Bütün xəbərlər
15 İyun - Qurtuluşun zəfər çaldığı gündür
Tarix: 15-06-2018 01:01 | Bölmə: Manşet
İyun ayının 14-də Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, Bakı Dövlət Universitetinin «Qafqaz xalqları tarixi» kafedrasının müdiri, tarix elmləri doktoru, professor,  YAP Siyasi Şurasının üzvü İradə Hüseynova, Pirallahı RİH əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri,ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
    Əvvəlcə tədbir iştirakçıları rəsm və kitablardan ibarət sərgiyə baxdılar.
    Öz çıxışında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan danışaraq, bu gün dünyada yeri və rolu artan Azərbaycanın ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsi olduğunu qeyd edib. V.Rəhimzadə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildiyini və ulu öndərin böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdüyünü, bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurmanın səngidiyini, respublikamızın vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olduğunu söyləyib. Natiq bu gün milli qurtuluş ideologiyasının təntənəsinin müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verdiyini, regionda və dünyada Azərbaycanın nüfuzunu daha da artırdığını bildirib.
 
Tarix elmləri doktoru, professor  İradə Hüseynova tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyunun sadəcə təqvim bayramı olmadığını, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu qeyd etdi. Natiq öz çıxışında qeyd etdi ki, vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və özü xalqa arxa olan dahi bir insandır - Heydər Əliyevdir!    İradə Hüseynova bildirdi ki, Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev ölkənin ağır günündə xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib paytaxta qayıtmaqla daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu böyük Insan, nəhəng Şəxsiyyət həyatını təhlükə altında qoyaraq 1993-cü il iyunun 9-da Bakıya gəldi. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü ölkəmizdə bayram elan etdi. İradə Hüseynova vurğuladı ki, əslində Milli Qurtuluş Günü xalqımız bütün şər qüvvələrə birdəfəlik “yox” dedi. Şimaldan, cənubdan və qərbdən çirkin əllərini ölkəmizə uzadan mənfur niyyətli məkrli siyasətbazların qarşısına möhkəm bir sədd çəkildi. Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsindən sonra Azərbaycan dövlətinin xilası və gələcəyinin müəyyənləşdirilməsi məsuliyyəti Ulu Öndərin üzərində qaldı.  Ulu öndər Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlər heç vaxt silinməyəcək. Dahi siyasətçi Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatların reallaşdırılması, bazar iqtisadiyyatının bərqərar olunması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının və aqrar islahatın həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur və bu günki uğurlarımızın əsasında dayanan başlıca faktorlar kimi qəbul edilməlidir.
  
Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır və mövcud iqtidarın vahid birliyi nəticəsində Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir, - deyən İradə Hüseynova xüsusi vurğulayır ki, - Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz cənab İlham Əliyevdir. Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə Prezident İlham Əliyev də Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu öz məhsuldar fəaliyyəti ilə sübut edir. Prezidentimizin apardığı dərin düşünülmüş, uzaqgörən daxili və xarici siyasət, onun xalqa olan səmimi məhəbbəti və doğma Vətənimiz naminə səmərəli fəaliyyəti hər birimizdə qürur hissi doğurur. Azərbaycanın bütün dünya tərəfindən etiraf olunan dinamik inkişafı ilk növbədə vətəndaşlarımızın maddi-rifah halının yaxşılaşmasına xidmət edir, ölkəmizin sürətli tərəqqi yolu ilə inamla addımlamasının əyani sübutudur.
Bayram tədbiri Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı ilə davam etdirildi. Rayon məktəbliləri tərəfindən hazırlanmış musiqili və bədii səhnəciklər tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənildi. Tədbir zamanı tanınmış incəsənət ustaların çıxışları bayrama xüsusi rəng qatmışdır.
Günel Məmmədli,
Sabaha-inamla.az






Baxış sayı: 378


Bölməyə aid digər xəbərlər