Bütün xəbərlər
Heydər Əliyev zirvəsi daim əbədi bir məhşəl kimi xalqın yoluna nurlu işıq saçacaq
Tarix: 13-07-2019 17:40 | Bölmə: Gündəm

Tarixdə elə nadir simalar olur ki, onlar yalnız zamanın gərgin və təlatümlü məqamlarında meydana çıxır, bütöv bir millətin və ölkənin “ölüm ya olum” dilemması qarşısında qaldığı anlarda ölçüyəgəlməz bir məsuliyyəti öz üzərinə götürməkdən çəkinmirlər. Bu böyük missiyanı şərəflə yerinə yetirir və haqlı olaraq “xilaskar” adını qazanırlar. Belə nadir insanlar ümumdünya tarixində o qədər də çox deyil və Tanrının bizə bəxş etdiyi böyük xoşbəxtlikdir ki, onlardan biri XX əsrdə xalqımızın taleyinə yazılmış dahi şəxsiyyət, dünya şöhrətli fenomenal siyasətçi, bütün türk dünyasının lideri Heydər Əliyev olmuşdur.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının dilbər guşəsi olan Naxçıvan şəhərində dünyaya göz açıb. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.
Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.
1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin ( indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib. 1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.
Aparılan araşdırmalar onu demyə əsas verir ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyevin  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə yekdilliklə səs alaraq seçilməsi Azərbaycanın ictimai siyasi həyatında yeni bir eranın açılmasının təməlini qoymuşdu. Hələ 1969-cu ildə zati-ailələri Heydər Əliyev birinci dəfə Azərbaycana rəhbər təyin ediləndə ölkə bərbad vəziyyətdə idi. Uzun illər boyu bütün sahələrə sirayət etmiş geriliklər xalqın güzəranına da mənfi təsir göstərmişdi. Qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bilməyən respublika gözdən düşdüyündən mərkəzdən və ittifaq büdcəsindən faydalana bilmirdi. Bitib tükənməz enerjisi, qeyri-adi təşkilatçılıq bacarığı və rəhbərlik məharəti ilə fəaliyyətə başlayan cənab H.Əliyev qısa müddətdə Azərbaycanı tikinti və quruculuq meydanına çevirdi, iqtisadi yüksəliş yoluna çıxardı. Şəxsi nüfuzu və inadkarlığı saysində ittifaq büdcəsindən respublikamıza xeyli vəsait yönəldilməsinə nail oldu. Yorulmaq və dincəlmək bilmədən çalışan, ölkəni kəndbəkənd, şəhərbəşəhər gəzərək yeni obyektlərin bünövrəsini qoyan, fabrik, zavod, istehsal müəssisələri tikdirən, yollar çəkdirib, körpülər, yeni qəsəbələr və yaşayış massivləri saldıran cənab Heydər Əliyev Azərbaycanın simasını büsbütün dəyişdi. Bu dəyişiklik və yeniləşmə təkcə ölkə həyatını və iqtiadiyyatı deyil, xalqın yaşayışını, elmi, mədəni səviyyəsini də əhatə edirdi.
1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən H.Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən H.Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib. H.Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qarbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.
Təqvimdə ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəli idi. Tarixin təkəri azərbaycanın zərərinə fırlanırdı. Qanlı 20 Yanvar faciəsi günlərində Kremlin repressiya maşınından çəkinməyən Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinin qarşısında çıxış edərək bütöv bir millətin şərəf və ləyaqəti ilə oynamış, nahaq qana bais olmuş imperiya millitarizminə və şovinizminə qəzəb və nifrətini yağdırdı. Ali Sovetin 1991-ci il 29 avqust tarixli iclasında çıxış edən Heydər Əliyevin nitqi daha kəskin, prinsipial idi. Ölkədəki siyasi və iqtisadi böhrandan, dövlət hakimiyyətinin tənəzzülündən bəhs edən natiq kommunist diktaturasının süqutundan, 20 Yanvar faciəsinin günahkarlarının cəzalandırılmasının labüdlüyündən danışarkən konkret adlar göstərməkdən çəkinmədi.
1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildi vəölkənin müsəqillik və demokratiya yolu ilə inkişafının əsası qoyuldu. Lakin ölkənin bu yolu da kifayət qədər əziyyətli və çətin olmuşdur. Qısa vaxt ərzində baş verən hərbi-siyasi böhran, anarxiya və hakimiyyətsizlik epidemiyası dövlətçiliyi tənəzzülə məhkum etmiş, Azərbaycanın məhv olma təhlükəsini reallaşdırmışdı.
1993-cü ildə Azərbaycanda ictimai-siyasi vəziyyət son dərəcə gərgin idi. Siyasi ehtiraslar səngimək bilmirdi. Qanunlar işləmirdi. Torpaqlarımızın böyük bir hissəsi düşmən tapdığı altında inləyirdi. Əhali aclıq və səfalət içində çabalayırdı. Ölkənin milli sərvətləri hakimiyyətdə təmsil olunmuş mafioz qruplaşmalar tərəfindən talanırdı. Belə bir taleyüklü  məqamda insanların gözü Naxçıvana dikilmişdi və Heydər Əliyevin qayıdışı təkcə ölkəni deyi, bütövlükdə Azərbaycan xalqını məhv olmaq təhlükəsindən xilas etdi. Millətin yeganə ümid yeri, xilası və pənahı o idi, və o qayıtdı. Qayıtdı ki, Azərbaycanın oxundan çıxmış sahmanını özünə qaytarsın. Qayıtdı ki, ölkəni vətəndaş müharibəsinin quduz pəncəsindən, etnik separatçılıq meyillərinin fitnəkarlar tərəfindən körüklənməkdə olan ocaqlarından, vətən müharibəsinin şərəfsiz məğlubiyyətindən xilas etsin.
Müstəqilliyimizin və azadlığımızın əsas atributlarından sayılan üçrəngli bayrağımızı dünyanın hər yerində dalğalandırmaq və son nəticədə güclü Azərbaycan dövlətini qurmaq eşqi ilə yaşayan xalqımız özünün zəngin yeraltı, yerüstü sərvətlərinə, yüksək iqtisadi potensialına deyil, məhz dünya düşüncə, fikir tarixində bəşəriyyəti daima düşündürən və xoş arzuları gerçəkləşdirə bilən “həmişəyaşıl”, əbədi amilə- insan faktoruna, başqa sözlə desək, öz ilıq nəfəsilə daima Azərbaycanı günəşləndirən, ona mənəvi ruh, qida verən, müstəqilliyimizin şirinliyini dadmaqda və ona çatmaqda yeganə düzgün yolu göstərə biləcək böyük insan, millətin atası fateh Heydər Əliyevə üz tutdu.
Heydər Əliyev Azərbaycan xalqı naminə Tarix və Tanrı tərəfindən ona ərməğan edilmiş missiyaları yerinə yetirməyi bacardı. 1993-cü ilin iyunun 15-i Azərbaycan tarixinə Qurtuluş günü kimi daxil oldu. Həmin Qurtuluşu Azərbaycan xalqına bəxş edən isə Heydər Əliyev idi. Onun kortəbii ehtirasların tüğyan etdiyi məhşərli günlərdə Naxçıvandan Bakıya qayıdışı, əsl mahiyyətini onilliklər sonra qavraya və qiymətləndirə biləcəyimiz tarixi missiya idi. Uzaqgörən siyasətçi H.Əliyev üç ay ərzində dərinləşməkdə olan ictimai-siyasi böhranın qarşısını aldı. Heydər Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycan Respublikasının müstəqilliyi tarixi bir hadisədir. Bu, Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətdir və bu müstəqilliyin əldə olunmasında hər hansı qrupun, hərəkatın, qüvvənin müstəsna xidmətləri olduğunu heç vəchlə qəbul etmək olmaz. Bu səmimi sözlərin doğruluğunu qəbul etməklə bərabər, onu deməliyik ki, Azərbaycanın müstəqilliyi, onun qorunub saxlanılması onun əldə edilməsindən çox-çox çətindir. Ancaq Heydər Əliyev isə, müstəqilliyi həm yaradan, həm də qoruyub saxlamağı bacaran, onu əbədi edə bilən dövlət xadimidir. Bir sözlə, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin və müstəqil Azərbaycanın banisidir. Milli dövlətə, Azərbaycan dövlətçiliyinə xidmət H.Əliyevin bütün siyasi fəaliyyətinin əsas prinsipi və mahiyyətini təşkil edir. Onun siyasi fəaliyyətində bu məsələ ana xətt olmuşdur.
Ömür elə bir nemətdir ki, hamıya verilir - kiminə çox, kiminə az. İllər insanlara ömür vermir, insanın özü illərə ömür verir. Özünün bütün həyat və fəaliyyəti, varlığı ilə illərə işıqlı ömür verən, xalqın mənəviyyatını zənginləşdirən, onu dünyada layiqli səviyyədə tanıdan, milli mədəniyyətimizin hərtərəfli inkişafını ən ümdə vəzifəsi sayan xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev tabeçiliyində heç bir strukturun olmadığı, yalnız öz sözünə və bacarığına güvənən siyasi xadim kimi məhz özünün zəngin rəhbərlik təcrübəsinə əsaslanaraq dövlətin dağılmasının qarşısını aldı.
Xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” prinsipini əsas götürmüş və canından artıq sevdiyi vətəinin inkişafı, tərəqqisi üçün əlindən gələni əsirgəməmişdir. Heydər Əliyev zaman-zaman, mərhələ-mərhələ ölkədə ictimai-siyasi sabitliyə nail oldu, müharibə oyunlarına son qoydu, hüquqi, dünyəvi, demokratik dövlət, vətəndaş cəmiyyəti qurdu, Azərbaycan dövlətinin bütün dünyada nüfuz sahibi olması üçün əlindən gələni etdi, Ermənistanın təcavüzkar simasını beynəlxalq ictimaiyyətə göstərdi, ölkədə münbit investisiya mühiti yaratdı.
Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Prezident Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak edib. 1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan "Dövlət Gənclər Siyasəti haqqında" fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər. "Dövlət gənclər siyasəti haqqında" fərman çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumlarının icrasına yönəldilib. Fərmana müvafiq olaraq ''Gənclər siyasəti haqqında'' Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 9 aprel 2002-ci il tarixdə Heydər Əliyev tərəfindən imzalanıb. Gənclər siyasətinin həyata keçirilməsi əsas cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırılıb. Heydər Əliyev siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşır.
Heydər Əliyevin çoxşaxəli daxili və xarici siyasi fəaliyyəti istər SSRİ dövründə, istərsə də müstəqilliyimiz dövründə hər bir zaman yüksək səviyyədə qiymətləndirilmişdir. Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.
2003-cü il 12 dekabr tarixində xalqımızın böyük oğlu Heydər Əliyev əbədi olaraq bu dünyaya göz yumdu. Heydər Əliyevin həyat prinsipi həmişə ədalət, sülh, əmin-amanlıq və xalqın rifahı, dövlətin qüdrətinin və təhlükəsizliyinin möhkəmləndirilməsi olmuşdur. Bu kədərli xəbər sülhü və milli əmin-amanlığı həyatının amalı, ən yüksək mənəvi və insani hünər sayanların hamısının ürəyini ağrıtmışdır. Bu gün ulu öndər cismən olaraq bizlərin arasında deyil, ancaq o, ruhən hər bir zaman Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayır və yaşıyacqdır.
Ümummilli liderimiz Heydər Əliyevin daxili və xarici siyasət strategiyasının parametrləri onun siyasi varisi olan İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. 11 aprel 2018-ci il tarixində keçirilən növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı H.Əliyev ideyalarının layiqli davamçısı olan İlham Əliyevi seçməklə daimi müstəqilliyə, sabitliyə, tərəqqiyə və işıqlı gələcəyə səs verdilər.
Milli qurtuluşumuzun banisi olan, bizə Azərbaycanı, bizi Azərbaycana əmanət qoyub gedən Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi daim əbədi bir məhşəl kimi xalqın yoluna nurlu işıq saçacaq.
Yusif Cəfərbəyli
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi və universitetin
İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri, gənc muğam ifaçısı




Baxış sayı: 985


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı