Bütün xəbərlər
Şəffaflaşdırma bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar kursunun əsasını təşkil edir
Tarix: 30-10-2019 16:02 | Bölmə: Manşet

Azərbaycan Respublikası 27 ildir ki, öz müstəqilliyinə qovuşub. 1993-cü ildən başlayaraq, Ümummilli Lider milli kadr potensialını səfərbər edərək müstəqil Azərbaycanın dövlət quruculuğu prosesinin əsasını qoydu, bu prosesdə ümummilli liderin etibar etdiyi komandada olmağımızla fəxr edirik. 1995-ci ildə Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə yeni Konstitusiya hazırlanaraq referendumda qəbul olundu, çoxpartiyalı sistem əsasında parlament seçkiləri keçirildi və Azərbaycanın gələcək inkişafının təməl prinsipləri müəyyən olundu.Bu təməl prinsiplərin siyasi yöndə əsas strategiyası ondan ibarət idi ki, Azərbaycan demokratik inkişaf, plüralist cəmiyyət quruculuğu, hakimiyyət uğrunda yarışın çoxpartiyalı sistemlilik əsasında həyata keçirilməsi, bazar iqtisadiyyatı kursunu seçdi, vətəndaş cəmiyyətinin formalaşmasında yeni mərhələ başladı. Birinci onillik, 1993-2003-cü illər müstəqil Azərbaycan dövlətinin quruculuğu prosesi idi. Dövlətin qarşısında çox mühüm və təxirəsalınmaz vəzifələr var idi. Buraya dövlətin təhlükəsizliyinin təmin olunması, ordu quruculuğu, xarici tərəfdaş dövlətlərin müəyyən edilməsi və Azərbaycanın gələcək strateji inikşafının təməli olan neft-qaz kontraktlarının imzalanıb həyata keçirilməsi, Azərbaycanın beynəlxalq aləmlə münasibətlərinin qurulması, tərəfdaş ölkələrin sayının artırılması, qaçqın və məcburi köçkünə çevrilmiş vətəndaşların ən vacib problemlərinin həlli, onların məskunlaşdırılması daxildir. Bu gün biz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin təqdimatında iştirak edirik. Bir zamanlar xaricdə belə konfrans zallarını, bu tip elektron xidmətləri görəndə heyrətlənirdik. Amma bu gün Azərbaycan elə səviyyəyə gəlib çatıb ki, nəinki elektron hökumətdən, elektron xilmətlərdən, hətta rəqəmsal hökumət və rəqəmsal xidmətdən bəhs edə bilir. 2003-cü ildən Prezident İlham Əliyev Azərbaycana rəhbərlik edir. Onun bəyan etdiyi və həyata keçirdiyi kurs müstəqil Azərbaycanın modernləşdirilməsi, müasirləşdirilməsi və onun inkişafının qlobal dünyanın çağırışlarına uyğun olaraq yeni trendlər əsasında zənginləşdirilərək davam etdirilməsidir. Prezident İlham Əliyevin 3 prezidentlik dövrü Azərbaycanın modernləşdirilməsi, ictimai, siyasi, sosial, iqtisadi həyatının yenidən qurulması və ölkədə vətəndaş məmnunluğunun təmin olunmasını əhatə etdi. Prezident İlham Əliyevin 15 ildə vətəndaş məmnunluğu istiqamətində həyata keçirdiyi tədbirlərin nəticələrini əyani surətdə görürük. Nəqliyyat infrastrukturundan tutmuş mədəniyyət ocaqlarımıza, institutlarımıza, xəstəxanalarımıza, məktəblərimizə, yollarımıza qədər hər şey təzələnib. Bu gün Azərbaycan dünyanın inkişaf etməkdə olan ölkələri sırasındadır. Azərbaycan bütün beynəlxalq reytinqlərdə öncül mövqeləri tutur. 2018-ci il prezident seçkilərindən sonra Prezident İlham Əliyev yeni bir kurs izləyəcəyini bəyan etdi. Bu gün sizinlə birlikdə o kursun nəticələrinə şahid oluruq. İlk növbədə bu proses ictimai, siyasi, sosial, iqtisadi həyatımızın şəffaflaşdırılmasından ibarət idi. Bütün postsovet ölkələrində, o cümlədən dünya ölkələrində olduğu kimi, Azərbaycanda da hələ kölgə iqtisadiyyatı mövcuddur. Bəzən ayrı-ayrı iş adamları dövlətin vergilərini tam şəkildə ödəmir, ödəmək istəmir. Ayrı-ayrı sahələrdə monopoliya mövcuddur. Prezident İlham Əliyev son müşavirədə bu məsələlərə də toxundu. İslahatlar kursu-Azərbaycan cəmiyyətinin, iqtisadiyyatının, siyasətinin, sosial həyatının bütün sahələr üzrə şəffaflaşdırılması, kölgədən çıxarılması dövlətin iradəsidir və bu iradəyə qarşı çıxanlar cəzalandırılacaq. Şəffaflaşdırma bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar kursunun əsasını təşkil edir. Bu islahatlar kursu dövlət idarəçilik sisteminin struktur islahatlarından, idarəçilik sisteminin təkmilləşdirilməsindən başladı. Bu gün zərurəti şübhə doğuran qurumların ləğv olunması, birləşdirilməsi, orada çalışan insanların digər lazım olan sahələrə yerləşdirilməsi həyata keçirilir. Bunun ardınca iqtisadi islahatların konturları elan olundu. Dövlət büdcəsindən tutmuş xidmət sahələrinə, vergi yığımından tutmuş sahibkarlıq sahəsinə qədər həm struktur, həm dövlət idarəçilik sisteminin, o cümlədən sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi həyata keçirilir. Bütün bu proseslər həyata keçirilərkən vətəndaş məmnunluğu əsas meyar kimi ön plana çəkilir. Vətəndaş məmnunluğu ona göstərilən xidmətlərin asanlaşdırılması, rahatlaşdırılması və məqbul formaya salınmasıdır. Bu mərhələdə yaranan xidmətlərin, o cümlədən bu gün təqdimatında iştirak etdiyimiz SƏLİS-in də təməlində bu dövrün vətəndaş cəmiyyəti quruculuğu dayanır.2007-2008-ci illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə iki mühüm konsepsiya qəbul olundu. Bu konsepsiyalardan biri QHT-lərə, yəni vətəndaş təşəbbüslərinə dəstək idi. Bu konsepsiyanı reallaşdırmaq üçünq QHT-lərə Dövlət Dəstəyi Şurası yaradıldı. Şura şəffaf şəkildə formalaşdırıldı, üzvləri müxtəlif QHT-lərin təqdimatı ilə seçildi. 10 ildən yuxarıdır ki, Şura fəaliyyət göstərir və günü-gündən fəaliyyətini təkmilləşdirir, vətəndaşlara göstərdiyi xidmətləri müasir dünya standartlarına uyğunlaşdırır, elektronlaşdırır və bu xidmətlərdə şəffaflığı təmin edir. Digər konsepsiya KİV-lərin inkişafına dövlət dəstəyi konsepsiyası idi və bunun məntiqi ardıcıllığı olaraq KİVDF yardıldı. Fondun Müşahidə Şurası da KİV-lərin təqdim etdiyi siyahılar əsasında, şəffaf qaydada formalaşır, Prezident İlham Əliyev onları təyin edir. QHT-lərə Dövlət Dəstəyi Şurasının elektron xidməti yaxşı bir nümunədir. Düşününəm ki, KİVDF də bundan sonra KİV-lərə göstərilən dəstəyi təmas olmadan, elektron hökumət vasitəsi ilə həyata keçirə, bu xidməti yarada bilər. Ən əsası da KİV-lərə göstərilən dəstək də şəffafdır, orada qaranlıq bir məqam yoxdur. Hər bir qəzetə ayrılan yardım bəllidir, bu, ilin əvvəlində Fondun Müşahidə Şurasında redaktorların iştirakı ilə müzakirə olunur. Fond ildə iki dəfə müsabiqə keçirir, hər müsabiqədə çoxlu sayda jurnalist mükafatlandırılır. Artıq bu kimi prosesləri də elektronlaşdırmağın vaxtı gəlib çatıb.
Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin

ictimai-siyasi məsələlər üzrə
köməkçisi,tarix elmləri doktoru, professor


Baxış sayı: 342


Bölməyə aid digər xəbərlər