Bütün xəbərlər
VAXTINDA MİLLƏTİN DƏRSİN VERMİSƏN! -Əmir Pəhləvan
Tarix: 25-06-2019 01:10 | Bölmə: Manşet

Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olub.
                               
1941-1943-cü illərdə Şəki şəhəri iki illik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb.
1945-1950-ci illərdə ADU-nun filologiya-jurnalistika şöbəsində təhsil alıb.
1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspiranturasını bitirib. 
1954-cü ildə MDU-nun jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.
1954-1961-ci illərdə BDU-nun filologiya fakültəsinin jurnalistika kafedrasında müəllim və dosent vəzifələrində çalışıb.
1962-1969-cu illərdə BDU-nun filologiya fakültəsinin dekan müavini olub.
1961-1971-ci illərdə BDU-nun jurnalistiknın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti vəzifəsində çalışıb.
1971-1976-cı illərdə BDU-nun Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb.
1971-1988-ci illərdə BDU-nun mətbuat tarixi kafedrasının dosenti vəzifəsində çalışıb.
1976-1988-ci illərdə BDU-nun mətbuat tarixi kafedrasının müdiri vəzifəsində işləyib.
1988 –ci ildən BDU, mətbuat tarixi kafedrasının professorudur.
                               
Böyük ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilib. Azərbaycan Demokratik Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var. Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların sırasında onun adı ön cərgədə çəkilir.

Odlu sinən qəm yükünü yandırıb,
Həqiqəti qəlpə-qəlpə qandırıb,
Mətləbləri, gizlinləri andırıb,
Zamanında hər əzaba dözmüsən,
Vaxtında millətin dərsin vermisən!

Sözlə sərhədləri aşıb keçmisən,
Azadlığın ürəyinə köçmüsən,
Kişiliyi bir nümunə seçmisən.
Zamanında hər əzaba dözmüsən,
Vaxtında millətin dərsin vermisən!

Açılan sirlərin, sözün diliydin,
Elmin sütunuydun elmin tiriydin,
Təpədən dırnağa Sokrat kimiydin,
Zamanında hər əzaba dözmüsən,
Vaxtında millətin dərsin vermisən!

Vətəni gözümdə sözlə böyütdün,
Qüruru, mənliyi dözlə öyütdün,
Cəhaləti yeniliklə üyütdün,
Zamanında hər əzaba dözmüsən,
Vaxtında millətin dərsin vermisən!

Özünə qaydışı səndən öyrəndik,
Ağsaqqal sözünü səndən dilədik.
Sənin hünərini çoxdan bilirdik.
Zamanında hər əzaba dözmüsən,
Vaxtında millətin dərsin vermisən!

Əkdiyin ağaclar nübar gətirdi,
Şərin tifağına qübar gətirdi,
Doğru başa keçdi, el bar gətirdi,
Zamanında hər əzaba dözmüsən,
Vaxtında millətin dərsin vermisən!

Dahi Rəsulzadə əsərin oldu,
Həm ulu rəhbərin, öndərin oldu,
Sözünün hikməti kəsərin oldu,
Zamanında hər əzaba dözmüsən,
Vaxtında millətin dərsin vermisən!

Dərsi bilməyəndə sıxardın bizi,
Şimşək tək göylərə çaxardın bizi,
Yüz illik bayrama çıxardın bizi,
Zamanında hər əzaba dözmüsən,
Vaxtında millətin dərsin vermisən!
Əmir Pəhləvan



Baxış sayı: 446


Bölməyə aid digər xəbərlər