Bütün xəbərlər
Yaxşı elçiyə zaval yoxdur - Azərbaycanın üzünü ağ edən DİPLOMATLAR
Tarix: 07-07-2019 10:51 | Bölmə: Manşet


Ölkəmin və şəxsiyyətlərinin adlarının qarşısında 100 rəqimini və ondan sonra sıralanan rəqəmləri görəndə ürəyim göy səmada dalğalan üçrəngli bayrağımız kimi pırıl-pırıl titrəyir. Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) və Ordumuzun yaranmasının 100 ilini qeyd etmişdik. İndi  o yüzildən bizə yadigar və miras qalan şanlı günlərin tarixləri gəlir. O şanlı tarixlərimizdən biri də AXC-nin diplomatiya tarixidir.  

İllərdən 100 il keçib, günlərdən həmin gündür. Türk dünyasında, müsəlman Şərqində  yenicə müstəqilliyini elan etmiş Azərbaycan adlı bir ölkə, bu torpağın yetişdirdiyi vətən fədailəri – Musa bəy Rəfiyev, Əhməd bəy Ağaoğlu, Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Nəsib bəy Yüsifbəyli, Məmməd Yusif Cəfərov, Xəlil bəy Xasməmmədov, Əbdürəhman bəy Haqverdiyev, Adil Xan Ziyadxanov, İbrahim Əbilov, Yusif Vəzir Çəmənzəminli – banisi Məhəmməd Əmin Rəsulzadə olan Azərbaycan Xalq Cümhuriyyətinin həm də  ilk diplomatları oldular. AXC Milli  Şurasının sədri M.Ə.Rəsulzadənin və M.H.Hacinskinin ən böyük xidmətlərindən biri Batum Konfransında Azərbaycanın mənafeyini ləyaqətlə müdafiə etmələri olmuşdu. Konfransda bağlanan “Osmanlı İmperator hökuməti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasındak dostluq müqaviləsi” Azərbaycan Cümhuriyyətinin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsinin əsasını qoydu. 1919-cu ildə AXC parlamentinin sədri Ə.M.Topçubaşovun Paris Sülh Konfransında iştirakı diplomatiya tariximizin ilk qızıl səhifəsini yazdı. 

1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib. 11 yanvar 1920-ci ildə Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi de-fakto tanınandan sonra hökumət tərəfindən Qərbi Avropa və Amerikada Azərbaycanın diplomatik nümayəndəliklərinin təsis edilməsinə dair qanun layihəsi hazırlandı. Azərbaycanın ilk xarici işlər naziri Məmmədhəsən Hacınski təyin edildi. AXC-nin 1920-ci il yanvarın 11-də qalib dövlətlərin Ali Şurası tərəfindən de-fakto tanınması, hökumətin xarici işlər naziri F.X.Xoyskinin Sovet Rusiyası ilə apardığı danışıqlar onun diplomatiya tarixinin unudulmaz məqamlarına çevrildi.
Zaman türk dünyası ilə çox zaman qəddar davranıb. Müstəqilliyimiz qaranlıqlara qərq olandan sonra,  Sovet İttifaqında yaşamağa məhkum olduq. Lakin Azərbaycan torpağı, Azərbaycan anaları  dövrün hər zamanında bu Vətənin, bu torpağın qədrini bilən, təəssübünü çəkən övladlar doğub.  Azərbaycan SSRİ-nin tərkibində də işıqlı diplomatlar yetişə bildi. Həmin dövrün qanunlarına görə bizim diplomatiyamız aktiv-siyasi diplomatiya olmasa da,  ölkəmizin mədəniyyəti, ədəbiyyatı, iqtisadiyyatı, tədris-təhsil sistemində  alt qatla  diplomatiyada öz dəsti-xəttimizi yaza bildik. 

SSRİ Xarici İşlər Nairliyinin tərkibində işləyən azərbaycanlılar diplomat kimi dünyanın yaxın - uzaq ölkələrində çalışdılar. Harada oldularsa, bir azərbaycanlı izi qoya bildilər. 

Yazımın bu məqamında,  ötən il İndoneziyada qonağı olduğumuz Səid İrandostun kiçik, lakin mənaca çox ağır yükü olan  bir xatirəsini yenidən xatırlamaq istəyirəm: 

“1979-cu il idi. Təbrizdən İsveçin Uppsala şəhərinə ali təhsil almağa gəlmişdim. Bir gün qəzetdə elan oxudum ki, Azərbaycan Sovet Respublikasından buraya konsert verməyə böyük mahnı və rəqs ansamblı gəlir. Bizim olduğumuz şəhərdə də konsert verəcəklər. Gedib bilet aldım. Rəşid Behbudov, Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadəni üz-üzə görəcəkdim. Bu vaxta qədər onların səslərini radioda eşidib, üzlərini görməmişdim. Azərbaycan eşqli bir insan üçün bundan bötyük xoşbəxtlik ola bilməzdi. Konsert zalı ağzınacan dolu idi. İsveçlilər də gəlmişdilər tamaşaya. Arada gözüm boylu-buxunlu cavan bir kişiyə sataşdı. Bakıdan olduğunu bildim. Həvəslə ona yaxınlaşıb tanış oldum. Dedi ki, o, bu ansamblın rəhbəri kimi gəlib. Dedim ki, gəlib oteldə də sizinlə söhbət etmək istəyirəm. Razılaşdıq. Bir Allah bilir ki, səhəri dirigözlü açdım. Həyatımda ilk dəfə Şimali Azərbaycandan olan insanla üz-üzə, göz-gözə söhbət edəcəkdim. Bir qutu şokalad da alıb, səhər saat 7-8 radələrində getdim onların qaldığı otelə. Zəng vurdum. Lobiyyə düşdü, hardasa yarım saat söhbət etdik. O zamandan qəlbimdə o işıqlı insanı - İbrahim Hacıyevi bir xoş xatirə kimi hər zaman yaşatdım. 2008-2010-cu illər idi. Tailanddan İndoneziyaya rəsmi görüş üçün gəlirdim. Qardaşım mənə zəng vurub dedi ki, “Səid, Azərbaycan İndoneziyada təzə səfirlik açıb. Oradakı səfirin adı da İbrahim Hacıyevdir. Bu, bizim 1979-cu ildə gördüyümuz kişi olmaya? Bir maraqlan”. Cakartada oteldə yerləşəndən sonra Azərbaycan səfirliynə telefon açdım. Bir kişi dəstəyi qaldırdı. İngilis dilində özümü təqdim edib, səfiri soruşdum, onunla görüşmək istəyimi bildirdim. Birdən dəstəyin o üzündəki adam da ingilis dilində “İsveçdən olan Səid İrandost?”- deyə soruşdu. Özümü təsdiq etmək əvəzinə çaşbaş qalıb “Siz həmin İbrahim Hacıyevsiniz”- deyə, yenə sual etdim. Dedi, “Əlbəttə”. Dedim ki, “Siz məni necə unutmamısınız?”. Dedi ki, “Necə ki, sən unutmamısan, eləcə də mən səni unutmamışam. Necə ola bilər ki, sən məni unutmayasan, mən səni unudam?!”.
İlk görüşümüzdən 30 il keçmişdi. Hələ lap gənc ikən etdiyim seçimimdə, hissiyatımda yanılmamışdım. Mən adi bir gənc tələbəni hələ sovet illərində belə böyük bir mənsəb sahibi olan İbrahim Hacıyev xatirində saxlamışdı. O gündən yaranan əlaqələrimiz indi də davam edir. Mən çox sevinirəm ki, doğma Azərbaycanımızı uzaqlarda belə mötəbər, tərbiyəli və peşəkar, ciddi, işini bilən bir diplomat təmsil edir”.

1991-ci ildə Müstəqilliyimizi bərpa edəndən sonra təcrübəsizlik və peşəkarlığın olmaması üzündən  ərazi bütövlüyümüz yenidən pozuldu. Müstəqilliyimiz bizə torpaqıarımızın itirilməsi  bahasına başa gəldi.  Eyni ilə 1918-ci il may ayının 28-də olduğu kimi. O zaman da Müstəqilliyimizi əldə edək deyə, böyük güclər İrəvanı bizdən alıb ermənilərə verməklə Qafqazda ömürük bir münaqişə ocağı yaratdılar. Tarix təkrar olundu. Lakin tarixin kələfinin düyünə düşdüyü məqamlarda  müqəddəs və sirli Azərbaycan torpağı, Göy Tanrısı bu yerləri qorumaq üçün hər zaman kiməsə izn verir ki, ölkəyə sahib çıxsın. Həmin qarışıq və keşməkeşli zamanda Heydər Əliyevin hakimiyyətə dönüşü  həm də diplomatiyamızda yeni bir dönüş yaratdı. 


Heydər Əliyev Azərbaycanın xarici doktrinasını müəyyən etməklə, neft diplomatiyasını diplomatik gedişlərin lokomotivinə, təbii resurslarımızı siyasi resurslara çevirdi.  Amerika, İngiltərə, Almaniya, Türkiyə, Rusiya, Çin, Yaponiya və digər siyasi gücü olan ölkələrlə eyni masa arxasında oturub, ölkəmizin təhlükəsizliyinin təminatının əsası olacaq iri miqyaslı transmilli layihələrimizin danışıqlarını apararaq, nəticə əldə etdi. Ölkəmizin maaddi maraqlarına ortaqlıq yaratdı. Mənim taleyimin 10 illik bir kəsimi ölkəmizdən kənarda diplomatlarla birlikdə işləməyə təsadüf edir. Peşəm jurnalist olduğundan Mərkəzi Asiyada işləyəndə  və dünyanın başqa ölkələrində keçirilən  beynəlxalq simpozium və konfranslarda  diplomatlarımızı müşahidə etmişəm. Belə qənaətə gəlmişəm ki,  kolxoz sədrindən diplomat olmaz. Diplomat təpədən dırnağa, bədənindəki damarları ilə Vətəni hiss etməlidir. Geyimi, danışığı, açdığı süfrəsi, ləyaqəti, keçirdiyi görüşləri, ailəsi və ətrafında cəmlədiyi kollektivi ilə Azərbaycanı təbliğ etməlidir.
Ölkənin maraqlarını təmsil etmək, gələn təhlükəni görmək, vaxtında qərar vermək həm də diplomatik intuisiya məsələsidir. Bu gün ölkəmizin xaricdə qazandığı uğurlarında ləyaqəti olan  diplomatlarımızın hər birinin rolu var. 

Vətənimizin başının üstünü alan qara buludlar, uzun illərdən bəri erməni hərbi birləşmələrinin etdiyi təcavüzlər, işğal olunmuş ərazilər barəsində hazırlanan hüquqi sənədlərin hər birində diplomatlarımızın dəsti-xətti var. O dəsti-xəttin gücüdür ki, BMT Qarabağ Probleminin həlli məsələsində 4 qətnamə qəbul edib.
Diplomatiyada qazandığımız uğurumuzun  bir səbəbi də dünyanın ən nüfuzlu diplomatlarını yetişdirən MQİMO-nun məzunu, Heydər Əliyevin siyasi məktəbini keçmiş Azərbaycan prezidenti İlham Əliyevin çoxşaxəli gedişləridir. Azərbaycan dövlətinin yeni strategiyası, yeni diplomatik gedişləri prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş, ardıcıl, proqnozlaşdırılan və müstəqil siyasət şəklində təsbit edilir.  Bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq, bizim siyasi addımlarımız 5 il üçün deyil, uzunmüddətli bir uzaqgörənliklə, ən azı 50 il sonraya hesablanır. 

Bəs bu dostluq körpüsünü yaradanlar kimlərdir? Ədəbiyyatımızı, tariximizi, mədəniyyətimizi də göz bəbəyi kimi qoruyub, böyük və kiçik dövlətlərin içərisində diplomatik fəaliyyət göstərən diplomatlarımız, FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRlərimiz!!!
Bu şərəfli və gərəkli, həm də ki, siyasi yüklü peşəni yerinə yetirən, 1991-ci ildən sonra Müstəqil Azərbaycanın diplomatiya tarixinə adlarını yazan bir neçə hörmətli səfirimizin adnı bu gün çəkməyim yerinə düşər.

Bu gün Azərbaycan 183 xarici ölkə ilə diplomatik əlaqələrə malikdir. Azərbaycanın 59 ölkədə səfirliyi, 9 şəhərdə baş konsulluğu, 17 ölkədə fəxri konsulluğu, 19 beynəlxalq təşkilat yanında nümayəndəliyi fəaliyyətdədir.


Həsən Həsənov.
 1992-ci il aprelin 2-dən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi və fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyətə başlayıb. Sonra səmərəli işi nəzərə alınaraq, 1993-cü ilin sentyabrında onu bu vəzifəyə təkrarən təyin ediblər.  BMT-də işlədiyi müddətdə  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı, yuxarıda adını çəkdiyim 4 qətnaməni təsdiq etdirib.  Daha sonra, 1993-1998-ci  illərdə Azərbaycanın xarici işlər naziri vəzifəsində işləməklə Cümhuriyyət sələflərinin yolunu şərəflə davam etdirib.  Həsən Həsənov həm də Müstəqil Azərbaycan Respublikasının ilk fövqəladə və səlahiyyətli səfiri olmaqla yanaşı, həm də ilk Baş naziri kimi tarixə düşüb. 
O bu gün ölkəmizin Polşa Respublikasındakı səfiridir. Azərbaycanın gizlin tarixləri haqqında yazdığı əsərlər isə respublikamızın mənəvi sərvətinə çevrilib.


Namiq Abbasov.
 Azərbaycan vətəndaşları və siyasətçilərin yaddaşında daha çox eks-milli təhlükəsizlik naziri kimi qalmış general Namiq Abbasov, xidməti vəzifəsindən ayrıldıqdan sonra, 2004-2012-ci illərdə ölkəmizin Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri işləyib. Tale elə gətirdi ki, mən Azərbaycan Televiziyasının Mərkəzi Asiya və Qazaxıstanda  xüsusi müxbir postunun rəhbəri  işlədiyim zaman kəsiyində bu böyük insanla tez-tez görüşməli oldum. Vətən təəssübünü bu qədər çəkən, vətəndaşına bu qədər dəyər verən bir insanı tanıdığıma görə Tanrıya çox minnətdaram. Onun Daşkənddəki səfirliyimizdə Özbəkistan dövləti ilə qurduğu incə əlaqələr, səfirlikdə qurduğu iş üsulu, həyat tərzi, alicənablığı və toxgözlüyü komandasında çalışan hər kəs üçün nümunə oldu. Şərqin bu incə yerində incə məsələləri elə düzüb-qoşdu ki, hər iki qardaş xalq onun əməyindən qazandı. Səfirliyin  binasında olan hər kəs onun öyüdlərindən, məsləhətlərindən bir işıq aldı. Azərbaycan diasporunu təmsil edən, burada yaşayan hər bir azərbaycanlıya səfirliyin qapıları doğma evi kimi açıq oldu. Abır, həya, ləyaqət timsalı kimi hər bir azərbaycanlının ürəyində özünə heykəl ucaltdı.


Eldar Həsənov.
 Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsindən getdikdən sonra, 2001-ci ilin mart ayında ölkəmizin Rumıniyadakı səfiri təyin edilib. Azərbaycan Respublikasının Cənub-Şərqi Avropa regionunda ilk səfirliyi onun fəaliyyəti ilə bağlıdır. Cənab Eldar Həsənovun fəaliyyəti ilə bağlı 2016-cı ilin noyabr ayında Bosnya və Hersoqovinada səfərdə olarkən aldığım müsahibədən bəzi sitatları bu yazıya da əlavə edirəm. 
“Diplomatiyanın özü hüquqi sənədlərlə tənzimlənir. İstər dövlət idarəsində, istər diplomatik sahədə çalışanda gərək insan ilk növbədə dövlətçiliyə bağlı olsun. Ən vacibi isə odur ki, qanınla, canınla, varlığınla torpağını, Vətənini sevəsən. Vətənin daşı olmağı bacarasan. Vətəninin tarixini, musiqisini, incəsənətini bilməyincə, ən incə bir xalçasının naxışından xəbərin olmayınca, xarici dövlətlərdə həmsöhbətinlə ünsiyyət yarada bilməzsən...
Dövlətimizin xarici siyasət kursu mövcuddur.  O kursu həyata keçirmək üçün ətrafımda olan peşəkar diplomatların köməyi ilə dövlətimiz, millətimiz adına nəyəsə nail ola bilmişik. Azərbaycan dövləti indi xarici siyasətini özü müəyyən edir. O siyasəti korrektə etmək, istiqamətləndirmək ölkəmizin Prezidentinin səlahiyyətindədir.  Biz sadəcə icraçıyıq. Qalan hissəsi vicdana yönəlir.  Vicdanlı icra isə məsuliyyətli və yaradıcı icradır. Bu işdə prioritet olan üstün tərəflərin həyata keçirilməsi isə xüsusi diplomatik peşəkarlıq tələb edir. Mən də bunu bu ötən illərdə oxuduğum kitablardan, tanış olduğum ölkələrin diplomatik təcrübələrindən yararlanmaqla həyata keçirməyə çalışıram. Bu işdə də payıma icraçılıq düşüb. Bu məsələdə də siyasi qərar dövlətimizə məxsusdur...
Dunay çayı sahillərində Üzeyir  Hacıbəyovun adına böyük bir abidə kompleksi ucaltdıq ki, mədəniyyətimizdən xəbərləri olsun, necə olsa da, bosniyalılarla kökümüz eynidir. Türk kökənliyik. Bunun ardınca Musiqi Akademiyasında Üzeyir bəyin adına təqaüd təsis etdik. Montenoqronun Kral Parkında isə Hüseyn Cavidin heykəlini ucaltdıq… 
Sarayevonın Dobrını çayı sahilində yerləşən Dostluq parkında hər iki millətin soyqırımını, Srebrennitsa və Xocalı soyqırımlarını əks etdirən baş-başa vermiş qoşa ana heykəllərinin ucaldılması… bunların hamısı bizim kimliyimizi, tariximizi, mədəniyyətimizi, müasirliyimizi, ən yaxın tariximizdə baş verən faciələrimizi və həqiqətlərimizi ortaya qoymağa imkan verir”. 
Eldar Həsənov 2013-cü ildən Azərbaycan Respublikasını 3 ölkədə - Serbiya, Monteneqro və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri kimi təmsil edir.

Rəşad Məmmədov.
 Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli  səfiri. Cənab Məmmədovla ilk görüşümüz Aktau şəhərində baş tutmuşdu. Aktauda Baş konsulluq yaradılsa da, nə binamız, nə yerimiz var idi.  Oturmağa stol da yox idi. Lakin qısa müddət  ərzində gənc diplomat, baş konsulun səyləri nəticəsində diplomatik korpus üçün gözəl bir bina quruldu.  Manqistau vilayəti onun işlədiyi dövrdə qeyri-neft sektoru sahəsində Azərbaycan dövlətinin əsas  tərəfdaşına çevrildi. Manqistau vilayətində Azərbvaycanın investorluğu ilə gəmi təmiri, plastik-boru, poladtökmə, transfarmator zavodları quruldu. Transmilli dəmir və dəniz yollarının layihələrinin hazırlanmasında onun da imzası gələcək tarixə yadigar qalacaq. Rəşad Məmmədovun Azərbaycan adına keçirdiyi möhtəşəm tədbirlər baş konsul  işlədiyi ölkədəki siyasi və dövlət xadimləri ilə yanaşı, azərbaycanlı həmyerlilərimizin də yaddaşına yazıldı. Qərbi Qazaxıstanda monolit bir diaspor yaratdı. Onun baş konsul olduğu müddətdə bütün sənədsiz azərbaycanlılar təkcə dövlət rüsümu ödəməklə Aktau şəhərində Azərbaycan pasportu ala bildilər. Azərbaycan pasportunu yaşayıb –işlədikləri ölkənin səfirlik və konsulluğunda əldə etmək kimi gözəl bir ənənənin əsasını qoydu. Azərbaycan prezidenti onun bu əzmkarlığını görüb, daha yüksəyə - Qazaxıstandakıı səfirliyimizə göndərdi. Nəticədə R.Məmmədov Azərbaycan və Qazaxıstan arasındakı dostluq və əməkdaşlıq əlaqələrinə yeni impuls gətirdi. Astanada  ölkəmizin Böyük elçisi kimi fəaliyyətə başlayandan sonra, Azərbaycanın ən böyük şirkətləri  qardaş ölkədə fəaliyyətə başladı, ən böyük investisiya layihələri burada reallaşdı. Bu layihələrin uğurla həyata keçirilməsi səfirliyin düzgün koordinasiyası və düzgün qəbul etdiyi qərarlarla bağlıdır.  Azərbaycanın erməni qəsbkarları tərəfindən işğal olunmuş ərazilərində baş verən həqiqətləri Qazaxıstanın adlı-sanlı  ali təhsil müəssiələrində tələbələr qarşısında oxuduğu mühazirələrdə dilə gətirməklə, tariximizi, mədəniyyətimizi və ədəbiyyatımızı qazaxıstanlı gənclərə tanıtdı. 2016-cı ilin aprel ayındakı Aprel döyüşləri ərəfəsində Azərbaycan səfirliyi Mərkəzi Asiya Respublikalarının kütləvi informasiya vasitələri üçün  mətbuat mərkəzinə çevrildi.  Qazaxıstan prezidentinin Azərbaycana uğurlu səfərlərini təşkil etdi. Hazırladığı hər bir layihə, fikirləşdiyi hər yeni ideya dostluğa, əməkdaşlığa bir yeni naxış vurdu. Azərbaycan xalqının nümayəndələrinin nüfuzunu qorudu. Bu gün də Qazaxıstanda yaşayan, doğulan, işləyən azərbaycanlı həmyerlimiz ağrılı bir işləri olanda, sevincli anları olanda yanlarında səfir Rəşad Məmmədovu görürlər.  Qazaxıstanda yaşayan 300 minlik azərbaycanlı ona güvənir və inanı. O baş konsul olanda da,  hazırda səfir kimi fəaliyyət göstərdiyi məqamda da günlərini  kabinetdə keçirmir. Qazaxıstanın 17 vilayətini bir-bir gəzib, bu ellərdə yaşayan həmyerlilərimizlə görüşüb, dərdlərini və problemlərini dinləyir. Və hətta  bəzi yerlərdə belə bir mesaj da verib ki, mənim vətəndaşıma kəm baxsanız, qarşınzda Azərbaycan dövlətini görəcəksiniz. Bu jest dövlətimizin vətəndaşına verdiyi dəyərdir.  
Uzun illərdir ki, tez-tez qardaş Qazaxıstana səfərlərim olur. 2017-ci ildə   Qazaxıstanın milli lideri, Elbaşı Nursultan Nazarbayevin  həyatından bəhs edən “Həyat yolu” kitabını Azərbaycan dilinə tərcümə etdim. Diplomat Rəşad Məmmədov bu kitabın təqdimatının ən yüksək səviyyədə keçirilməsini təşkil etməklə iki qardaş xalqın dostluq  və qardaşlığına  yeni bir tövhə verdi . Onun belə diplomatik gedişləri saya gəlməz. Bu əzmkarlığın  və şəxsi ləyaqət keyfiyyətlərinin nəticəsidir ki, Azərbaycanı təkcə Qazaxıstanla deyil, bu ölkədə fəaliyyət göstərən digər ölkələrin və xalqların nümayəndələri ilə də dost edib. Rəşad Məmmədov Azərbaycan diplomatiyasının uğur düsturunu özündə cəmləşdirən nümunə olacaq bir Vətən oğludur.

Bura qədər yazdıqlarım şəxsən tanıdığım dipolmatlarımız haqqında layiq olduqlarının bir neçə cümləsi idi.  Yazını fəaliyyətlərini xarici və yerli mətbuatımızdan izlədiyim elçilərimizli öyməklə davam etdirirəm.


Pərviz Şahbazov.
 Bu sırada yeri əvvəlcə  hazırda Azərbaycan Respublikasının Energetika naziri vəzifəsində çalışan  Pərviz Şahbazovla başlamaq istəyirəm. Onun  diplomatik fəaliyyəti gənclik illərindən başlayır. 1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə  və səlahiyyətli səfiri işlədi. Ötən il Energetika naziri təyin olunana kimi, onun da adı yaxşı mənada Almaniya  qəzetlərindən düşmədi. Pərviz Şahbazovun fəaliyyətini izləyəndə hər zaman belə fikirləşirdim ki, sənə çörək verən kişinin çörəyi halalın olsun.  Zamanında Almaniya-Azərbaycan münasibətlərini fərqli bir səviyyəyə çatdırdı. Onun diplomatik gedişləri sayəsində istər iqtisadi, istərsə də siyasət sahəsində ikitərəfli əməlkdaşlıq müqavilələri imzalandı.  Almaniyada yaşayan çoxsaylı azərbaycanlılar onu özlərinə böyük bildilər, ən çətin sualların cavabını tapmaq üçün səfirliyimizin qapısını döydülər. Çünki burada  onların dərdlərinə şərik ola biləcək, Vətəni təmsil edən bir etibarlı elçimiz var idi. İndiki işində də ona uğur arzu edirəm.


Məmməd Əhmədzadə.
 Küçələri, dalanları, hətta həyat tərzi bizimkilərə oxşayan italiyalılar onu çox sevirlər. İtaliya və Azərbaycan arasında ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişafı və xalqlarımızın bir-birinə daha da yaxınlaşması istiqamətində bu qədər isti olması və intensivləşməsi Məmməd Əhmədzadənin əməyinin nəticəsidir. Bu gün İtaliyada təhsil alan hər bir azərbaycanlı gənc böyük elçiliyimizi özlərinin Vətəni hesab edir.  Elə bir qəzet, elə bi jurnal, elə bir televiziya yoxdur ki, zəngin Azərbaycan mədəniyyətini işıqlandırmasın. İtaliyada bu gün dəyərli bir diplomat fəaliyyət göstərir. 


Rəhman Mustafayev. Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfirinin bəxti bir də onda gətirib ki, burada o, Cümhuriyyət diplomatlarının məzarını tez-tez ziyarət edir. Diplomatiya tariximizin 100 ilini qeyd etdiyimiz o şərəfli insanların ruhu ona güc verir ki, bütün əzmini düşmən erməni lobbisinin çox olduğu bir ölkədə əzmlə yerinə yetirə bilsin. Tarix təzadlar, zərurət və qanunauyğunluqlardan yaranır.  Diplomatiya uğurumuzun 100 illiyində Fransada  Müstəqil Azərbaycanı təmsil etməyin özü böyük səadətdir.


Daşqın Şikarov. Onu Azərbaycan mətbuatı və jurnalistlər Pakistanda fövqəladə və səlahiyyətli səfiri olandan sonra tanıdı. Bir çox ilklərə imza atdı. Azərbaycanla əbədi dost olan Pakistanda Daşqın Şikarov dövlətimizi  çox ləyaqətılə təmsil etdi.  Pakistanın  ən mötəbər orden və medallarına layiq görüldü. Müdafiə sistemimiz, Ordumuz, vətənimiz üçün mühüm əhəmiyyət kəsb edən ikitərəfli müqavilələrdə onun da imzası var.  Daşqın Şikarov diplomatiya sahəsində fəaliyyət göstərdiyi illərdə öz sahəsinin peşəkarı olmaqla yanaşı, ölkəmiz haqqında daha dolğun və obyektiv məlumatların yayılmasında fəal iştirak etdi. Azərbaycan xalqına qarşı  törədilmiş Xocalı  soyqırımının Pakistanda dövlət səviyyəsində tanınmasında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda haqlı mövqeyimizi səfir işlədiyi Birləşmiş Ərəb Əmirliyində də təbliğ etməklə  müstəsna xidmətlər göstərdi. Bu xidmətləri nəzərə alınaraq, 2012-ci ildə “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.


Tahir Tağızadə. Azərbaycanın Böyük Britaniyadakı səfiri. Müsahibələrindən birində belə deyir:  “Bu gün Azərbaycanın xəritədə harada yerləşdiyini bizdən heç kim soruşmur. Bu, mənim daha öncə səfir olduğum Çexiyada da belə idi, Britaniyada da belədir. Təkcə son bir ay ərzində Azərbaycanla bağlı materiallar çəkmək üçün istər bütün dünyada, istərsə də Britaniyanın özündə kifayət qədər böyük nüfuza malik bir neçə telekanalın çəkiliş qrupu səfirliklə əlaqə saxlayıb. Bu sıraya hətta regiona səfər etmək, çəkiliş aparmaq niyyətində olan həvəskar qruplar da qoşulmaqdadır. Mənim üçün çox ruhlandırıcı haldır ki, həmin çəkilişlərin əsas mövzusu energetikaya deyil, məhz nəqliyyat, turizm, kənd təsərrüfatı, mədəniyyət, tarix və bu kimi digər sahələrə aiddir. Mənə elə gəlir ki, bizim Britaniya ilə ikitərəfli əlaqələrimiz diversifikasiya prosesindən keçdiyi kimi, eyni şəkildə də Azərbaycan anlayışı Britaniya cəmiyyəti üçün energetikadan çox daha geniş bir fenomenə çevrilməkdədir. Düzdür, öncədən də dediyim kimi, burada Azərbaycan anlayışını yaratmağa ehtiyac yoxdur. Britaniyalılar Azərbaycan haqqında məlumatlıdırlar. Sadəcə, həmin anlayışı diversifikasiya etmək, Azərbaycanın tanınmamış tərəflərini Britaniya cəmiyyətinə tanıtmaq məqsədi daşıyırıq”. Mükəmməl bir diplomatın üzərinə düşən vəzifələrindən bir neçəsini sadalayan elçimizin səyi nəticəsində Oksford Universitetində yerləşən məşhur Bodley (Bodleian) kitabxanalarının birinə Nizami Gəncəvinin adı verilib.  

Adını böyük ehtiramla çəkdiyim səfirlərimizlə yanaşı, digər diplomatları - Aynurə Şükürovanı, Günel Nağıyevanı, Akif Əliyevi, Vüqar İbrahimovu, Elxan Zeynalovu təbrik edirəm. Siz uzaqlarda Vətəni təmsil etmək üçün əməyinizi əsirgəmirsiniz. Bəzən Vətən üçün, doğmalarınız üçün burnunuzun ucu göynəyir. Lakin hər biriniz “Öncə Vətəndir”- deyib, bu darıxmaqlığı unudursunuz.  Uzaqları bizə yaxın və doğma edirsiniz. Hər biriniz Cümhuriyyət tariximizdən bizə  dəyərli miras qalan diplomatiyamızı ümummilli lider Heydər Əliyevin cızdığı xarici siyasət xəttinin xələfi İlham Əliyevin ən yaxın yardımçılarısınız.  
Dünyanın harasında olsanız, işiniz ASAN olsun, Vətənimin üzü ağ, alnıaçıq elçiləri!!! Nə xoş bəxtniz var ki, bu 100 ilin tarixinə əməlinizlə adınızı yazdınız. Məqamınız qutlu olsun!!!
Modern.az


Baxış sayı: 505


Bölməyə aid digər xəbərlər