22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
"20 Yanvar faciəsi Qiyamət gününə qədər unudulan deyil"...-Şeyxülislam Allahşükür Paşazadə
Tarix: 17-01-2020 00:07 | Bölmə: Gündəm
1990-cı ilin 20 yanvarında xalqımızın tarixinə qanlı səhifə kimi yazılmış müdhiş faciə günlərində Moskvada Ulu Öndər Heydər Əliyevin, Azərbaycanda isə bir qrup vətənpərvər ziyalılarla yanaşı Şeyxülislam Allahşükür Paşazadənin barışmaz mövqeyi, fədakar səyləri nəticəsində həqiqətlər dünya dövlətlərinə çatdırıldı. Həmin günlərin ağrı-acısını yaşayanlar, fotolar, audio-video yazılar- xalqın bu faciəli günlərində Şeyxülislam Allahşükür Paşazadənin necə fədakarlıqlara imza atdığının, SSRİ rəhbərliyinə qarşı bu qanlı olayla bağlı barışmaz mövqe nümayiş etdirildiyinin canlı şahidləridir. Şeyxülislam həzrətlərinin həyatı və fəaliyyəti haqqında yazmaq, onun uca şəxsiyyətinin hərtərəfli və dolğun təsvirini yaratmaq çətindir. Allah-təalaya xidmətə, müqəddəs dinimizə, bəşəri xeyirxahlığa, doğma xalqının mənəvi-əxlaqi dəyərlərinin zənginləşməsinə həsr olunmuş bu ömrün həm maraqlı, həm də ibrətamiz səhifələrini vərəqlədikcə, hansı xarakterik cizgini, hansı hadisəni önə çəkmək, nələri daha qabarıq, daha iri planda göstərmək barədə düşünməli olur, onların məna və siqlətini tam aydınlığı ilə açmaq üçün lazımi ifadə vasitələri tapmağa çalışırsan. Azərbaycanın ictimai-mənəvi, dini mühitinin Hacı Allahşükür Paşazadənin şəxsiyyəti və fəaliyyəti ilə sıx bağlı olan son qırx illik dövrü ciddi sınaqlar görüb. Şeyxülislam həzrətləri bunların hər birindən mərd-mərdanə, qürurla, şərəflə keçib, ən başlıcası, əsl din-iman adamı kimi daim xalq ilə birlikdə olub, xalqın mənafeyini qoruyub, xalqa xidmət edib. Doğulub boya-baça çatdığı Lənkəranın Cil kəndindən o vaxt sovetlərin ərazisində İslam dini üzrə təhsil müəssisələrinin yerləşdiyi Özbəkistana gedəndə on yeddi yaşlı Allahşükür Paşazadə özünün iti zəkası və dərin hafizəsi sayəsində Qurani-Kərimi, şəriət tələblərini dərindən öyrənibmiş. Daşkənddə əvvəlcə mədrəsə, sonra da ali ruhani təhsili aldığı müddətdə isə İslamın elmi-nəzəri əsaslarına yiyələnərək Azərbaycana mükəmməl bir ruhani kimi qayıdıb. Xalqımız öz tarixi taleyinin həm faciəli, həm də qürurverici səhifəsi olan 20 Yanvar hadisələri zamanı dini rəhbərimizin hələ gücünü, qüdrətini itirməmiş sovet dövlətinə, imperiya qüvvələrinə qarşı mübarizədə göstərdiyi böyük fədakarlığı heç vaxt unutmayacaqdır. Onun mənfur Mixail Qorbaçova məktubu fiziki qırğına məruz qalan, amma sınmayan, əyilməyən bir xalqın polad iradəsini və gələcəyə inamını təcəssüm etdirirdi: “... Dinc, namuslu, hamıya dost münasibəti bəsləyən Azərbaycan xalqını kimlərinsə xatirinə qırmaq nə dövlət rəhbərinə, nə də adi bir insana yaraşan hərəkət deyil. Bizi qırmaq olar, əzmək olar, amma sındırmaq olmaz. Mən bütün Azərbaycan xalqının iradəsini ifadə edərək qoşunların Bakıdan təxirə salınmadan çıxarılmasını tələb edirəm. Heç bir xalq ilə, o cümlədən Azərbaycan xalqı ilə silahla danışmaq olmaz. Bu, on gün və ya Əfqanıstandakı kimi on il davam edə bilər, lakin haqq-ədalət əvvəl-axır qələbə çalacaqdır. Nə olursa-olsun, Allah-təalanın köməyi ilə ədalət Azərbaycanda da zəfər çalacaqdır, xalqımızın sovet əsgərlərinin gülləsinə tuş gəlib həlak olmuş oğul və qızları da öz həyatlarını bunun naminə qurban vermişlər”. Peyğəmbər yolunun davamçısı, müdrik və uzaqgörən Şeyxülislamın Azərbaycanda haqq-ədalətin qalib gələcəyi barədə əminliklə söylədiyi bu sözlər az sonra həqiqətə çevrildi, gerçək oldu. Ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycanın dini rəhbəri bizim müsəlman dinimizi nəinki Azərbaycanda, bütün Qafqazda təmsil edən ən yüksək rütbəli şəxsdir. Əgər Azərbaycanın dini rəhbəri bütün Qafqaz müsəlmanlarının Şeyxülislamı adını alıbsa, demək, bu bizim üçün böyük iftixar hissidir”. Şeyxülislam A.Paşazadənin dini, elmi və ictimai xadim kimi göstərdiyi sülhməramlı fəaliyyət bir sıra dövlətlərin, dini təşkilatların, elm və təhsil ocaqlarının, beynəlxalq qurumların diqqətini cəlb etmiş, o, bir sıra orden və medallarla təltif edilmişdir. Təltif olunduğu ordenlər aşağıdakılardır: SSRİ-nin “Xalqlar Dostluğu” ordeni (1988-ci il), Misirin I dərəcəli “Əl elm və əməl” ordeni (1992-ci il), Azərbaycan Respublikasının “Şöhrət” ordeni (1994-cü il), Çeçenistan Respublikasının “İstiqlal” ordeni (1999-cu il), Rus Pravoslav Kilsəsinin I dərəcəli “Müqəddəs Vladimir” ordeni (2001-ci il), Gürcüstan Respublikasının “Şərəf” ordeni (2002-ci il), Vatikan Dövlətinin “Müqəddəs Georgi” ordeni (2005-ci il), Rus Pravoslav Kilsəsinin I dərəcəli “Sergi Radonejski” ordeni (2005-ci il), Rusiya Federasiyasının “Dostluq” ordeni (2006-cı il), İordaniya Krallığının I dərəcəli “Kral Hüseyn” ordeni (2007-ci il),Azərbaycan Respublikasının “Şərəf” ordeni (2009-cu il) və s.
Vəkil Rövşən Qasımov


Baxış sayı: 673


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı