23:30 / 17-06-2019
TƏBRİK EDİRİK!
Pərvin Kərimzadə: Milli Qurtuluş Günü Heydər Əliyev əzəmətinin təntənəsidir
Tarix: 11-06-2019 20:13 | Bölmə: Manşet


Böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik 1993-cü ilin 15 iyun - Milli Qurtuluş Günü günü Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı olub. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycanda bir-birini əvəz edən səriştəsiz rəhbərlərin şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutmaları ölkədə xaosun yaranmasına, özbaşınalığın hökm sürməsinə, real vətəndaş qarşıdurmasına səbəb olmuşdu. 
AXC-Müsavat hakimiyyətinin cinayətkar səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması ilə üzləşdirmişdi. Ölkədə səriştəsiz idarəermə nəticəsində bütün sahələri böhran bürümüşdü. Bir sözlə ölkənin taleyi, xaosdan xilası, nicatı möcüzədən asılı vəziyyətdə qalmışdı. Belə bir vaxtda dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın möcüzəsi oldu. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan müstəqilliyini itirmək təhlükəsindən azad etdi, öz nicatını görkəmli siyasətçinin hakimiyyətə qayıdışında tapdı. Ulu öndərin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskarlıq missiyasını yerinə yetirməsi parcalanmaq, dağılmaq təhlükəsi ilə qarşı-qarşıya duran Azərbaycanı xalqa qaytardı. Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona arxa və dayaq olan Ümummilli lider Heydər Əliyevin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı səhifəsi yazıldı.
Ümummilli liderin ölkə rəhbərliyinə tarixi qayıdışından sonra Azərbaycanda dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başladı. Həmin qarışıq dövrdə dahi şəsxiyyət Heydər Əliyevin yüksək idarəçilik məharəti, siyasi uzaqgörənlik və sarsılmaz qətiyyəti vətəndaş müharibəsinin qarşısını aldı. Xalq saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və həlledici dövrdə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğuna bir daha şahidi oldu. Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində də dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı. Ölkədə ordu quruculuğu, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı.
Bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs sazişi imzalandı. Bir sözlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi ilə yanaşı, işğal edilmiş torpaqlarımızı azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə qadir güclü nizami ordu təməli qoyuldu. Ulu öndərin gərgin əməyi nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı.
Bu gün Ulu öndərin memarı və qurucusu olduğu müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyi etibarlı əllərdədir. Dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini dövlət başçısı İlham Əliyev uğurla davam etdirir. 2003-cü ildən ötən dövrdə Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib, ölkəmizin dünya dövlətləri arasında nüfuzu artıb. Azərbaycanın qütblər arasında tranzit ölkəyə çevrilməsi bu qədim diyarda siyasi düşüncələrin, elmi fikirlərin, mədəniyyətlərin, dini baxışların dialoqunun baş tutmasını şərtləndirib. Azərbaycanın sürətli inkişaf dövrü məhz Milli Qurtuluş Günü ilə başlayıb bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdiriliri.
Ulu öndər Heydər Əliyev ideyaları yaşayır dedikdə, bu gün Azərbaycanın inkişaf perspektivlərini, rifahını, əminamanlığı, sabitliyi, təhlükəsizliyi və eyni zamanda, Azərbaycanın xoşbəxt gələcəyini başa düşürük.
Modern.az


Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər