Bütün xəbərlər
ULU ÖNDƏR HEYDƏR ƏLIYEV HƏR ZAMAN ZIRVƏDƏDİR!
Tarix: 12-07-2019 15:09 | Bölmə: Gündəm

Bu müdrük insanın ömür salnaməsini dönə-dönə səhifələmək, oxumaq, öyrənmək və oxuya-oxuya, öyrənə-öyrənə sevərək təbliğ etmək lazımdır, çünki Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycanın tarixidir.Siyasətdə müdriklik, həyatda praqmatizm məktəbi, dövlət idarəçiliyində ustalıq - bu böyük siyasətin ana xəttini təşkil edir. Azərbaycan siyasətçiləri içərisində heç kimə bu qədər siyasət Olimpinin zirvəsində qalmaq və Vətəninə, xalqına xidmət etmək və heç kəsə ürəklərdə sağlığında özünə heykəl ucaltmaq da nəsib olmayıb. Azərbaycanın müasir tarixinin 50 illik dövrü Heydər Əliyevin adı ilə bağlıdır.Bütövlükdə Azərbaycanın uğurlu inkişafının təməlində Heydər Əliyev siyasəti dayanır. Azəbaycan xalqının fikr və arzularının ifadəçisi Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə iyul ayının 14 Azərbaycan rəhbərliyinə seçilməsi tariximizin dönüş nöqtəsi kimi yaddaşlara həkk olunub. Keçmış SSR İttifaqında 60-cı illərə qədər Azərbaycan bütün sahələrdə xoş olmayan günlərini yaşayırdı. İnsanların həyatı yaxşı deyildi. Nəticə etibarilə Azərbaycan keçmiş İttifaqın ən geridə qalmış respublikalarından biri idi. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə seçilməsindən çox qısa zaman sonra Azərbaycanda o zaman müşahidə olunan xoşagəlməz proseslərin qarşısı alındı, iqtisadiyyat inkişaf etməyə başladı, çoxlu sayda sənaye müəssisələri yaradıldı. Ölkənin sənaye potensialı yüksəldi, kənd təsərrüfatında böyük dönüş başladı. Azərbaycanda çox güclü kənd təsərrüfatı və aqrokompleks yaradıldı. Ölkəmizdə üzümçülük, pambıqçılıq çox sürətlə inkişaf etdi. Bir tərəfdən sənayenin və kənd təsərrüfatının inkişaf etdirilməsi, digər tərəfdən müasir texnologiyalar əsasında aqrosənaye komplekslərinin yaradılması insanların rifahını köklü surətdə dəyişdi. Məhz o zamandan Azərbaycanın şəhərlərinin, kəndlərinin siması dəyişdi. Bakı şəhəri müasirləşdi, yeniləşdi. Çoxlu sayda mənzil tikildi.Təkcə sənaye və kənd təsərrüfatı deyil, elm və təhsil, səhiyyə də ciddi şəkildə inkişaf etdi. Çoxlu məktəblər, ali təhsil ocaqları yaradıldı: Eyni zamanda, Azərbaycan gənclərinin keçmiş İtttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almalarına imkan yaradıldı. Bu gün ölkəmizdə ayrı-ayrı sahələrdə çalışıb davamlı inkişafa töhfələr verən şəxslərin böyk əksəriyyəti həmin kateqoriyadan olan insanlardır. Mədəniyyətin, incəsənətin inkişafına davamlı töhfələr verildi. Azərbaycanın bir çox dəyərli elm, mədəniyyət, incəsənət adamları o dövün ən yüksək adlarına layiq görüldülər. Bütün bunların hamısı ulu öndər Heydər Əliyevin Azərbaycan qarşısında etdiyi möhtəşəm xidmətlərdir ki, bunların sayəsində ölkəmiz böyük bir inkişaf mərhələsi keçdi.Milli şüurun inkişafı həmin dövrün ən xarakterik cəhəti idi. Azərbaycan xalqında özünə inam hissi artdı, gələcəyə daha böyük inamla baxdı. Bütün bunların hamısı milli özünüdərkin, milli qürurun ayrı-ayrı elementləri olaraq, hər bir xalq üçün önəmli olan azadlıq hissinin möhkəmlənməsinə böyük təsir göstərir. Əzilən, özünü dərk edə bilməyən bir millətin azadlıq hissi ilə özünü dərk edən, öz qürurunu ifadə edən bir millətin azadlıq hissləri təbii ki, fərqli olur. Bu mənada hesab edirəm ki, ulu öndər Heydər Əliyevin 70-ci illərin əvvəllərində Azərbaycana rəhbərlik etməsi və ölkəmizin mühüm inkişaf mərhələsinə qədəm qoyması Azərbaycanın milli özünüdərkinin çox vacib bir mərhələsini təşkil edir. Biz bunun nəticəsini sovet hökumətinin mövqeləri zəifləyəndə Azərbaycanda azadlıq ruhunun özünü aydın ifadə etməsində gördük. 90-cı illərin əvvəllərində Azadlıq meydanında möhtəşəm nümayişlər Azərbaycan xalqının milli ruhunun ifadəsi idi. Bu inkişaf olmasaydı, Azərbaycan xalqı özünü bir millət olaraq azad yaşamağa haqqı çatan toplum kimi dərk etməsəydi, yəqin ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindəki milli azadlıq hərəkatı da o vüsəti əldə etməzdi.Çox sevindirici haldır ki, müstəqil Azərbaycanın formalaşması, qüdrətinin artması missiyası da ulu öndər Heydər Əliyevin əzəmətli çiyinləri üzərində qərar tutmalı oldu. Ölkəmizin real müstəqil dövlət kimi formalaşması, təsdiqi ulu öndər Heydər Əliyevin xidməti kimi tariximizə yazılıb. 90-cı illərin əvvəllərində Azərbaycan müstəqillik əldə etdikdən sonra o dövrün iqtidarı Azərbaycanın müstəqil dövlət kimi formalaşmasını təmin etmək iqtidarında deyildi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkəmizi mövcud problemlərdən xilas etdi. Müstəqil Azərbaycan dövləti yarandı. Azərbaycanın siyasi sistemi formalaşdı. Ölkəmizin təhlükəsizliyi təmin edildi. Cəbhə xəttində atəşkəs əldə olundu. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı. Müstəqil dövlət kimi özünü dünyaya təqdim etdi. İqtisadi islahatlar həyata keçirildi. Neft strategiyasının əsası qoyuldu. Bunun nəticəsində Azərbaycan iqtisadiyyatı böyük inkişaf mərhələsi yaşayır. Bugünkü Azərbaycanın iqtisadi bünövrəsi qoyuldu. Beləliklə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 ildə yeni Azərbaycan quruldu.Azərbaycan Heydər Əliyev siyasətinin uğurlarını yaşayır. Dövlətimizin başçısı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bu gün əldə etdiyimiz nailiyyətlər Heydər Əliyev siyasətinin nəticəsidir. Azərbaycan böyük uğurlar əldə edib.Bütövlükdə Azərbaycanın uğurlu inkişafının təməlində Heydər Əliyev siyasəti dayanır. Bu, elə bir siyasət, strategiyadır ki, bunun əsasında Azərbaycan bundan sonra da uzun illər öz yüksəlişini təmin edəcək. Azərbaycan daha da qüdrətlənəcək, möhkəmlənəcək. Azərbaycan xalqının milli həmrəyliyi daha da güclənəcək, möhkəmlənəcək. Azərbaycanın dünya birliyində mövqeləri artacaq. Azərbaycan regional, beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsində xüsusi fəallıq göstərir. Ölkəmiz bu layihələrin əsas təşəbbüsçüsü və iştirakçısıdır. Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət və bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan nisbətən gənc olan dövlətlər sırasında ən uğurlu dövlətdir. Azərbaycan bu illər ərzində iqtisadiyyatını 3 dəfədən çox artırıb. İnsanların rifah halının yaxşılaşdırılması istiqamətində mühüm uğurlar əldə olunub. 2019-cu ilin 6 ayı ərzində ölkəmizdə minimum əməkhaqqı və pensiyalar iki dəfə artırılıb. Digər kateqoriyadan olan vətəndaşlara yardımlar və güzəştlər də artırılıb. Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafı, əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi nüfuzunun artmasında mühüm rol oynayır. Bu gün Azərbaycana çiçəklənən, perspektivi olan ölkə kimi yanaşılır və dəyər verilir. Bu, həm reytinq agentliklərinin, həm də ölkəmizə gələn xarici qonaqların verdikləri qiymətdir. Dünyanın heç bir yerində Bakı, ümumilikdə Azərbaycan qədər müasirləşən, yeniləşən ölkəni təsəvvür etmək mümkün deyil. Bakımızın, Azərbaycanımızın simasının dəyişməsi mühüm nailiyyətdir. 50, 100 ildən sonra bu gün yaradılan infrastruktur Azərbaycanın öz imkanları ilə qürur duymasına imkan yaradacaq.Bu, müasirlikdir, yenilikdir, möhtəşəmlikdir, daha sürətli inkişaf və insanlara daha yaxşı yaşamaq imkanlarının yaradılmasıdır. Prezident İlham Əliyevin mövcud imkanlardan istifadə edərək Azərbaycanın daha da müasirləşməsi, yeniləşməsi istiqamətində atdığı addımlar daha möhtəşəm, tarixi addımlardır. Bu fəaliyyət uzun müddət Azərbaycanın davamlı inkişafı üçün əsas yaradıb. Heydər Əliyev özü şəxsiyyət kimi tarixi hadisədir. Tarix şəxsiyyəti yaradır, bu cür şəxsiyyətlər isə tarixi. O həmişə lider olub. O, imperiya dövründə də lider idi, istiqlalımız dövründə də liderdir, onu o dövrdə də tərif, mədhiyyə, tənqid atəşinə tutublar, indi də, bunlar heç nəyi dəyişməyib - dəyişməyən amalı, əqidəsi və mənəviyyatı imkan verməyib. Otuz ildən artıqdır ki, Heydər Əliyev cənabları sənin, mənim, onun - Azərbaycan xalqının gözü qarşısında dahiləşib, əbədiləşib, zirvələşib. Heydər Əliyevin ən böyük fəxri, qüruru onun yaratdıqları, gördüyü işlərlə doğma xalqının qəlbini fəth etməsi idi. Bu fəthiylə o, xalqının qəlbində əbədi yaşayacaq - bugünkü nəslin də, sabahkı nəslin də. Bu gözəl insanın ömür salnaməsini dönə-dönə səhifələmək, oxumaq, öyrənmək və oxuya-oxuya, öyrənə-öyrənə sevərək təbliğ etmək lazımdır, çünki Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycanın tarixidir. O, ömrünün 81-ci ilində - müdriklik, ağsaqqallıq zirvəsində bizi tərk etdi. Amma o, cismən bizdən ayrılıb. Heydər Əliyev öz ideyaları, hələ başa çatdıra bilmədiyi işlərlə, Azərbaycanın 10, 20, 50, 100 il sonrakı gələcəyini görən böyük planları, arzuları ilə daima bizimlə olacaq. O hər zaman zirvədə olacaq. Heydər Əliyevi bu zirvəyə xalq, onun etimadı və inamı yüksəldib. Onun fəth etdiyi ən böyük zirvə xalqın qəlbidir. Həmin zirvədən Azərbaycanın dünəni və bugünü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da aydın görünür. Yetər ki, hər birimiz Azərbaycanın sabahını düşünərək həmin zirvənin işığında addımlamağı bacaraq...
Vəkil Rövşən Qasımov



Baxış sayı: 1 758


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı