Bütün xəbərlər
NAXÇIVAN XALÇALARI ÜZƏRİNDƏKİ MOTİVLƏR
Tarix: 30-03-2020 01:40 | Bölmə: Mədəniyyət
Naxçıvan xalçaları ümumilikdə Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və elementləri, özünəməxsus şux rəng çalarları ilə zənginləşdirmişdir. Bu xalçaları bəzəyən əsas elemetlərdən şaquli istiqaməti zolaqlar, romblar, qarmaqlı həndəsi elementlər və s xalqın genetik yaddaşından silinməyən inanclar və təsəvvürlərlə bağlıdır. Toxunan naxışlar sistemi semantika müəllifliyindən asılı olmayaraq bir məkan üzərində real şəkildə və ənənəvi üslubda yerləşdirilərək xalçaya ritmik və dinamik ahəngdarlıq verir.
Naxçıvan xalçaları üzərində tez-tez rast gəlinən bir çox heyvan təsvirləri vardır. Bunlardan qoç, əjdaha, dəvə, at, ayı, və s kimi rəsmləri nümunə göstərmək olar. Araşdırmalar göstərir ki, qoç türkdilli xalqlar arasında uzaq keçmişlərdən müqəddəs heyvanlardan biri sayılmışdır. Qədimdə türklər yer allahına qoç, göy allahına at qurban kəsərmişlər.
Naxçıvan xalça sənəti nümunələri üzərində digər bir heyvan təsvirlərindən biri də əjdaha rəsmidir. Əjdəha motivi ən çox “Vərni”lərdə simmetriya əsasında yerləşdirilibdir. Onlar uzun quyruq və qoşabuynuzlu təsvir olunubdu. Adətən əjdaha təsvirinin daxili hissəsində, elə bil ki, su üzərində süzən quşlar toxunubdu. Yaşlı toxucuların verdiyi məlumatlara görə, bunlar əjdahanı suyun qoruyucusu kimi təmsil edirlər.
Naxçıvan xalçaları üzərundə tez-tez təsadüf edilən təsvirli motivlərdən biri də tovuzquşu rəsmidir. Xalılarda bu quşun obrazı çox stilizə edilmiş bir tərzdə tətbiq olunur. Xalça muzeylərində belə kompozisiyalı qoşa tovuzquşu təsvirli rəsmlərə tez-tez rast gəlmək olur. Yaşlı xalçaçı ustalarının verdiyi məlumatlara görə qoşa tovuz quşlarından biri erkək, o biri dişi olub ailə və ocaq obrazının təsviri kimi qəbul edilir. Xalça üzərində tovuzquşu təsvirinin belə geniş yayılması səbəbsiz olmamışdır. Toplanılan materiallardan məlum olur ki, uzaq keşmişlərdə tovuzquşu türkdilli xalqlar arasında müqəddəs ocağın tanrısı sayılmışdır. Azərbaycanda bu quşun rəmzi xarakter daşıyan təsviri də vardır. O, alov diliminə bənzər “buta”rəsmidir. Keçmişdə Azərbaycanda “tovuzlu”, ”butalı” adlı xüsusi xalılar toxunubdu. Xovlu xalçaların bəzəyinə çevrilən “buta” elementi isə öz bədii quruluşuna və texniki üslubuna görə digər məktəblərdən fərqlənərək, “Naxçıvan butası” adını daşıyır.
Naxçıvanın xovsuz xalçaları və xalça məmulatları üzərində qartal və qoşa başlı qartal təsvirləri də vardır. Babək rayonunun Payız kəndində XX əsrdə toxunmuş kilimin qırmızı rəngli ara sahəsi üzərində qara rəngdə qoşa başlı qartal təsvirləri işlənmişdir. Əski türklərdə qartal müqəddəs sayılaraq hakimiyyət nişanəsi idi. Qoşa başlı qartal türk uluslarının, türk cəmiyyətinin quruluşunun rəmzi idi. Biri xəzinə, digəri dövləti tərənnüm edirdi. Dövləti xəzinəsiz, xəzinənəni isə dövlətsiz təsəvvür etmirdilər.
Xalçalar üzərində quş motivli təsvirlərə daha çox rast gəlinir. Qədim türk mifologiyasına görə quş mistik dünyanın simvoludur. O, dünyasını dəyişdikdən sonra insanların ruhlarını əbədiyyətə qovuşduran vasitəçidir. Bu mənada quş müqəddəs məkanın elçisi, əbədiyyət rəmzidir. Quş yaşanan zamanla yaşanmış zaman, yəni ruhlar dünyası arasında əlaqə yaradan bir qüvvə sayılır. Bu, insanın dünyasını dəyişdikdən sonra onun ruhunun o biri dünyaya quş şəklində köçməsi kimi yozulur. Bu mənada da quş müqəddəs varlıq hesab edilir. Elə ona görədir ki, insan dünyasını dəyişdikdə xalq deyimində belə bir söz işlənir: “elə bil bir quş idi uçdu, getdi”.
Naxçıvan xalçalarında çox işlənən elementlərdən biri də nəbati naxışlardır. Bu naxışlar xalçalar üzərində iki formada-həndəsiləşmiş yəni düzxətli və əyri xətli toxunmuşdur. Xalçalar üzərində ən çox təsadüf edilən həyat ağacı, sərv, nar, palıd ağacları təsvirləridir. Ümumiyyətlə, ağac, bitki aləmi ilə ruhsal vəhdət, insanın, nəslin, soyun, icmanın nəbatatla bağlılığı türklər qədər heç bir xalqda mövcud deyil. Ağac, bitki, göylük, nəbatat türk mədəniyyətinin mühüm anlayışlarıdır. Xalça-bir simvoldur, Cənnətin cansız müjdəçisidir.
SARA HACIYEVA
AMEA Naxçıvan Bölməsi,
tarix üzrə fəlsəfə doktoru, dosent









Baxış sayı: 689


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya