Bütün xəbərlər
DEPUTAT BAŞ NAZİRDƏN YAZDI:"Əli müəllimlə sıx təmasda olduğum üçün, cənab Prezidentin tapşırıqlarını operativ, vaxtından əvvəl,dəqiqlik, yüksək zövq və keyfiyyətlə yerinə yetirməsinin şahidi olmuşam"
Tarix: 11-10-2019 02:47 | Bölmə: Gündəm

"Nazirlər kabinetinin işini yeni keyfiyyət müstəvisinə çıxaracağına şübhə yoxdur"

Milli Məclisin deputatı Nəsib Məhməliyev özünün facebook səhifəsində baş nazir Əli Əsədov haqqında fikirlərini yazıb.
Sabaha-inamla.Az deputatın fikirlərini oxuculara təqdim edir:

-Adətən ayrı ayrı subyektlər barədə yox, daha çox obyektiv proseslər barədə yazı yazmaq mənim üçün daha rahat olduğuna görə, bu yazını yazmağa bir az tərəddüd edirdim. İndiki halda söhbət açdığım şəxsiyyətin ən yüksək insani keyfiyyətlərə malik olması, istənilən insanla dil tapmaq bacarığı, öz rəhbərinə sədaqəti məni öz stereotiplərimdən imtina etməyə vadar etdi. Zamanında yaxşı işləri qeyd etməsən sonra vicdanın ağrıya bilər.
Respublika Prezidenti İlham Əliyevin təqdimatına əsasən Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədliyi MM- də təsdiq olundu.
Bu münasibətlə hörmətli Əli müəllimi təbrik edir, şərəfli və çətin vəzifədə uğurlar arzu edirəm.
Nazirlər kabineti demək olar ki, canlı bir orqanizmdir. Bu canlı orqanizmdə bütün orqanlar saat mexanizmi kimi dəqiq işləməlidir ki, cəmiyyətdə harmoniya təmin olunsun, təbəqələlər arası balans pozulmasın.
Nazirlər kabinetinə başçılıq edən insan isə, iqtisadiyyatı, sosial sferanı, tikintini, kommunal təsərrüfatı, aqrar sektoru, kommunikasiyanı və digər sahələri yaxşı bilməli, eyni zamanda ən əsas məsələ olan, mərkəzi icra hakimiyyəti orqanlarının koordinasiyasını təmin etməyi bacarmalıdır. Ona görə ki, bütün nazirliklərin və komitələrin işi bir biri ilə sıx şəkildə bağlıdır.
2000- ci illərin ortalarında Bakı şəhərində aparılan abadlıq, quruculuq işləri cənab Prezidenti qane etmirdi və şəhərdə yenidən qurma işlərinə şəxsən özü rəhbərlik etməyə başladı. Əsas layihələrin icrasını isə Əli müəllimə tapşırdı. Qısa müddət keçəndən sonra bir birinin ardınca artıq şəhərimizin simvollarına çevrilmiş saraylar, ən müasir dünya standartlarına uyğun məktəblər tikildi,çoxsaylı mədəniyyət obyektləri, parklar, abadlaşdırıldı. Bakının tarixi hissəsi restavrasiya olundu və s.
10- ilə yaxın bir müddətdə bir çox layihələrin icrası zamanı, Əli müəllimlə sıx təmasda olduğum üçün, cənab Prezidentin tapşırıqlarını operativ, vaxtından əvvəl,dəqiqlik, yüksək zövq və keyfiyyətlə yerinə yetirməsinin şahidi olmuşam.Bir çox hallarda onun müzakirə olunan istənilən məsələyə müxtəlif rakursdan baxmaq bacarığını müşahidə etmişəm.Məhz bu keyfiyyət hər bir rəhbər vəzifəli şəxs üçün olduqca vacibdir.
Sadalanan bu keyfiyyətlərin hamısı hörmətli yeni Baş nazirimizdə cəmləşmişdir və Nazirlər kabinetinin işini yeni keyfiyyət müstəvisinə çıxaracağına şübhə yoxdur.
Respublikamız üçün uğurlu olsun!


Baxış sayı: 578


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı