Bütün xəbərlər
Azərbaycanın axtarışa verdiyi həkim İranda tutulub
Tarix: 15-01-2020 14:54 | Bölmə: Karusel

                           

Azərbaycan dövlətinin beynəlxalq axtarışa verdiyi 58 yaşı iranlı həkim tutulub.
“Report” xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137 (İnsan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə) və 144-1-ci (İnsan alveri) maddələri üzrə “İnterpol” xətti ilə beynəlxalq axtarışda olan İran vətəndaşı Mohsen Tahiri İranda saxlanılıb.
Qeyd edək ki, 2018-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı Cinayət Məcəlləsinin 137 (insan orqan və toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işində 27 zərərçəkmiş olub. Donorların müayinəsi İranda, orqan köçürmələri isə Gürcüstan və Tacikistanda baş tutub.
Hər əməliyyata görə iranlı həkim Mohsen Tahiriyə və transplantasiyanın həyata keçirildiyi xəstəxanaya pul ödənildiyi bildirilir.
Bu böyrək köçürmələri ilə əlaqədar Gürcüstanda fəaliyyət göstərən “Lancet” tibb mərkəzinin azərbaycanlı rəhbəri Fərman Ceyranlı və Mohsen Tahiri haqqında cinayət işi ayrılıb. Fərman Ceyranlı başqa cinayət işi üzrə Gürcüstanda həbsdədir.





Baxış sayı: 326


Bölməyə aid digər xəbərlər