Bütün xəbərlər
“Mənim barəmdə deyirdilər ki, “Mixaylo şəhərdədir!” - HEYDƏR ƏLİYEV
Tarix: 14-07-2019 16:53 | Bölmə: Manşet


Bu gün görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 ili tamam olur.
Modern.az saytı Heydər Əliyevin milli mətbuatın yaradılmasının 125 illiyi münasibətilə jurnalistlərlə keçirdiyi görüşdəki çıxışından (22 iyul 2000-ci il) maraqlı hissəni təqdim edir:
Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələrkən fəaliyyətinin ilk dövründəki əhvalatlardan bəhs edib:
- "Mixaylo şəhərdədir". Mənim barəmdə bu söz 1969-cu ildə icad olunubdur. O vaxt mən birinci katib təyin edildim. Məni heç kəs tanımırdı. Çünki ondan əvvəl KQB-nin sədri idim, şəhərdə məni tanımırdılar. Mən 2-3 ay şəhərdə müxtəlif yerlərə-məsələn, mağazalara gedirdim, taksiyə, tramvaya minirdim ki, görüm, insanları aldadırlar yoxsa, yox? Ona görə də bundan sonra həmin söz yayıldı...
Mən nəyi gördüm? Mağaza müdirləri, taksi sürücüləri mənim portretlərimi ordan-burdan tapıb bir-birinə satmışdılar, vermişdilər ki, mağazaya gələn olanda bu portretə baxıb görsün ki, bu, Əliyevdir, yoxsa-yox? Məsələn, mən bir dəfə gedib ət növbəsinə durdum. Nəyə görə? Çünki o vaxt 3 növ ət var idi. Bu mənim yaxşı yadımdadır. Bunlardan biri 3 manat 20 qəpik, digəri 3 manat 50 qəpik, o biri isə deyəsən, 3 manat 80 qəpik idi. Qəssab nə edirdi? O üçüncü növ əti birinci növ əvəzinə satırdı, yaxud 3 kq ət verəndə adamları yarım kq aldadırdı. 
Mən 2-3 dəfə gedib növbəyə durdum. Məni də aldadanda onu tutdum, milisi və başqalarını çağırdım. Mən özüm şəxsən bir neçə dəfə belə etdim,-insanlar bilsinlər ki, axı belə iş görmək olmaz. 3-4 ay sonra bunu edə bilmədim, çünki məni artıq tanıdılar. Bax bu "Mixaylo" sözü də oradan yaranıbdır...
1969-cu ildə Azərbaycanın rəhbəri kimi mən fəaliyyətimə Azərbaycanda olan bütün mənfi halların tənqid edilməsi ilə başladım. Mən bu barədə böyük məruzələr etdim. İndi arxivlərdən götürüb baxmaq olar ki, 1969-cu, 1970-ci illərdə bütün dünya mətbuatında Azərbaycanda gedən proseslər haqqında məlumatlar verirdilər. Çünki Sovet Ittifaqında belə şey- rüşvətxorluğa qarşı bu cür mübarizə aparmaq mümkün deyildi. Amma biz vəzifəsindən sui-istifadə etdiyinə, rüşvət aldığına görə və başqa əməllərinə görə naziri, raykom katibini və başqalarını işdən çıxarırdıq və s."


Baxış sayı: 947


Bölməyə aid digər xəbərlər