“Ermənistan açıq-aşkar faşizm cəlladlarını qəhrəmanlaşdırır”
Tarix: 12-05-2020 20:43 | Bölmə: Manşet

                     “Ermənistan açıq-aşkar faşizm cəlladlarını qəhrəmanlaşdırır”


"Ermənistanda faşizm ideologiyasının, etnik təmizləmə və terrorizmin dövlət siyasətinə çevrildiyini təsdiqləyən faktlar saysız-hesabsızdır. Bu faktların çoxluğu fonunda dünya birliyi tərəfindən işğalçı dövlətə hələ də hansısa bir təzyiqin göstərilməməsi Ermənistan hakimiyyətinin gündən-günə daha da ərköyünləşməsinə, ən əsası bu istiqamətdə üzə çıxan yeni faktlardan zərrə qədər də narahat olmamasına, əksinə, nasizmi əməli işdə dəstəkləməsi kimi məqamların açıq-aşkar nümayişinə səbəb olur. Hakimiyyətə gəldiyi gündən qeyri-adekvat addımları ilə siyasətdən nə qədər uzaq olduğunu, tarixi faktları əcdadlarının xislətinə uyğun saxtalaşdırmaq yolunu tutduğunu, hətta İkinci Dünya müharibəsində faşizm üzərində böyük Qələbənin 75 illiyi ərəfəsində insanlığa qənim kəsilmiş nasizm ideologiyasının qızğın təbliğatçısı olduğunu, utanıb-qızarmadan faşistlərə xidmət edən erməni sələflərinin ünvanına mədhiyyələr yağdırdığını nümayiş etdirən “demokrat libasına bürünmüş” baş nazir Nikol Paşinyan yenə də növbəti olayla gündəmin mövzusuna çevrilib. Belə ki, bir çox insanların sosial mediada müharibədə iştirak etmiş ata-babalarına aid foto və məlumatlar paylaşması axınına qoşulan Ermənistanın baş naziri Nikol Paşinyan bu paylaşımı ilə nəinki dünya ictimaiyyətinin, hətta öz ermənilərinin də sərt reaksiyası ilə üzləşib. Həmin paylaşım araşdırmaların aparılmasına və belə bir faktın açıqlanmasına səbəb olub ki, Paşinyanın bu gün adını daşıdığı gorbagor babası 1943-cü ildə Qaregin Njdenin legionunda Almaniya cəbhəsində vuruşub"
"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
İşğalçı ölkənin indiki qaragüruhçu hakimiyyətinin tarixi həqiqətin üzə çıxmasından ciddi narahatlıq keçirdiyini diqqətə çatdıran Vüqar Rəhimzadə bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin saytında dərhal bu faktı inkar edən məlumatın dərc olunması dünya və erməni ictimaiyyəti arasında müxtəlif fikirlərin yaranmasına səbəb olmaya bilməz: “Həmin gülünc məlumatda bildirilir ki, Yenokovan kəndindən müharibədə iki Nikol Paşinyan adlı şəxs iştirak edib. Onlardan biri SSRİ ordusunda, digəri isə düşmən cəbhədə olub. Baş nazirin babası faşistlərin tərəfdarı olmayıb. Bax, bu da növbəti erməni riyakarlığı, növbəti erməni fitnə-fəsadı! Bu günə qədər tarixi torpaqlarımızı öz adlarına çıxıb, Dağlıq Qarabağın Ermənistana məxsusluğunu həyasızcasına dilə gətirib, hətta sonralar müstəqil dövlət kimi fəaliyyət göstərdiyini iddia edən işğalçı ölkənin hoqqabaz, diletant rəhbərindən nəhayət özü ilə bağlı əsl həqiqətin üzə çıxmasından sonra utanıb-qızarmasını, faşizm ideologiyasının qurbanlarının doğmalarından və yaxınlarından üzr istəməsini, hətta ən azı məcburiyyət qarşısında qalıb tarixi faktları təsdiq etməsini gözləmək sadəlövlük olardı.» V.Rəhimzadə qeyd edib ki, son illərdə işğalçı Ermənistanın mərkəzində və digər bölgələrində faşist canilərinin - “Njde” ləqəbli Qaregin Ter-Arutyunyan və “Dro” ləqəbli Drasmat Kanayanın heykəllərinin qoyulması faşizmə olan rəğbətin bariz nümunəsidir: “O da məlumdur ki, Ermənistan rəhbərliyinin bilavasitə iştirakı ilə İrəvan şəhərinin mərkəzində nasist Njdenin heykəlinin açılış oldu. Halbuki bu üzdəniraq “qəhrəman”ların alman nasistləri ilə sıx əlaqələri haqqında çoxlu sayda faktlar xarici ölkələrin arxivlərində kifayət qədərdir.”
Baş redaktor bildirib ki, dövlətimizin başçısı İlham Əliyev istər beynəlxalq səviyyəli tədbirlərdə, istərsə də dünyanın nüfuzlu mətbu orqanlarına verdiyi müsahibələrdə daim bu məsələyə xüsusi diqqət yönəldir: «Möhtərəm Prezidentimiz İlham Əliyev bu günlərdə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində də bildirdi ki, İkinci Dünya müharibəsində ermənilər faşistlərlə yaxından əməkdaşlıq edib, Ermənistan açıq-aşkar şəkildə faşizm təlimlərini yayır, faşizm cəlladlarını qəhrəmanlaşdırır. "Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir» söyləyən cənab İlham Əliyev onu da vurğulayıb ki, bir neçə il bundan əvvəl Ermənistanda faşist cəllad və cani, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adamın cinayətləri sübut olunub. Qələbənin 75 illiyi ərəfəsində həm Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, həm də Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən dərc edilmiş sənədlər də buna sübutdur. Bu adam müharibə dövründə bildirmişdir ki, Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Njdenin təxribatçılıq fəaliyyəti çoxsaylı insanın ölümünə gətirib çıxarıb".
"Dövlətimizin başçısının bu bəyanatları işğalçı ölkədə ciddi narahatlığa səbəb olduğundan Ermənistanın Xarici İşlər Nazirliyi bəyanat verib. Yenə də reallığın inkarı. Əvvəldə də qeyd etdiyimiz kimi, illər boyu tarixi saxtalaşdırmaq yolunu tutan bir dövlətin hər hansı bir məsələ ilə bağlı bəyanatının yalan və uydurma faktlar üzərində qurulması da adi haldır» söyləyən V.Rəhimzadə qeyd edib ki, bəyanatda əksini tapan fikirlər faşizm üzərində Qələbəyə ləkə olmaqla yanaşı, həm də çox gülünc görünür: “İddia olunur ki, guya Azərbaycan Qələbənin 75 illiyi münasibəti ilə antierməni siyasətini bu kontekstdə istifadə edir. Daim fakt qarşısında aciz qalan işğalçı dövlət bu gün də həmin acizliyini belə sərsəm bəyanatlar səsləndirməklə ört-basdır etməyə çalışır"
Baş redaktor diqqəti ölkə Prezidenti İlham Əliyevin ötən il “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də MDB Dövlət Başçıları Şurasının Aşqabad Sammitində çıxışı zamanı ermənilərə ünvanladığı tutarlı faktlara yönəldib: “Möhtərəm Prezidentimiz “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Dağlıq Qarabağın və Azərbaycanın digər 7 rayonunun 25 ildən çoxdur erməni işğalı altında olduğunu diqqətə çatdıraraq Ermənistanın əsassız ərazi iddialarını tarixi faktlara əsaslanaraq ifşa etmişdir. Cənab İlham Əliyevin “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi» bəyanatı işğalçı dövlətə tutarlı cavab oldu. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində, eyni zamanda, digər beynəlxalq qurumların və dövlətlərin qərar və qətnamələrində Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğu əsaslı şəkildə qeyd olunur, eyni zamanda, erməni işğalçılarının bu ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb edilir. Amma beynəlxalq ictimaiyyətin obyektiv tələbinə məhəl qoymayan işğalçı Ermənistan qondarma “Dağlıq Qarabağ Respublikası”nda dünya birliyi tərəfindən qəbul olunmayan, beynəlxalq hüquq normalarına, demokratik dəyərlərə zidd addım kimi dəyərləndirilən “seçkilər” keçirməklə özünə təsəlli verməyə çalışır ki, güya bu ərazi onlara məxsusdur. Artıq dünya həqiqətə həqiqət gözü ilə baxmağın zamanı olduğunu atdığı addımları ilə təsdiqləyir. Dövlətimizin münaqişənin həllində mövqeyi dəyişməzdir: Münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz ədalətli həllini tapmalıdır. Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının Sammitində Prezident İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini bir daha dünyaya bəyan etmişdir. Möhtərəm Prezidentimiz bu məqamı da təəssüf hissi ilə qeyd etmişdir ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət İrəvanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. Cənab İlham Əliyev bu çağırışı etmişdir ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.”
V.Rəhimzadə vurğulayıb ki, bu gün arxiv sənədlərinin də Nikol Paşinyanın babasının faşistlərin tərəfindən döyüşdüyünü təsdiqlədiyi halda Ermənistan rəsmilərinin bu faktı inkar yolunu tutmaları dövlətimizin başçısı İlham Əliyevin Aşqabad Sammitində söylədiyi faktların qarşısında Nikol Paşinyanın bu canini müdafiə etməsini xatırlamağı zərurətə çevirir. O, Njdenin həbs düşərgəsində olmasını belə əsaslandırmışdı ki, Soljenitsin də həbs düşərgəsində olub. Bu iki şəxsin arasında müqayisə aparmağın özü heç bir məntiqə sığan addım deyil. Dövlətimizin başçısı həmin çıxışında Soljenitsını faşistlərin əlaltısı ilə müqayisə etməyin həyasızlığın yüksək dərəcəsi olduğunu bəyan etmişdir.
V.Rəhimzadə bu təhlillər əsasında belə bir qənaətə gəlir ki, işğalçı ölkədə hakimiyyətin dəyişməsinə baxmayaraq, yenə də əvvəlki rejimin mahiyyəti dəyişməz olaraq qalıb: “Bugünümüzün əsas tələbi Ermənistana dünya ictimaiyyəti tərəfindən çox sərt şəkildə "dur" söylənilməsidir. Nə qədər ki Ermənitsan bu təzyiqlərdən uzaqdır, belə faktların aşkarlanması onlar üçün adi hal olmaqla yanaşı, nə qədər qəribə görünsə də, hətta qürurvericidir.”


Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər