Bütün xəbərlər
Əsası 50 il əvvəl Ulu Öndər tərəfindən qoyulmuş mədəniyyət strategiyası bu gün də öz bəhrəsini verir
Tarix: 14-07-2019 01:41 | Bölmə: Manşet



Bəzi obyektiv və subyektiv səbəblərdən 1960-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində - həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyillərin özünü göstərməyə başlaması respublikanın inkişafını getdikcə ləngitdi və bu, əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməyə, nəticədə isə sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə və əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan İttifaq səviyyəsindən geri qalmağa başladı. Belə bir ağır məqamda Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi və 1969-cu il iyul ayının 14-də Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildi. Bu hadisə ilə Heydər Əliyevin hakimiyyətinin birinci dövrü başlandı.
Bu fikirləri AZƏRTAC-a Azərbaycan Televiziyası Mədəniyyət kanalının direktoru Ramil Qasımov deyib.
Ramil Qasımov bildirib ki, hər zaman xalqının təəssübünü çəkən Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı. Böyük siyasi xadim iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultaylarının beş xüsusi qərarının qəbul edilməsinə nail oldu və həmin qərarların yerinə yetirilməsini təmin etdi. Bunun nəticəsi olaraq, 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə ən parlaq quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi.
Əlbəttə ki, bu sahələrdən biri olan mədəniyyət sahəsi də Heydər Əliyevin diqqət mərkəzində idi. XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı və böyük nailiyyətləri ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsi idi. Ötən əsrin 70-80-ci illərində onun rəhbərliyi ilə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatr, musiqi və kino sənətinə qayğının əsaslı şəkildə artmasını bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirmək lazımdır. Azərbaycanın qədim mədəniyyətə, incəsənətə malik olan bir xalq olmasını Ulu Öndər dəfələrlə vurğulayıb.
Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşaraq, milli dövlətçilik dəyərlərinin mədəniyyətdən asılı olmasını qeyd edirdi. Sağlam cəmiyyət quruculuğuna diqqətin artırılması, köklü mənəvi dəyərlərin yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılanması xalqın uğurlarının yeganə təminatıdır. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu Öndər rəhbərlik fəaliyyətinin bütün dövrlərində bu sahənin inkişafını diqqət mərkəzində saxlamış, teatrın, kino sənətinin, heykəltəraşlığın və rəssamlığın, xalça sənətinin bugünkü inkişafına xüsusi töhfələr vermişdir.
“Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər” fikrinin müəllifi olan Ulu Öndərin bu sahənin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən biri də mədəniyyət və incəsənət xadimlərinin daim dövlət qayğısı ilə əhatə olunmasından ibarət idi. Hələ sovet hakimiyyəti illərində S.Rüstəm, R.Rza, M.İbrahimov, S.Rəhimov kimi yazıçılara, Q.Qarayev, Niyazi, F.Əmirov, T.Salahov, M.Hüseynov kimi bəstəkar, rəssam və memarlara o zaman SSRİ-də ən yüksək fəxri adlardan olan “Sosialist Əməyi Qəhrəmanı” adının verilməsi Heydər Əliyevin böyük xidməti, onun Azərbaycanın görkəmli sənətkarlarına yüksək qayğısı idi. Sovet dönəmində Ulu Öndər qədər heç bir sənətkar bu fəxri adlara layiq görülməmişdi. Onun təşəbbüsü və rəhbərliyi ilə 70-80-ci illərdə Nizaminin 840, Nəsiminin 600, M.F.Axundzadənin 170, H.Cavidin 100 illik yubileyləri keçirilib.
O vaxt Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirərək, kinoteatr binalarının, muzeylərin inşa olunmasına nail oldu. Mədəniyyətin kadr potensialının gücləndirilməsi məqsədilə SSRİ-nin ən nüfuzlu incəsənət yönümlü ali məktəblərində Azərbaycan gəncləri təhsil alaraq Bakıya qayıdırdılar. Vaxtilə Sankt-Peterburqun, Moskvanın teatr, rəssamlıq, musiqi üzrə ali təhsil ocaqlarını bitirmiş gənclər bu gün Azərbaycan mədəniyyətinin aparıcı sənətkarlarıdır. Bu kadrların hazırlanmasında maraqlı olan Heydər Əliyev gələcəyi öncədən görərək müstəqil Azərbaycan üçün onların gərəkli mütəxəssis olacağını bilirdi.
Tarixin gizli səhifələrində xalqdan ayrı salınan milli ədəbiyyat və mədəniyyət nəhənglərinin üzə çıxarılması, bu yolla Azərbaycan dilinin böyük ədəbi yaddaşının bərpası, dilin daxili enerjisinin min illər boyu yığılan etnogenetik, ruhi-mənəvi potensialının oyadılması, hərəkətə gətirilməsi Ulu Öndərin misilsiz xidmətlərindən biridir.
Azərbaycanda kino sənətinin inkişafında da Ümummilli Liderin xüsusi rolu olub. O, bir sıra filmlərin hazırlanması və hələ sovet dövründə mövcud olan senzuradan keçməsində şəxsi təşəbbüslə çıxış edib. “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” filmləri məhz bu qəbildəndir.
Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə qayıtdılar, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycanda bir çox mədəniyyət müəssisələri təmir olundu, Filarmoniya təmirdən sonra yenidən istifadəyə verildi.
Hakimiyyətə qayıdışının ilk illərindən etibarən Ümummilli Liderin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsinin də inkişafı yolunda təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlandı. Mədəniyyət və incəsənətin inkişafının xalqın tarixi ənənələrinin qorunub saxlanması və dövlətin müasir ictimai-siyasi nüfuzunun yüksəldilməsi baxımından əhəmiyyətini dəfələrlə vurğulayan Ümummilli Lider bu istiqamətdə öz səylərini əsirgəməyib. Onun bilavasitə rəhbərliyi ilə ölkədə teatr və kino, musiqi və ifaçılıq sənətləri, rəssamlıq və təsviri sənət milli-mənəvi dəyərlərin qorunması prinsiplərinə uyğun inkişaf etdirilib. Ümummilli Lider tərəfindən irəli sürülən azərbaycançılıq fəlsəfəsi, milli və dövlət ideologiyası məhz bu dəyərlərə əsaslanıb. O, milli-mənəvi dəyərlərimizin ümumbəşəri dəyərlərlə zənginləşdirilməsinə də xüsusi önəm verib. Bunun nəticəsidir ki, Ümummilli Liderin şərəfli ömür yoluna və səmərəli ictimai-siyasi fəaliyyətinə həsr olunmuş müxtəlif ədəbiyyat, mədəniyyət və incəsənət əsərləri – məqalələr, kitablar, filmlər, musiqi və rəsm əsərləri, heykəltəraşlıq və memarlıq abidələri yaradılıb, onun adı küçə və prospektlərə, park və xiyabanlara, bilavasitə rəhbərliyi dövründə tikilmiş dövlət əhəmiyyətli binalara verilib.
“Kitabi-Dədə Qorqud” dastanının, Nizami, Nəsimi, Füzuli kimi dünya şöhrətli ədəbiyyat xadimlərinin yubileylərinin keçirilməsi, Molla Pənah Vaqifin, Hüseyn Cavidin məqbərələrinin inşa edilməsi, İmadəddin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının heykəllərinin ucaldılması, şəhidlərin xatirə kompleksinin və digər monumental sənət əsərlərinin yaradılması, ədəbiyyat və mədəniyyət xadimlərimizin ev-muzeylərinin yaradılması, “Gülüstan” sarayı, Opera studiyası, Xoreoqrafiya məktəbi memarlıq abidələrinin yaradılması Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə xalqımızın milli mədəniyyətinin misli görünməmiş yüksəlişinin təzahürləri idi.
Azərbaycanın xalq mahnılarının vurğunu olan Heydər Əliyevin Sərəncamı ilə 24 bəstəkar və musiqişünasa Prezident təqaüdünün verilməsi onun musiqi sənətinin inkişafına göstərdiyi qayğının təzahürü idi. Onlardan bir çoxu “Şöhrət” ordeninə layiq görülüb, Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Arif Babayev, Habil Əliyev kimi musiqi xadimləri “İstiqlal” ordeni ilə təltif olunub.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev də bu gün Azərbaycan mədəniyyətinin və incəsənətinin hərtərəfli inkişafı, beynəlxalq səviyyədə təbliği və dəstəklənməsi üçün əlindən gələn səyləri əsirgəmir. Onun Azərbaycan mədəniyyət və incəsənət xadimlərinin fəxri adlarla, orden və medallarla, Prezident mükafatları ilə təltif olunması ilə bağlı sərəncamları mədəniyyətimizin inkişafı üçün münbit zəmin hazırlayır və gələcəyə böyük ümidlər baxmağımıza şərait yaradır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Fondunun rəhbəri kimi mədəniyyət və incəsənətimizin inkişafı istiqamətində gördüyü işlər, xalqımızın maddi və mənəvi mədəniyyət nümunələrinin Ümumdünya İrs Siyahısına salınması, onların ölkəmizdə və ölkəmizdən kənarda təbliğ olunması üçün atdığı addımlar xüsusilə vurğulanmalıdır.
Bu gün ümummilli lider Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də elm, təhsil, mədəniyyət və incəsənətin inkişafına xüsusi qayğı göstərir. Dövlət başçısının imzaladığı bir sıra fərman və sərəncamlar respublikamızda bu sahələrin müasir dünya standartlarına uyğunlaşmasında böyük rol oynayıb. Son bir neçə il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı sayəsində elm, təhsil və mədəniyyətin ayrı-ayrı problemlərinə həsr olunmuş çoxsaylı dövlət proqramları hazırlanıb təsdiq olunub.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı və əməlləri tarixboyu yaşayacaq. Onun xalqımızın müasir tarixində qoyduğu silinməz izlərə - dövlətçiliyimizin bərpası, xalqın sosial-iqtisadi rifahının təmin olunması, milli və mədəni dəyərlərimizin qorunub saxlanılması və cəmiyyət həyatının digər sferalarında oynadığı rola bir daha nəzər salınır, keçirilən yüksəksəviyyəli elmi-praktik konfranslarda, simpoziumlarda, dəyirmi masalarda şərəfli ictimai-siyasi fəaliyyəti qiymətləndirilir.



Baxış sayı: 408


Bölməyə aid digər xəbərlər