Bütün xəbərlər
Qənirə Paşayeva Tovuzda gənclərlə görüş keçirdi
Tarix: 09-09-2019 18:24 | Bölmə: Gündəm

     Qənirə Paşayeva Tovuzda gənclərlə görüş keçirdi


Milli Məclisin deputatı Qənirə Paşayeva Tovuzda fəal gənclərlə görüşüb və ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə geniş fikirlərini söyləyib. O, gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Azərbaycanın təbliğinə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb.
Dövlətin, millətin inkişafının gənclərlə bağlı olduğunu söyləyən deputat qeyd edib ki, Azərbaycanın güclənməsi xalqımızın güclənməsi deməkdir. O, tələbələrə dil bilgilərindən yararlanaraq Azərbaycanın haqq səsini sosial media vasitəsi ilə dünyaya daha fəal çatdırmağı tövsiyə edib. Erməni diasporu, lobbisi və dəstəkçilərinin Azərbaycan əleyhinə təbliğat apardığını deyən deputat bütün gəncləri duyarlı olmağa, yalanlara qarşı mübarizəyə səsləyib, gəncləri sosial media üzərindən yalan məlumatlarla Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı ciddi mübarizəyə səsləyib: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”.
Q.Paşayeva gəncləri daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Deputat bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. Bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir: “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir.”
Gəncləri xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran deputat gəncləri maraqlandıran sualları da cavablandırıb. Kitabı ən qiymətli hədiyyə adlandıran Qənirə Paşayeva tədbirin sonunda gənclərə Azərbaycan tarixini özündə əks etdirən kitablar hədiyyə edib.
Gununsesi.org


Baxış sayı: 627


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı