Millət vəkili: Azərbaycanın idman ölkəsi kimi statusu daha da möhkəmlənir
Tarix: 02-06-2019 10:39 | Bölmə: Manşet

            

Bu gün Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. İdmançılarımızın istər ölkə daxilində, istərsə də respublikamızdan kənarda əldə etdikləri uğurlu nəticələr bunu bir daha təsdiqləyir.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, beynəlxalq səviyyəli idman yarışlarının - I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, bədii gimnastika üzrə Dünya Kuboku, Formula I Qran Pri yarışlarının ölkəmizdə keçirilməsi də Bakının təsadüfi seçim olmadığını deməyə əsas verir:
“Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşmasının keçirilməsi Azərbaycana dünyada göstərilən etimadın təzahürüdür. Bu, bir daha göstərdi ki, Azərbaycan sürətlə inkişaf etməkdədir. Mötəbər idman tədbirlərinin keçirilməsi üçün ölkəmizdə təşkilati baxımdan yüksək şərait və imkan var. İqtisadiyyatın daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledici rol oynayır.
N.Həmzəyevin sözlərinə görə, bu gün dövlətimizin idman sahəsinə qoyduğu sərmayələr, göstərilən diqqət gəncliyin sağlam inkişafını təmin edir. Eyni zamanda Azərbaycanın həm siyasi, həm də iqtisadi cəhətdən sabit ölkə olması beynəlxalq tədbirlərə, o cümlədən idman yarışlarına ev sahibliyi etməsinə şərait yaradıb:
"Son illər bir-birinin ardınca keçirilən beynəlxalq tədbirlər ölkəmiz haqqında formalaşan təəssüratları dəyişir, respublikamızın imicinə müsbət təsir göstərir. Həmçinin belə tədbirlər dövlətimiz üçün müəyyən dividendlər gətirir, idman ölkəsi kimi statusunu daha da möhkəmləndirir”.


Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər