Bütün xəbərlər
Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz -Elvin Talışınski
Tarix: 13-05-2019 08:08 | Bölmə: Gündəm

Milli-mənəvi dəyərlər sistemi hər bir insanın, xalqın, millətin kimliyini ortaya qoyan ən başlıca amillərdəndir. Hər bir xalqın milli varlığının əsasını məhz onun tarixən formalaşanmilli-mənəvi dəyərləri təşkil edir.Belə ki, bu dəyərlər özünün tarixi inkişaf mərhələsi boyunca müxtəlif nəsillərin, dövrlərin məntiqi əlaqəsini yaradır,həmçinin tarixi yaddaşın bölünməzliyi və bütövlüyünü təmin etməklə, onun güclü tərbiyəvi əhəmiyyətini önə çəkir.
         Tarixi təcrübəyə əsaslanaraq aydın şəkildə müşahidə etmək olar ki, milli-mənəvi dəyərlərinə sahib çıxmayan və başqa millətlərin ideologiyasına yönələn, milli mənliklərini itirənxalqlar və millətlər sonunda dünya coğrafiyasından silinib yox olmaqdan qaça bilməmişdir. Bu səbəbdən bir cəmiyyəti daxildən məhv etmək istəyənlər həmin cəmiyyətin milli-mənəvi dəyərlərini başlıca hədəf olaraq seçirlər. Çünki, məhz bu dəyərlər milləti meydana gətirən bütün şəxsiyyətlərin, ziyalıların, mütəfəkkirlərin, ideoloqların ortaq varolma qaynaqları, mövcudluq səbəbləridir. Milli-mənəvi dəyərlər ümumilikdə hər bir millətin birlik, bərabərlik və ictimai həmrəylik içərisində yaşamasına,özünün milli kimliyi ilə beynəlxalq aləmdə tanınmasına imkan yaradır.
Müstəqil Azərbaycan cəmiyyətinin mütərəqqi inkişafı üçün mühüm amillərdən biri də vətəndaşların, ümumilikdə xalqıntəfəkkürünün, dünyagörüşünün formalaşmasında və tərbiyə olunmasında milli-mənəvi dəyərlərdən düzgün istifadə edilməsidir.Milli müstəqillik və demokratiya, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar bir qayda olaraq milli-mənəvi dəyərlərin ictimai həyatımızda rolu və əhəmiyyətinin artması ilə əlamətdardır.
Hər bir xalqın həyatında mənəviyyat, əxlaq, mədəniyyət və onun kimliyini formalaşdıran bir çox amillər onun ayrılmaz hissəsini təşkil edir.Başqa sözlə desək, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır.Azərbaycan xalqı həmişə öz torpağına, tarixinə, gələcəyinə, milli dəyərlərinə bağlı və olduqca sadiq qalan bir xalqdır.
Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, onun dövlətçiliyin ayrılmaz tərkib hissəsinə və dövlət siyasətinin aparıcı qoluna çevrilməsində isə Ümummilli lider Heydər Əliyevin müstəsna rolu və əməyi olmuşdur. Hələ 2001-ci ildə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı bəyanatında: “hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir” – deyən Ulu öndər Heydər Əliyev bizlərin hər şeydən əvvəl öz xalqımızın milli-mənəvi dəyərlərinə sahib çıxmağımızın, öz mədəniyyətimizin, adət-ənənələrimizin, mentalitetimizin qoruyub saxlamağımızın və gələcək nəsillərə düzgün çatdırılmasının nə dərəcədə əhəmiyyətli olduğunuqeyd etmişdir.
Heydər Əliyev qorunması vacib olan milli-mənəvi dəyərlərin üç tərkib hissəsini xüsusiləqeyd etmişdir: dilimiz, dinimiz, adət-ənənələrimiz.Ulu öndərözünün siyasi fəaliyyəti boyuncamilli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürərək göstərirdi ki, bunları qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyini qorumaq əzmində olacaqdır. Çünki bunlar arasında sıx bir daxili əlaqə vardır.
         Həqiqətən də milli dəyərlərimizə, doğma torpaqlarımıza, doğma ana dilimizə, bizi kamilləşdirən mükəmməl din olan İslam dini dəyərlərinə, böyük və zəngin tariximizə, millətimizə sadiq qalmağımız bizim ilk növbədə vətəndaşlıq borcumuzdur. Bu dəyərləri yaşadaraq gələcək nəsillərə ötürmək xalqın keçmişini, onun varlığını qorumaq deməkdir.
Milli-mənəvi dəyərlər, həmçinin adət-ənənələrimiz, onların qorunması, kənar təsirlərdən xilas olması, saflaşması, Azərbaycan xalqının dəyərli sərvəti kimi milli emblemə çevrilməsindəbu gün də aparılan uğurlu dövlət siyasətini xüsusilə vurğulamaq lazımdır.
Respublikamızda aparılan din siyasəti nəticəsində etiqad azadlığının həyata keçirilməsi üçün tam şərait yaradılmış və dini dəyərlərə xüsusi diqqət ayrılmışdır.Bununla yanaşı, dövlətlə din arasında qarşılıqlı anlaşma və əməkdaşlıq da gücləndirilmişdir. Bütün bunların əsasında Azərbaycanda dövlət-din münasibətlərinin özünəməxsus modeli formalaşmışdır.Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük xidmətlərindən biri də 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur.Komitənin əsas fəaliyyət məqsədlərindən biri kimi məhz milli-mənəvi dəyərlərin Azərbaycanda təbliğ edilməsi və gənclərə aşılanması məsələsini göstərək olar. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması və beynəlxalq miqyasda təbliği istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə Qafqaz Müsəlmanları İdarəsinin də fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Təbii ki, bu istiqamətdə dövlət siyasəti baxımından son dövrdə atılan ən mühüm addımlardan biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2017-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması olmuşdur.
Heç şübhəsiz, bütün yuxarıda qeyd olunanlara yekun vuraraq söyləmək olar ki, bu gün müstəqillik dövründə Azərbaycanda dövlət quruculuğu prosesi də məhz milli-mənəvi dəyərlər üzərində qurulmuşdur.
Elvin Talışınski
Bakı İslam Universitetinin kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru,
Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin sədri




Baxış sayı: 2 043


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı