Bütün xəbərlər
Deputat: Anti-Azərbaycan dairələr Azərbaycanın sürətli inkişafından narahatçılıq keçirirlər
Tarix: 14-05-2019 10:27 | Bölmə: Manşet

              

Bu gün Azərbaycan çox yüksək templərlə inkişaf edir və ölkəmiz uzun illərdir mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Təəssüflər olsun ki, hər dəfə beynəlxalq tədbirlər ərəfəsində müəyyən xarici anti-Azərbaycan dairələr ölkəmizə qarşı qərəzli kampaniyalar təşkil edirlər.
Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
B.Əliyev qeyd edib ki, UEFA Avropa Liqasının final matçının ölkəmizdə keçiriləcəyi ərəfədə həmin dairələr yenidən baş qaldırır, ölkəmizdə qarşı əsassız iddialar sürürlər: “Bunun bir səbəbi isə odur ki, həmin dairələr ölkəmizin sürətli inkişafından narahatçılıq keçirir və çirkin kampaniya təşkil etməklə ölkəmizin imicinə xələl gətirməyə çalışırlar”.
Deputat vurğulayıb ki, Azərbaycanda bütün sahələrdə sürətli inkişaf gedir:
"Azərbaycanın infrastrukturu, regionları, yol-nəqliyyat sistemi inkişaf edir və bütün bunlar onu göstərir ki, beynəlxalq tədbirlər keçirmək üçün hər bir şərait mövcuddur, o cümlədən beynəlxalq standartlara cavab verən otellər, istirahət məkanları, idman arenaları, idman ustaları var. İdman sahəsində də ölkə yeni standartlar müəyyən edir. Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, eyni zamanda ayrı-ayrı idman növləri üzrə dünya turnirlərinin, kubokların ən yüksək səviyyədə keçirilməsi bir daha göstərir ki, Azərbaycan böyük inkişafa nail olub".
Millət vəkilinin sözlərinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycanda bütün sahələrə çox böyük diqqət var: "Bütün bunlar Prezident İlham Əliyevin təşəbbüsüdür və bu təşəbbüs də tam gerçəkləşir. Bu gün Azərbaycan təhlükəsizliyi və sabitliyi ən yüksək səviyyədə təmin edən az sayda ölkələrdən biridir. Dövlət siyasəti Azərbaycan xalqının sağlamlığına və firavan inkişafına xidmət edir".
B.Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan UEFA Avropa Liqasının final matçına da yüksək səviyyədə ev sahibliyi edəcək: “Anti-Azərbaycan dairələrin cəhdləri həmişə olduğu kimi bu dəfə də boşa çıxacaq”.


Baxış sayı: 298


Bölməyə aid digər xəbərlər