Turizm Agentliyi Şəki Xan Sarayındakı faciə HAQDA: “Effektiv üsul axtarılır”
Tarix: 16-07-2019 11:13 | Bölmə: Gündəm
İddialara görə,  Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılmasına səbəb ağacların vaxtında budanmamasıdır.
Bildirilib ki, ərazidə 24 Xan Çinarı var və onların budanması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilibmiş.
Müraciət isə ağacların budaqlarının quruması və təhlükəli hal alması ilə bağlı olub. Məlumata görə, ilkin olaraq nazirlik ağaclara baxıb rəy verməli, Yaşıllaşdırma İdarəsi isə onların budanmasını həyata keçirməli imiş.
Modern.az məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə ilə əlaqə saxlayıb.
Agentlik sözçüsü qeyd edib ki, hazırda qoruq ərazisində araşdırmalar davam etdirilir:“Sarayın həyətindəki iki çinarın budanması texniki baxımdan qəlizdir. Çünki bunun üçün xüsusi texnika lazımdır. Bildiyiniz kimi, Şəki Xan Sarayına giriş imkanları məhduddur, qapılar dardır, qala divarları məsələsi var, yəni hər nəqliyyat vasitəsi ora daxil ola bilmir. Budanma ilə bağlı daha effektiv üsul axtarılır”.
K.Quluzadənin sözlərinə görə, hadisəyə səbəb ağacların budanması və ya budanmaması olmayıb:
“Bu, təbii fəlakətdir. Çünki sistemli olaraq ağaclar budanır. Hər iki ildən, bir ildən bir ağaclar budanıb. Və bu yaxınlarda da budanması planlaşdırılırdı. Amma belə bir hadisə baş verdi”.
O qeyd edib ki, ağaclar qoruq ərazisində olduğundan budanmaya başlanması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmalıdır:
“Həmin rəy əsasında isə Yaşıllaşdırma İdarəsi budama işlərini həyata keçirəcək. Dövlət sifarişləri necə yerinə yetirilirsə, bu da həmin qaydada icra olunacaq.”
Agentlik rəsmisi işlərin tez bir zamanda yekunlaşdırılacağını, Şəki Xan Sarayı yaxın günlərdə ziyarətçilərin istifadəsinə veriləcəyini açıqlayıb.
O, sarayın fəaliyyəti dayandırıldıqdan sonra dəyən ziyanın dəqiqləşdirilmədiyini qeyd edib.
Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb.
Xəsarət alan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq, iyulun 15-də  Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.


Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər