Bütün xəbərlər
Naxçıvan İran vətəndaşları üçün viza rejimini ləğv etdi
Tarix: 27-11-2019 17:47 | Bölmə: Gündəm

                 Naxçıvan İran vətəndaşları üçün viza rejimini ləğv etdi

Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, dekabr ayının 1-dən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər:
"İran İslam Respublikası vətəndaşları Naxçıvan Muxtar Respublikasına səfər etdikləri zaman onlara Culfa, Şahtaxtı və Sədərək sərhəd-nəzarət məntəqələrində muxtar respublikaya giriş üçün 5 (beş) avro məbləğində dövlət rüsumu alınmaqla 15 gün qalma müddətli birdəfəlik giriş icazəsi, muxtar respublika ərazisindən hava yolu ilə Bakı şəhərinə və ya Azərbaycan Respublikasının digər rayonlarına səfər edə bilmələri üçün isə sadalanan sərhəd nəzarət məntəqələrində 20 (iyirmi) ABŞ dolları məbləğində dövlət rüsumu alınmaqla 30 gün qalma müddətli birdəfəlik (adi) giriş vizası rəsmiləşdirilməkdədir.
Bununla birlikdə 01 dekabr 2019-cu il tarixdən etibarən yuxarıda adıçəkilən sərhəd-nəzarət məntəqələrində İran İslam Respublikası vətəndaşları üçün rəsmiləşdirilən 15 günlük giriş icazələri və birdəfəlik (adi) giriş vizaları ləğv ediləcək. İran İslam Respublikası vətəndaşları həmin tarixdən heç bir viza və ya giriş icazəsi tələbi olmadan muxtar respublika ərazisinə 15 gün müddətinə səfər edə biləcək".
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti noyabrın 26-da Naxçıvan Muxtar Respublikasına səfər edən İran İslam Respublikası vətəndaşlarının viza tələbindən azad edilməsi haqqında qərar verib. Qərarı Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev imzalayıb.
Məlumat üçün deyək ki, bu ilin oktyabrında Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği də azaldılıb.


Baxış sayı: 506


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı