uşaqlarımız, gənclərimiz formalaşır. Onların mənəviyyatı, zövqləri həm də televiziyada gördüklərindən formalaşır. Efirlərimizin əksəriyyətində, bir neçəsini çıxmaq şərtilə zövqsüzlüq baş alıb gedir. Ölçü götürməzsə efir mədəniyyəti sıfırın altına düşmək təhlükəsindədir. Hərə öz dünyagörüşünü, öz əxlaq və mədəniyyətini götürüb gəlir efirə. Müğənnilər elə bil akademikdirlər. Hamı olub elmlər namizədi. Biz görmüşük müğənni efirdə oxuyar, rəqqas rəqsini edər, aktyor şeir deyər ya hansısa bir əsərdən monoloq deyər. Bunlar hamısı olub spiker. Özü də aparıcılar hərə bir bölgənin dialektini, şivəsini alıb efirə gəlir. Deyəsən artıq bacarmaq da mümkün deyil. Efirlərdə maafirləndirici heç bir şeyə rast gəlmək olmur. Hansını deyim? Bu hələ narazı qaldıqlarımın 1 ya 2 fazidir.
- Siz həm də aktyorsunuz. Bu sahədə nə kimi işlər görürsünüz?
- Televiziyaya aktyorluqdan gəlmişəm. Jurnalistikanı internews təlimlərindən mənimsəmişəm. Amma əsas sənətim aktyorluqdur. Neçə il müxtəlif teatrlarda çalışmışam. Ona görə də "Ömrün fəsilləri" mənə çox yaxın idi. Özümü orada tapırdım.
- Hal-hazırda hansısa filmdə çəkilirsiniz?
- Son filmlərimdən biri Mir Cəlal Paşayevin "Kəmtərovlar ailəsi" əsəri əsasında çəkilən "İki yad adam" filmi oldu. Ondan başqa iki komediya filmində çəkilmişəm. Bu yaxınlarda yəqin ki, ekranlara çıxacaq. Bu günlərdə isə Müslüm Moqamayev haqqında rus kinemotoqrafçılarının çəkəcəyi filmə dəvət almışam. Çəkilişlər yaxın günlərdə başlayacaq.
- Avropalı obrazları məharətlə yaradırsınız. Bu dəfə də əcnəbi roluna dəvət almısınız?
- Özüdür ki, var. Bu yay üç fərqli obrazda özümü sınadım. Fransız Jötem, İtalyan Covanni və yeni çəkiləcəyim Polşalı Pani professor. Tamaşaçını güldürməyi yox, təəccübləndirməyi və düşündürməyi çox sevirəm.


Baxış sayı: 677


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya