Azərbaycanlı modelyerin yeni kolleksiyası Türkiyədə moda həftəsində nümayiş olunub
Tarix: 09-03-2020 15:50 | Bölmə: Mədəniyyət



Norveçdə yaşayan əslən Azərbaycanlı modelyer və diaspor fəalı Şervin Nəcəfpurun yeni kolleksiyası Türkiyədə moda həftəsində nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, gənc modelyer qürbətdə doğulmasına baxmayaraq, Azərbaycan həqiqətlərini, tarixi və mədəniyyətini daima yaratdığı yeni əsərlərində istifadə etməyi ilə tanınır.
Bu dəfə də Türkiyədə keçirilən “Antalya Fashion Week 2020” moda günlərində modelyer Şervin Nəcəfpurun "Milli mirasımızın mənşəyi" (Land of our origin) adlı kolleksiyasının nümayişi keçirilib. Ümumilikdə 15 geyimdən ibarət yeni kolleksiya Azərbaycan bayrağının rəngləri ilə yanaşı, üzərində "Qobustan" qayaüstü rəsmlərinin də yer aldığı libaslardan ibarət olub.
AZƏRTAC-ın xüsusi müxbirinə verdiyi məlumatda Şervin Nəcəfpur deyib: “Bir Azərbaycan-türk övladı olaraq, hər zaman çalışıram ki, vətən borcumu layiqincə ödəyəm. Hər bir sənət insanı fərqli mövzulardan ilham alır və hər zaman yeni işlərimi ərsəyə gətirdikdə çalışıram ki, öz tariximizdən və mədəniyyətimizdən istifadə edim. Bir çoxlarına məlumdur ki, uzun illərdir diaspor fəaliyyəti ilə də məşğulam. Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatının sədri kimi, missiyamız Norveç və Azərbaycan arasında əməkdaşlıq və dostluq münasibətini inkişaf etdirməkdir və Antalya Moda Həftəsində də fərdi olaraq işlərimi bir Azərbaycan və türk əsilli modelyer kimi nümayiş etdirmişəm”.
Yeni kolleksiyası haqda danışan modelyer qeyd edib ki, Norveç və Azərbaycanı birləşdirən Tur Heyerdalın nəzəriyyələrinə əsaslanaraq məhz Qobustan qayaüstü rəsmlərini yeni yaratdığı libaslarda istifadə etmək qərarına gəlib. “Milli motivlərimizdən istifadə etməyimin əsas səbəbi isə bizim tarixi mirasımızın dünyaya tanıtdırmaqdır”.
Qeyd edək ki, 1200-dən çox qonağın qatıldığı "Antalya Fashion Week 2020" modasevərlərin maraq və alqışla qarşıladığı "Milli mirasımızın mənşəyi" adlı kolleksiya Norveç mediasının da marağına səbəb olub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri






Baxış sayı: 55


Bölməyə aid digər xəbərlər
29-02-2020, 11:16 Xalq artisti vəfat etdi