Bütün xəbərlər
Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi qeyd edilib (FOTO)
Tarix: 08-07-2019 16:59 | Bölmə: Manşet



AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi ilə əlaqədar tədbir keçirilib.
İnstitutdan Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən İnstitutun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının taleyində böyük rol oynayan, hətta bir çox cəhətdən onu müəyyənləşdirən dahi şəxsiyyətdir.
Ulu öndərin 50 il öncə hakimiyyətə gəlişindən söz açan G.Baxşəliyeva Heydər Əliyevin Azərbaycan SSR KP MK-nın birinci katibi seçiləndən dərhal sonra qısa müddətdə respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdiyini, kadrlara qarşı tələbkarlığın, tapşırılan iş üçün məsuliyyətin artırıldığını qeyd edib. O, Heydər Əliyevin respublikanın sosial-iqtisadi və mədəni inkişafı, ittifaq miqyasında nüfuzunun və çəkisinin artması istiqamətində göstərdiyi böyük, titanik fəaliyyətindən danışıb. G.Baxşəliyeva ötən əsrin 70-80-ci illərini Azərbaycanın sosial-iqtisadi və mədəni yüksəliş dövrü kimi səciyyələndirib. Bu illərdə respublikamızın sosial-iqtisadi tərəqqisi yolunda əsl dönüş yarandığını, bu dövrdə kənd təsərrüfatının, sənayenin dinamik inkişafını, geniş sosial-mədəni quruculuq proqramı həyata keçirildiyini qeyd edib və həmin illərdə yaradılmış iqtisadi, elmi-texniki və mədəni potensialın gələcəkdə respublikanın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratdığını bildirib.
G.Baxşəliyeva Heydər Əliyevin 1982 ildə Sov. İKP MK Siyasi Bürosuna üzv və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsindən sonra bu imkanlardan da Azərbaycanın inkişafı naminə istifadə etdiyini və bütövlükdə 1969-87 illərin Azərbaycanın quruculuq salnaməsinə parlaq səhifələr kimi daxil olduğunu qeyd edib.
1993-cü ilin keşməkeşli yayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıtdığını və böyük təcrübəyə malik müdrik dövlət adamı kimi addım-addım ölkəni düşdüyü fəlakətli vəziyyətdən çıxartmaq istiqamətində titanik fəaliyyətə başladığını deyən Gövhər xanım, ulu öndərin qısa müddətdə ictimai asayişin bərpasına nail olduğunu, insanlarda gələcəyə böyük inam yaratdığını, ölkəmizin yüksək iqtisadi yüksəlişinin, müstəqil Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi inkişafının əsasını qoyduğunu vurğulayıb.
G.Baxşəliyeva Heydər Əliyevin qurduğu Azərbaycan dövlətinin sükanı arxasına onun siyasi kursunun ən layiqli davamçısı - Prezident İlham Əliyevin onun ideyalarını yaşadaraq, çiçəklənən Azərbaycanı daha uca zirvələrə apardığını deyib.
Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı AMEA ak. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu partiya təşkilatının sədri fil.ü.f.d. Lalə Bayramova, İnstitutun Din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəl.ü.f.d. Esmeralda Həsənova, Mərkəzi Aziya şöbəsinin müdiri, i.ü.e.d. Dünyamalı Vəliyev, Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Bəşarət Bəşirova və başqaları çıxış edərək Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı rolundan, həm sovet dövründə, həm də müstəqillik illərində ümummilli liderin rəhbərliyi altında Azərbaycanda aparılan quruculuq işlərindən, ulu öndərin elmə, təhsilə, mədəniyyətə göstərdiyi diqqət və qayğıdan danışıblar.



















Baxış sayı: 368


Bölməyə aid digər xəbərlər