Bütün xəbərlər
Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi – FOTOLAR
Tarix: 26-10-2019 20:53 | Bölmə: Manşet


Sumqayıt şəhər Kimyaçı Mədəniyyət sarayında “Sumqayıtın tarixi və bu günü məktəblilərin gözü ilə” elmi-praktik konfransın yekun tədbiri keçirilib.
Tədbirə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və təhsil ictimaiyyətinin nümayəndələri  iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində açılan sərgi ilə tanış olublar.
Daha sonra Kimyaçı Mədəniyyət sarayının akt zalında davam edən tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədbir iştirakçılarını salamlayaraq şəhərin inkişafında təhsil işçilərinin mühüm rolu olduğunu vurğulayıb.
Şəhər rəhbəri son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb və bu sahənin dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Şəhər rəhbəri bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Görülmüş işlər gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır.
Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə məruzə ilə çıxış edərək bildirib ki, Sumqayıt təhsil işçiləri daim dövlətin diqqət və qayğısını öz üzərində hiss edir. Məhz bu diqqət və qayğından bəhrələnən Sumqayıt müəllimləri öz vəzifələrini layiqincə yerinə yetirərək təhsilimizin respublikada ön sıralarda olmasına nail olmuşlar.
Bildirilib ki, “Sumqayıtın tarixi və bu günü: məktəblilərin gözü ilə” elmi-praktik konfransı Sumqayıta şəhər statusunun verilməsinin 70 illiyinə həsr olunub. Müsabiqənin keçirilməsi üçün yaradılan Təşkilat Komitəsi tərəfindən Sumqayıtın tarixi, coğrafiyası, indiyə kimi keçdiyi inkişaf yolunu əhatə edən 16 mövzu müəyyənləşdirilərək məktəblərə təqdim edilib. İlkin mərhələdə ümumilkdə 7-11-ci sinif şagirdlərini əhatə edən bu müsabiqəyə məktəblərdən 48 tədqiqat işi təqdim olunub. Onlardan ən yaxşı 18 tədqiqat işi konfransın qalibi adına layiq görülüb.
Məlumat verilib ki, tədqiqat işlərinin zənginliyi və tərbiyəviliyi ilə maraq doğurduğu üçün ən yaxşı tədqiqat işlərindən ibarət kitab çap olunub.
Daha sonra müsabiqədə qalib gəlmiş şagirdlər şəhərin tarixi,təbii ehtiyatları, əmək resursları, mədəni və tarixi abidələri, coğrafi mövqeyi, turizm potensialı və digər mövzularda öz tədqiqat işlərini təqdim ediblər.
Çıxışlardan sonra bir qrup təhsil işçisi və müsabiqədə qalib gələn şagirdlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub. Tədbir konsert proqramı ilə davam etdirilib.  

                             
Sumqayitxeber.com


Baxış sayı: 970


Bölməyə aid digər xəbərlər