09:56 / 17-11-2019
TƏBRİK EDİRİK!
Vilayət Eyvazov Gəncədə vətəndaşlarla görüşüb (FOTO)
Tarix: 01-11-2019 00:48 | Bölmə: Manşet



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 31-də Gəncə Şəhər Baş Polis İdarəsində daxili işlər orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, V.Eyvazov əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Daha sonra nazir Baş Polis İdarəsində Gəncə də daxil olmaqla respublikanın Qərb bölgəsinin 10 şəhər və rayonundan, eyni zamanda, həmin zonada məskunlaşmış qaçqın və məcburi köçkünlərdən qəbul üçün müraciət edən 34 vətəndaş ilə görüşüb.
General-polkovnik V.Eyvazov onların polisin fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyərək, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.
Tədbirdə iştirak edən şəxslər göstərilən diqqət və qayğıya, müraciətlərinə çevik reaksiyaya və həssas yanaşılmasına görə dövlət başçısına minnətdarlıq ediblər, onun ölkəmizin sürətli inkişafına yönəlmiş ardıcıl, məqsədyönlü və qətiyyətli siyasi kursunu bundan sonra da dəstəkləyəcəklərini vurğulayıblar.
Sonda nazir V.Eyvazov bölgənin ərazi polis orqanlarının qəbulda iştirak edən rəislərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmini olduğunu xatırladaraq bütün müraciətlərə operativ baxılıb qanuni qərarların qəbul edilməsini, hər bir struktur qurumda insanlarla münasibətdə etik davranış qaydalarına ciddi əməl olunmasını, onların qəbuluna daim xüsusi həssaslıqla yanaşılmasını, hüquq və azadlıqlarının, qanuni mənafelərinin yüksək səviyyədə qorunmasını, qeyd olunan işin rəhbər heyət tərəfindən gündəlik nəzarətdə saxlanılmasını tələb edib, bu istiqamətdə tapşırıq və tövsiyələrini verib. O, Azərbaycan Polisinin insanların güvənc yerinə çevrilməsinin, bütövlükdə cəmiyyətdə azayiş keşikçilərinin nüfuzunun daha da yüksəldilməsi yönümündə fəaliyyətin sistemli şəkildə davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Vilayət Eyvazov Gəncədə vətəndaşlarla görüşüb (FOTO)
Vilayət Eyvazov Gəncədə vətəndaşlarla görüşüb (FOTO)
  • Vilayət Eyvazov Gəncədə vətəndaşlarla görüşüb (FOTO)
  • Vilayət Eyvazov Gəncədə vətəndaşlarla görüşüb (FOTO)




Baxış sayı: 81


Bölməyə aid digər xəbərlər