Bütün xəbərlər
Vasif Talıbov:"Təhsil hər bir vətəndaşın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyini formalaşdırmasında, cəmiyyətin inkişafı və dövlət quruculuğunda yaxından iştirakında mühüm rol oynayan prosesdir"
Tarix: 20-08-2019 13:58 | Bölmə: Manşet
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının uğurla başa çatması münasibətilə tələbə adını qazanan məzunları, onların valideynlərini və bütün təhsil ictimaiyyətini təbrik edərək deyib: Hər bir xalqın inkişaf göstəricisi və dünya birliyində tutduğu mövqe onun təmsil etdiyi ölkənin təhsil səviyyəsi ilə ölçülür. Təhsili millətin gələcəyi sayan Azərbaycan təhsil siyasətinin banisi, ümummilli lider Heydər Əliyev bu sahəni ölkənin inkişafının prioritet sahəsi sayaraq deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq, hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanlar yaradılmalıdır”. Dahi rəhbərin təhsilin qarşısında duran vəzifələrlə bağlı tövsiyə və tapşırıqları Azərbaycanın strateji inkişafına xidmət edən, bütün dövrlər üçün aktual, yüksək dəyərli fəaliyyət proqramıdır.
Ali Məclisin Sədri deyib: Təhsil hər bir vətəndaşın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyini formalaşdırmasında, cəmiyyətin inkişafı və dövlət quruculuğunda yaxından iştirakında mühüm rol oynayan prosesdir. Bu prosesin fəal üzvü olmaq və uğurlu nəticə əldə etmək üçün hər bir gənc geniş dünyagörüşə və müasir tələblərə uyğun təhsilə malik olmalıdır. Qloballaşan dünyada yaşadığımız innovativ və dayanıqlı inkişaf dövrü yeni nəsildən daha mükəmməl təhsil almağı, elmi biliklərə və peşələrə dərindən yiyələnməyi tələb edir. Naxçıvan Muxtar Respublikasında da təhsil davamlı inkişaf dövrünü yaşamaqdadır. Naxçıvanda elm və təhsil quruculuğu müasir dövrün çağırışlarına və iqtisadi potensialın insan kapitalına çevrilməsinə əsaslanır. Yeni tikilən, yenidən qurulan məktəb binaları, yaradılan maddi-texniki baza, kadr hazırlığının müasir vəziyyəti və əldə olunan nailiyyətlər muxtar respublikada müasir təhsil mühitinin bugünkü inkişaf səviyyəsindən xəbər verir. Gənclərimiz yeni istifadəyə verilən məktəb binalarında qurulan qabaqcıl texnologiyalardan – sürətli internetə çıxışı olan kompüter, elektron lövhə, elektron kitabxana və distant təhsil imkanlarından yararlanmaqla ən müasir şəraitdə təhsil alırlar. İnnovativ inkişafa xidmət edən startap layihələrinin dəstəklənməsi və həyata keçirilməsi gənclərin innovasiya mühitinə inteqrasiyasını təmin edir. Bu səbəbdən, ümumtəhsil məktəblərini bitirən məzunlar ali və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticələr göstərir, gənclərimiz beynəlxalq layihələrdə uğurla təmsil olunurlar. Naxçıvan Muxtar Respublikasında gənclərin işlə təminatı diqqətdə saxlanılır, onlar ixtisaslı kadr kimi yetişərək ölkəmizin inkişafında, həyata keçirilən quruculuq tədbirlərində yaxından iştirak edirlər. İstedadlı gənclərə dövlət idarəçiliyi, ictimai-siyasi və iqtisadi sahələrdə böyük etimad göstərilir, müstəqil dövlətimizin inkişafı, möhkəmlənməsi və müdafiəsində onların potensialından geniş istifadə olunur.
Ali Məclisin Sədri deyib: Bu gün qarşımızda mühüm vəzifələr durur. Muxtar respublikamızda gənclər siyasətinin əsasını gələcəyin qurucuları olan yeni düşüncəli nəslin formalaşdırılması, milli ruhlu, vətənpərvər gənclərin hazırlanması təşkil etməlidir. Aparılan siyasət gənclərimizə öz tarixi keçmişini aşılamalı, mənəvi kamilliyə və əqidə saflığına xidmət etməlidir. Təhsil siyasətinin mühüm prinsipləri gənclərin milli dəyərlər əsasında tərbiyələndirilməsi, mənəvi cəhətdən sağlam və iradəli gəncliyin yetişdirilməsi olmalıdır. Ümummilli liderimiz Heydər Əliyev dövlət gənclər siyasətinin əsas məqsədini dövlətə və xalqa layiqli vətəndaş olmaqda görür və gənclərə müraciətində deyirdi: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsəd Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır!”. Bütün bu qeyd olunanları nəzərə alaraq, siz, vətənimizin və xalqımızın inkişafı naminə yaxşı təhsil almalı, seçdiyiniz ixtisası mükəmməl öyrənməli, öz peşənizin sahibinə çevrilməlisiniz. Hər biriniz müstəqil Azərbaycanın gələcəyi üçün məsuliyyət daşımalı, ana dilini və Vətən tarixini dərindən öyrənməli, milli dəyərlərimizə sahib çıxmalı, mənsub olduğunuz xalqın layiqli vətəndaşı olmalısınız.
Ali Məclisin Sədri tələbə adını qazanmış hər bir gəncə ümummilli lider Heydər Əliyevin dövlətçilik məktəbindən öyrənməyi, azərbaycançılıq ideologiyasına, milli dəyərlərimizə bağlı, yeni fikirli, müasir gənclər kimi müstəqil Azərbaycan naminə fəaliyyət göstərməyi arzulayıb.
Sabaha-inamla.Az











Baxış sayı: 477


Bölməyə aid digər xəbərlər