11:05 / 13-12-2019
Əbədiyaşar lider...
Azərbaycan Prezidenti: Kadr islahatları davam etdiriləcək
Tarix: 04-12-2019 22:40 | Bölmə: Manşet

Kadr islahatları davam etdiriləcək.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
Prezident İlham Əliyev bildirib: "Bizim apardığımız kadr və struktur islahatları, eyni zamanda, ölkəmizin beynəlxalq imicini daha da yüksəklərə qaldırır və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Keçirilmiş son rəy sorğusunun nəticələrinə görə, xalqımızın mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir və bəyənir.
Kadr islahatları davam etdiriləcək. Son vaxtlar aparılan islahatlar artıq öz nəticəsini verməkdədir. Cəmiyyətdə bu islahatlarla bağlı çox müsbət rəy formalaşıb və gözləntilər də vardır. Ona görə təyin edilmiş bütün yeni kadrlar qarşısında konkret vəzifələr qoyulur və bu kadrlar o vəzifələri icra etməlidirlər. Dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar. Dövlət məmurları xalqa xidmət etməlidirlər. Onların başlıca missiyası bundan ibarətdir və siz də belə işləməlisiniz.
Rüstəm Xəlilov uzun illər Milli Məclisin deputatı kimi fəaliyyət göstərir. Əvvəlki dövrlərdə də böyük təcrübə toplamışdır. Əminəm ki, Hacıqabul rayonunda bu təcrübəni tətbiq edəcək və rayonun inkişafına töhfə verəcəkdir. Vüqar Novruzov gənc kadrdır və bir müddət Prezident Administrasiyasında işləyib, indi isə Xəzər rayonunda icra hakimiyyətinin müavini kimi işləyir. Yəni, bugünkü təyinat da mənim dediyim sözlərin təsdiqidir: təcrübə və gənclərin novatorluğu. Bax, bu sintez həm cəmiyyətdə mövcud olmalıdır, möhkəmlənməlidir, həm də iqtidar komandasında və bütün idarəetmə strukturlarında. Təcrübəli kadrların bilikləri, hazırlığı, eyni zamanda, gənclərin novatorluğu, dinamizmi, yeniliklərə meyilliliyi - bu prinsiplərin vəhdəti uğurlu inkişafımızı bundan sonra da şərtləndirəcəkdir.
Sizin əsas vəzifəniz ondan ibarət olmalıdır ki, rəhbərlik edəcəyiniz şəhər və rayonda iqtisadi inkişaf təmin edilsin, işsizliklə bağlı problemlər öz həllini tapsın. Siz vətəndaşlarla daim təmasda olmalısınız. Mövcud bütün olan problemləri, ilk növbədə, çox dərindən təhlil etməlisiniz və problemlərin həlli üçün iş planı tutulmalıdır. Təbii ki, problemlərin bir hissəsinin həlli mərkəzi icra orqanlarının səlahiyyətindədir. Belə olan halda, mərkəzi icra orqanları qarşısında məsələ qaldırmalısınız, eyni zamanda, Prezident Administrasiyasına məlumat verməlisiniz. O məsələlər ki, sizin fəaliyyətinizdən asılıdır, onları özünüz həll etməlisiniz və daim vətəndaşlardan onları narahat edən məsələləri eşitməlisiniz. Ona görə vətəndaşlarla sizin ünsiyyətiniz formal xarakter yox, işgüzar xarakter daşımalıdır və bu, sizin iş qrafikinizdə prioritet məsələ olmalıdır".


Baxış sayı: 57


Bölməyə aid digər xəbərlər