Bütün xəbərlər
“Gənclik” xalq teatrının təqdimatında - “Mən bu cahana sığmazam”
Tarix: 05-12-2019 23:48 | Bölmə: Mədəniyyət



Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq nəinki ölkəmizdə, həm də dünyanın bir çox yerlərində silsilə tədbirlər və təqdimatlar keçirilir, kitablar çap edilir və şairin yaradıcılığına yenidən nəzər salınır. Böyük filosof şairin yubileyi münasibətilə hazırlanan səhnə əsərləri də böyük maraqla qarşılanmaqdadır.
AZƏRTAC xəbər verir ki, növbəti belə tamaşa dekabrın 4-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində təqdim olunub.
Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Mədəniyyət Mərkəzinin “Gənclik” xalq teatrının hazırladığı “Mən bu cahana sığmazam” adlı tamaşa böyük maraqla qarşılanıb.
Əsərin müəllifi Asif Cəfərli, tamaşanın quruluşçu rejissoru Nazim Çıraq, səs rejissoru isə Rəqsanə Babayevadır. Tamaşada rolları Elnur Abbasov, Əbdülhəsən Tağızadə, Arzuman Əhmədov, İsa Nəbiyev, Sevinc Məmmədzadə, Bayram Əhmədov, Nazim Çıraq, Zahir Qarabağlı, Rəşad Quliyev və Ayişən Bayramlı canlandırıblar.
Səhnə əsərində cərəyan edən hadisələri bir daha göstərir ki, Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir.
Tamaşada Azərbaycan lirikasının bənzərsiz nümunələrini yaratmış İmadəddin Nəsimi şeirlərinin insanın qüdrəti haqqında himn kimi səsləndiyi, onun şeirlərində kamil insan olmağa qüvvətli çağırışların ifadə olunduğu və şairin kamil insanı təkcə real dünyanın yox, geniş mənada kainatın ən uca varlığı kimi vəsf etdiyini bir daha öz əksini tapıb. İmadəddin Nəsimi yaradıcılığında ilhamla vəsf olunan kamil insan obrazı orta əsr Azərbaycan şeirində bədii sözdən yoğurulmuş əzəmətli insan heykəlidir.
Nəsimi poeziyasının fəlsəfəsini tamaşaçıya çatdırmağa çalışan səhnə əsəri böyük maraqla qarşılanıb.










Baxış sayı: 955


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya