Bütün xəbərlər
“Azərbaycan Avropa Parlamentinə seçkilərlə bağlı dəvət göndərməyib”
Tarix: 09-01-2020 23:38 | Bölmə: Manşet

                   “Azərbaycan Avropa Parlamentinə seçkilərlə bağlı dəvət göndərməyib”

Azərbaycan Avropa Parlamentinə növbədənkənar parlament seçkilərinin müşahidəsi üçün dəvət ünvanlamayıb.
"Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
Onun sözlərinə görə, bu il fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı aidiyyəti üzrə Milli Məclis tərəfindən parlament nümayəndə heyətlərinə və üzvü olduğumuz parlament assambleyalarına, həmçinin Xarici İşlər Nazirliyi tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT, MDB, GUAM, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, QDİƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional təşkilatlara dəvət məktubları göndərilib:
"Yəni Azərbaycan tərəfi əsasən üzvü və iştirakçısı olduğu təşkilatlara 9 fevral seçkilərini izləmək dəvəti ilə müraciət ünvanlayıb. Konkret olaraq, Avropa Parlamentinin (AP) yaydığı məlumata gəldikdə isə öncə onu vurğulamaq istərdim ki, AP-nin yaydığı bu məlumatın qurumun seçkiləri müşahidə etməkdən imtina etməsi kimi qiymətləndirilməsi tamamilə yanlışdır. Birincisi, Azərbaycan tərəfi AP-yə belə bir dəvət ünvanlamayıb ki, AP də bu dəvətdən imtina etsin. Ümumiyyətlə qeyd etmək istərdim ki, ölkəmizin Avropa Parlamenti qarşısında hər hansı bir öhdəliyi yoxdur. İkincisi, bu, AP-nin prosedura qaydalarına uyğun olaraq verilmiş, yəni AP-nin müşahidəçi qismində iştirak etmədiyi seçkilərdə üzvlərin şəxsi qisimdə iştirak edəcəyinə dair yayılmış bir məlumatdır. Qeyd etmək istərdim ki, bütün seçkilər ərəfəsində şəffaflığın təmin olunması məqsədilə seçkilərdə iştirak edən müşahidəçilərin qeydiyyatı ilə bağlı məlumatlar mütəmadi qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən ictimaiyyətə təqdim olunur".
 











Baxış sayı: 267


Bölməyə aid digər xəbərlər