Bütün xəbərlər
Bakıda dəhşətli qətl törədən qrup SAXLANILDI
Tarix: 08-07-2019 20:05 | Bölmə: Karusel


Polis və prokurorluq orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü açılıb.
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Modern.az-a verilən məlumata görə,  cari il iyunun 24-də rayonun Q.Qarayev prospektində yerləşən binalardan birinin qarşısındakı yaşıllıq sahəsində dülgərlik fəaliyyəti ilə məşğul olan Ucar rayon sakini Samir Hüseynovun odlu silahdan açılmış atəşlə öldürülməsinə xarakterik xəsarətlər olan meyiti aşkar edilib. Faka görə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs - paytaxt sakini Əli Abdullayev, Biləsuvar rayon sakini İlqar Əliyev və Lənkəran rayon sakini Ülvi Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunduğundan onlar tutularaq istintaqa cəlb ediliblər.
İstintaq hərəkətləri zamanı saxlanılanlar etirafedici ifadələr verib və qətl hadisəsində istifadə etdikləri “Glock” markalı tapançanın gizlədildiyi yeri göstəriblər.
Qeyd olunan silah götürülərək maddi sübut kimi cinayət işinin materiallarına əlavə olunub.
Hər üç şəxs təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Baxış sayı: 266


Bölməyə aid digər xəbərlər