Bütün xəbərlər
Nə qədər ki, Qarabağın müstəqilliyi tanınmayıb, Azərbaycan onu azad etməlidir!
Tarix: 03-11-2019 00:48 | Bölmə: Gündəm
                             
Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 
Bu gün dünyada beynəlxalq qanunların işləməməsi göz önündədir. Görünür onu işlək hala gətirmək üçün "ununa" "qan" tökməkdən gərək çəkinməyəsən. ABŞ Konqresinin aşağı palatası sayılan Nümayəndələr Palatasında ermənilər tərəfindən illərdir Türkiyənin başına süni şəkildə qondurulmuş "erməni soyqırımı" oyununun mövsümü olaraq apreldə deyil, bu dəfə daha tez gündəmə gətirilməsi, şübhəsiz ki, Türkiyənin Suriyada apardığı "Barış pinarı" adlı antiterror əməliyyatlarına açıq təzyiq olduğunu bütün dünya müşahidə edir. Çünki indiyədək bu "qırılmış ermənilər" Kardaşyanın timsalında ömür boyu istənilən "kefi duran" güclü dövlətin  əlində ən işlək və sevimli "alət" olmaqdan başqa heç nəyə yaramayıblar.
 
Əlbəttə, əgər Türkiyə sadəlövhlük etsəydi, ABŞ və Avropa tərəfindən başlanan "Ərəb baharı" onu dövlət olaraq parçalayıb öz "payızına" çatdıracaqdı. Ancaq Türkiyə ABŞ-ın Suriyada "tunel altından terrorçu yeritməsinə" imkan vermədi. Əslində Suriyada paxırları üzə çıxan ABŞ və Avropa məhz bu üzdən Türkiyəni cəzalandırmaq məqsədi ilə "soyları qırılmışları" yenidən "dövriyəyə" buraxıblar. Sözsüz ki, burada Türkiyənin Rusiya ilə birgə antiterror əməliyyatı aparması da "demokratiya atası" və  "sivilizasiya anasını" bərk qısqandırır. Şübhə yoxdur ki, əsrlərlə tarixi olan Türkiyə qüdrətli dövlət olaraq bütün bu oyunlardan şərəflə çıxacaq.
 
Amma yaranmış bu siyasi şəraiti qaçırmayan Qarabağda "əldə düzəldilən" və adətləri üzrə özlərini həmişə "aşağıda" xoş hiss edən ermənilərin, məhz bu məqamda ABŞ Konqresinin aşağı palatasına dürtülə bilmələri çox maraqlıdır. Bu bir faktdır ki, oktyabrın 30-da ABŞ-a yollanan qondarma "Artsax"ın "xarici işlər naziri" Masis Mailyan ABŞ Konqresində "Artsax"ın müstəqilliyinə həsr edilmiş tədbirdə əsas məruzəçi kimi çıxış edib. M.Mailyan hətta "dövlət" quruculuğundan, "Artsax"ın beynəlxalq aləmdə tanınması, onun beynəlxalq əlaqələrinin genişləndirilməsi və Qarabağ probleminin sülh yolu ilə nizama salınması barədə də  danışıb. Tədbirdə çıxış edən ermənipərəst "konqres adamları" isə "Artsax"ın təhlükəsizliyinin möhkəmləndirilməsi və beynəlxalq aləmdə tanınması barədə lazımi işlərin davamlı olaraq görüləcəyini əminliklə vurğulayıblar.
 
Baxın, bu tədbirin səhəri gün Ermənistanın ABŞ-dakı səfirliyində separatçıların şərəfinə keçirilən görüşdə isə Mailyan "erməni soyqırımı"nı tanıma haqqında qəbul edilən tarixi qətnamə ABŞ-da "Artsax respublikası"nın  tanınmasına nail olmaq üçün yeni və geniş perspektivlər açdığını dilə gətirib.
 
Ancaq Azərbaycan tərəfi hələ də problemin sülh yolu ilə ATƏT-in "üç muşketyorunun" köməkliyi ilə həll olunacağına ümid bağlayır.      
 
Bu arada Fransada hələ də yaşayan və qanuni fəaliyyət göstərən Kommunist Partiyasının bu ölkənin prezidenti Emmanuel Makronu "Artsax"ın "müstəqilliyini" tanımağa çağrması, eyni zamanda, kommunist liderin Avropa İttifaqının ali komissarı Federika Mogeriniyə də eyni məzmunda müraciət ünvanlaması ermənilərin siyasi şəraitə uyğun olaraq hücuma keçmələrini tamamilə təsdiq edir. 
 
Bütün oxuduqlarımızı ilk baxışda xəbər kimi qəbul etsək də, əslində vəziyyət olduqca gərgindir. Çünki rəsmi Bakı fikirləşincə separatçılar nəinki hansısa çayı, hətta hoppanıb Okeanı belə rahatlıqla keçiblər. İndi əgər ABŞ Türkiyənin, həmçinin həmişə onun yanında olan Azərbaycanın acığına hər iki qondarmaya - "soyqırımı" və "Artsax"ın tanınmasına qol qoysa, şübhəsiz ki, vəziyyət sözün əsl mənasında "urusca" olacaq. Ancaq yeganə təsəlli odur ki, güman etmək olar ABŞ bunun əvəzində ermənilərdən Rusiyadan birdəfəlik üz döndərmələrini istəyəcək. Doğrudur, ermənilər qucaqdan-qucağa atılmaqda nə qədər mahir olsalar da, amma Rusiyanın ağuşundan hoppanaraq Okeanın o biri tərəfinə düşmək istəyi çox güman ki, onları ilk növbədə "Qarabağ dəryasında" boğacaq.
 
Sözsüz ki, Rusiya bütün Qafqaza öz şəxsi əyaləti kimi baxır. ABŞ-ın və ya digər böyük dövlətin bu yerlərə ayaq basmasına, eyni zamanda, bu bölgədən hansısa ölkənin qərb yönümlü mövqe tutmasına asanlıqla imkan verən deyil.
 
Bu yerdə 9-11 iyulda Rusiyada keçirilən İstehsal və sənayeləşmə sammitindən sonra jurnalistlərin suallarını cavablandıran Rusiya prezidenti V.Putinin Gürcüstanın tarixi ilə bağlı dilə gətirdiyi fərziyyələrini yada salmaq yerinə düşər. Rusiya başçısı burada, əvvəlcə onu canlı efirdə təhqir edən "Rustavi -2" telekanalının aparıcısı Qeorqiya Qabuniyaya qarşı cinayət işi qaldırılmasının və Tiflisə sanksiya tətbiq edilməsinin əleyhinə olduğunu bildirdi. O, bununla özünü humanist göstərsə də, Gürcüstanın ərazi bütövlüyünü alt-üst edərək, Abxaziya və Cənubi Osetiyanın məhz Gürcüstan tərəfindən işğal olunduğunu deyib, onu günahlandırdı. Yəni Kremlin başçısı hər iki bu subyektin, həmçinin Tiflisin özünün də XIX əsrdə Rusiyanın tərkibində quberniya olduğunu əsas tutaraq, bu ölkəni ölkə yerinə qoymadı. Bundan əlavə, Putin adəti üzrə 2008-ci ilin avqustundakı müharibəyə görə Gürcüstan rəhbərliyini günahlandırdı və bununla həm Mixail Saakaşviliyə, həm də amerikalılara "heç bir halda hərbi əməliyyatlara başlamalarına imkan verilməyəcəyinə" inandırdığını qeyd etdi. Putin həmin müharibənin nəticəsi olaraq Rusiyanın bu xalqları müdafiə etmək üçün, Abxaziya və Cənubi Osetiyanı məcbur olub tanıdıqlarını deməkdən də utanmadı.

Əlbəttə, Rusiya lideri tarixin bəzi dönəmlərini müəyyən mənada doğru şərh etsə də, ölkəsinin istər çar, istər Sovet, istərsə də öz dövründə imperialist, işğalçı olduğundan zərrə qədər xəcalət çəkmir.
 
İndi Rusiya başçısının Gürcüstana qarşı olan bu yanaşmasını nəzərə alsaq, əgər sabah ABŞ, Fransa və digər bir neçə ölkə ermənilərə heç bir şərt qoymadan Türkiyənin Suriya siyasətinin acığına qondarma "erməni soyqırımı"nı və Dağlıq Qarabağın müstəqilliyini tanıyarsa, bundan ayılan (əgər hələ ayılsa) Azərbaycan son çıxış yolu kimi müharibəyə başladığı təqdirdə onu heç şübhəsiz ki, elə ilk növbədə Rusiya, onun ardıncada bütün dünya işğalçı adlandıracaq. Hərçənd, 2008-ci ildə rəsmi Tiflis Abxaziya və Cənubi Osetiyanı separatçılardan azad etmək istəyəndə bu subyektlərin müstəqilliyini heç bir ölkə tanımırdı.
 
Ona görə də nə qədər ki, ermənilərin "Qarabağsız gəldi, qarabağlı qaç" oyunu tam olaraq başa çatmayıb, qondarma "erməni soyqırımı"n kölgəsində Dağlıq Qarabağın müstəqilliyini tanıtmağa nail olmayıblar, Azərbaycan onu azad etməlidir! Rəsmi Bakı əməli işə keçərək, öz qızıl vaxtını qarşıdakı "çevir tatı, vur tatı" danışıqlarına sərf etməməlidir!
 
BBC News-də Stephen Sackurun "Hard Talk"ında Azərbaycandan güzəşt mesajı istəyən erməni xarici işlər naziri Zöhrab Mnatsakanyan isə güzəşt kimi Dağlıq Qarabağda yaşayan ermənilərin başlarının çiyinləri üstündə salamat qalmaları ilə qənaətlənməlidir.
 
Sonda onu da yada salaq ki, hələ 2015-ci ildə Şuşanın işğalının 23-cü ildönümü ilə bağlı öz mövqeyini bildirən rusiyalı akademik, Rusiya Yazıçılar Birliyinin üzvü, "Qarabağın qanlı qasırğası" adlı kitabın müəllifi Yuri Pompeyev deyirdi ki, "Nəinki Azərbaycan mədəniyyətinin beşiyi Şuşanın, həmçinin bütün Qarabağın azad edilməsinin vaxtı çoxdan çatıb... Şuşa Azərbaycan xalqının mədəniyyət nüvəsidir. Məhz, buna görə o zaman Qarabağ separatistləri bu şəhəri tutmaq üçün yaxalarını cırırdılar. Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır və düşünürəm ki, Azərbaycan torpağında sülh dağlar arxasında deyil".
Sözsüz ki, sülh dağlar arxasında deyil, dağın Azərbaycana tərəf olan lap ətəyindədir, amma dağ sənə tərəf gəlmədikdə, gərək sən dağa tərəf getməyi bacarasan.

P.S. Primakovdan fərqli olaraq Bakıda məhz Pompeyev kimilərə sərgi açılmalıdır və güman edirəm ki, onun həyat və yaradıcılığından bəhs edilən esse müsabiqəsində elə mən özüm qalib olardım...
Modern.az


Baxış sayı: 597


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı