09:56 / 17-11-2019
TƏBRİK EDİRİK!
Aqil ABBAS: URRAA! ERMƏNİLƏR BAKIYA GƏLİR
Tarix: 03-11-2019 20:54 | Bölmə: Karusel
                                   

Millət Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı açılan sərgilərin, yazılan esselərin sevincini tam yaşamamış, bir-birlərini bu əlamətdar gün münasibətilə təbrik eləməmiş ikinci bir şad xəbər aldı. Ay dostlar, belə şad xəbərlərin arasında məsafə qoyun da, millət şoka düşər, sevincdən ürəyi partlayar, bəs onda bu nöyütü kim çıxarar?
Dostumuz, əzizimiz Rusiyanın xarici işlər naziri Serqey Lavrov bəyan etdi ki, tezliklə Ermənistan jurnalistlərinin Bakıya , bizim qələm əhlinin də İrəvana dostluq və qardaşlıq səfərləri olacaq.
Hörmətli Elmar Məmmədyarov Vaşinqtonda erməni həmkarı və ATƏT-in həmsədrləri ilə görüşdən sonra dedi ki, danışıqlar çox kooperativ, üzr istəyirəm ey, kooperativ yox, ona nə təhər deyirlər, hə, tapdım, kreativ alındı. Və belə qərara gəlindi ki, Ermənistan jurnalistlərinin Bakıya, bizim jurnalistlərimizin İrəvana səfərləri təşkil ediləcək. Nəhayət, Elmar müəllim ATƏT-in uzun müddətli mənasız missiyasından milləti sevindirəcək bir xəbər verə bildi.
Mən də təklif etdim ki, yaxşı olar ki, bizim Xarici İşlər Nazirliyi ilə Ermənistanın Xarici İşlər Nazirliyi arasında futbol üzrə yoldaşlıq görüşləri keçirilsin. Bu daha böyük əks-səda verər. Necə ki Türkiyə ilə Ermənistan arasında belə gözəl futbol görüşü keçirildi. Hətta Abdulla Gül Serj Sərkisyanı evinə dəvət elədi, xanımı da Ermənistan prezidenti üçün plov dəmlədi.
Düzdür, bir az dilxorçuluq oldu, bizim bayraqları Bursada stadiona buraxmayıb zibilliyə atdılar, eybi yox, əsas odu ki, qardaş Türkiyə ilə Hayastan arasında münasibətlər bir az sıcaqlaşdı.
Bəli, ermənilər Bakıya gəlir. Yadıma Vəzirovun Azadlıq meydanında dediyi sözlər düşdü: «Muştuluğumu verin, ermənilər Bakıya qayıdır».
Deyirəm görən jurnalistlər Bakıya gələndə Azərbaycan SSR-nin xalq artisti Nauri Allahverdiyanı da özləri ilə gətirərlərmi? Darıxmışıq, gözəl xanımıydı, vid-fasonu, Bisütun dağı kimi bədən quruluşu.
O vaxt Qarabağda bir erməni müğənni də vardı Anahit. Onun səsi Naurinin səsindən də gözəl idi, amma ona heç bir ad vermədilər. Çünki vid-fasonu və bədən quruluşu nəinki xalq artistliyinə, heç əməkdar artistliyə də düşmürdü. Bilmirəm, durur, yoxsa yox, Qarabağın Qarabağ vaxtı bizim Vasif Quliyevin dostuydu. Hərdən İsa bulağına gətirdib oxudurdu.
Nauri gəlsə Bakıda Zaradan da möhtəşəm bir konsert verə bilər. Gərək ki, gələn il də 80 illik yubileyidi.
Erməni jurnalistləri Naurisiz gəlsə, inciyəcəm.
Amma bilmirəm onu Azərbaycan SSR xalq artistliyindən məhrum ediblər, yoxsa yox.
P.S. Amma Dillər Universitetinin rektoru, yazıçı dostumuz Kamal Abdulladan incimişik. Professor Rusiya səfirliyinin Primakovla bağlı etdiyi təklifə nəinki rədd cavabı verib, hətta universitet yetkilisi cavab məktubunda Primakovu yıxıb-sürüyüb.
Bax, bu yaxşı olmadı!
Darıxanlar üçün Naurinin şəklini dərc edirik.
Bir vaxtların Kim Kardaşyanı idi.
Adalet.az





Baxış sayı: 67


Bölməyə aid digər xəbərlər
9-11-2019, 10:56 İltifat Saleh vəfat etdi