Bütün xəbərlər
Əminliklə deyə bilərik ki, Azərbaycanın mədəniyyət paytaxtı Sumqayıt şəhəridir -Sumqayıt -70
Tarix: 01-10-2019 19:20 | Bölmə: Gündəm



Mədəniyyət beşiyi olan şəhərlər qədim dövrdən etibarən şəhərsalma  ənənəsi  sayəsində yaranıb və inkişaf edərək məşhur dünya mərkəzlərinə çevrilib. Şəhərsalma ənənəsi mədəniyyət nümunəsi olsa da, əslində onun özündə bir  ehtiyac, yaşamaq üçün yeni imkanların axtarışı vardır.
1949-cu il... Ucsuz-bucaqsız qumsal çöllüklərin yerində yeni bir şəhərin təməli qoyulur. Kənd və rayonlardan oxuyub, işləmək üçün mərkəzə axışan sadə gənclərin yaşaya biləcəyi bir şəhər salınır. Böyük çətinliklərlə olsa da gənclər şəhəri Sumqayıt gərgin əmək və yaşamaq üçün evinin olmasını istəyən gənc fəhlələrin sayəsində yaranır.
                      

    Beləliklə, müasir dövrümüzə qədər zəngin ənənələri gəlib çatan yunan-roma mədəniyyətindən tutmuş, ən yeni cərəyanlara  kimi, hər biri özündə yüksək zövq, xoş təəssürat və işıqlı bir yol əks etdirir. Yüksək zövqü isə insanların mədəni səviyyəsi formalaşdırır. Dünyagörüşü, bəzi incə ruhlu insanların gözəllik duyumu və insanın yaradıcılıq  qabiliyyəti zövqün elementləridir.
     Yüksək zövq və yaradıb qurmaq eşqi bu gün insanların gözəl həyat tərzi və mədəni yüksəlişində mühüm  rol oynayan iri   şəhərlərin yaranma səbəbidir. 70 il öncə təməli  qoyulmuş və  sonradan sənaye şəhəri kimi tanınan Sumqayıt bu gün tək bir sahə üzrə deyil, bütün fəaliyyət sahələri üzrə inkişaf edir, uğurlar qazanır. Dəyişən yalnız şəhərin siması deyil, onun mahiyyəti, məzmunu da dəyişib. Xarici şirkətlərlə əldə olunmuş sıx iqtisadi əlaqələr şəhərin iqtisadi gücünün möhkəmlənməsinə də şərait yaradır.

Dünyaya  səs salmış Sumqayıt bulvarı isə şəhərin mənzərəsini tamamlamaqla bərabər, həm də gələcəkdə  belə bir  böyük şəhərin liman kimi tanınmasına geniş imkanlar açır. Dəniz sahilində yerləşməsinə baxmayaraq,  bu günə kimi Sumqayıtın bu imkanları dəyərləndirilməmiş, bu sahəyə diqqət göstərilməmişdi.   Son illərdə salınan Sumqayıt bulvarı qısa bir zamanda həm yerli əhalinin, həm də dünyanın müxtəlif yerlərindən bura axışıb gələn turistlərin  geniş rəğbətini qazanıb. Açıq boş çöllüklərin yerində salınan yaşıllıqlar, çiçəklərdən ibarət gözoxşayan mənzərələr, park və əyləncə mərkəzləri, uşaqların istirahət guşələri hər bir kəsi  valeh edir. Həqiqətən də Sumqayıtın dənizə açılan bu mənzərəsi onu seyr edənləri heyrətə gətirir. Çünki, əvvəlki çöllüklərlə indiki mənzərə arasındakı fərq müqayisə edilməz dərəcədə  kəskindir. Dünyada turizm sahəsinin sahil şəhərlərindən əldə etdiyi gəlirlərin məbləği hər kəsə məlumdur. Liman şəhərlərinin ölkə büdcəsinə gətirdiyi xeyir, turist axını bu şəhərlərə Allahın verdiyi ən böyük nemətdir. Buna görə də, şəhərimizin malik olduğu imkanlardan layiqincə istifadə etməliyik.   
 
    Bu gün Sumqayıt Respublikamızda  öz iqtisadi gücü ilə ən qüdrətli şəhərdir. Burada inşa edilmiş hündür binalar, mədəniyyət evləri, uşaq bağçaları, incəsənət mərkəzləri, böyük ticarət mərkəzləri şəhər sakinlərinin həyat tərzinin yüksəlməsinə xidmət edir, insanların xoş güzəranın təmin olunmasına və asanlaşmasına yardımçı olur. Şəhərin ən zövqlə inşa olunmuş möhtəşəm binası isə  Ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzdir. Heç də təsadüfi deyil ki, Sumqayıtın güclü bir sənaye şəhərinə çevrilməsində böyük siyasi xadim, Ulu öndərimiz cənab Heydər Əliyevin böyük zəhməti olmuşdur. Müasir Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi dəsti-xətti məhz bu gün  Sumqayıtda  aşkaranə şəkildə görsənir.        
 
 ”Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.”
                                                                                         Heydər Əliyev
 

   Bu gün Sumqayıtın həm zahiri cəhətdən, həm məzmunca dəyişdirilməsi möhkəm iradə, gərgin əmək və qurub-yaratmaq eşqi ilə mümkün olmuşdur. Heç də təsadüfü deyil ki, bu gün Sumqayıt deyilərkən öz yerində  durub sayan deyil, yeni layihələri, yeni iş ortaqlıqları ilə inkişaf  edən, yeniliklərə açıq olan bir şəhər göz önünə gəlir. Bundan əlavə şəhərin ekoloji cəhətdən təmizliyində və onun qloballaşan istilərdən  qorunmasında  mühüm rol oynayan yaşıllıqların salınması, ağac və çiçəklərin əkilməsi böyük bir məsuliyyətdən xəbər verir.
    

   Şəhərdə mədəniyyətə verilən qiymət, xüsusi münasibət  yüksək zövqdən irəli gəlir. Tez-tez keçirilən mədəni tədbir və toplantılar, məhşur incəsənət xadimlərinin çıxışları Sumqayıtda formalaşmış yüksək mədəni elitanın rolundan və mədəniyyətə olan sevgidən qaynaqlanır. İnsanların mədəni  səviyyəsinin yüksəldilməsi onların əhval-ruhiyyəsiniə birmənalı şəkildə təsir edən əsas amillərdəndir.Əhval-ruhiyyəsi yerində olmayan insanın  hansı uğurlarından danışmaq olar?
   

   Zaman-zaman dünyada məhv olan siyasi rejimlər, iflasa uğrayan iqtisadi qanunlar olub.  Mədəniyyət isə heç zaman  belə sıxıntı yaşamayıb. Çünki hər bir xalq öz mədəni ədəbi irsi,maddi mədəniyyət abidələri, folkloru ilə birlikdə mədəniyyətin bir parçasıdır.
         Heç kəsə sirr deyil ki, indiki dövrdə insanları idarə etməkdə siyasi qanunlar, iqtisadi güc belə azlıq edir. Mədəni inkişaf, dini təbliğat olmasa, qarışıq dəyərlər dünyasında zor gücünə irəliləyiş əldə etmək olmaz. Beləliklə, bir başa olmasa da mədəniyyət dünyanın idarəedici qüvvələr sırasındadır. Pərdəarxasında  qalsa belə dünyanın xilası mədəniyyət, gözəllik və zövqlə olacaq.
 
 Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız mədəniyyət,mədəniyyət,mədəniyyət
Hüseyn Cavid
 
     Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanın mədəniyyət paytaxtı Sumqayıt şəhəridir.Çünki, son 4 ildə Sumqayıtda möhtəşəm Heydər Əliyev mərkəzi, Musiqi məktəbi,Muğam mərkəzi, “Nizami” kinoteatrı ,Sumqayıt Dram Teatrının binasının yenidən əsaslı təmir  olunması, müasir avadanlıqlarla təchiz olunmuş Kimyaçılar sarayı və möcüzə adlandırılan Sumqayıt dənizkənarı bulvarı salınmışdı.


   Sonda demək istərdim ki, gördüyüm şəhərlərin hər birinin məndə öz xarakteri, rəngi var. Xüsusilə də insanlarının xasiyyətlərinin mükəmməlliyi ilə seçilən şəhərləri heç unutmaram. Bu 70 ildə demək olar ki, oxuyub, eşidib, gördüklərimizdən çıxış edərək deyə bilərəm ki, Sumqayıt tamamilə dəyişib.  Yeganə dəyişməyən Sumqayıtlıların sadəliyi, mərhəmət və qayğıkeşliyi, insanpərvərliyi, qurub yaratmaq eşqidir. Son olaraq Çarlız Bukovskinin bir fikrini demək istərdim.

“Xoşbəxt insanlar hər şeyin ən mükəmməlinə sahib olanlar deyil,  sahib olduqlarını itirməyəcək qədər çox sevənlərdir.” Bu sevgi Sumqayıtlılar və onun ətrafında yaşayan bütün insanlar da hiss olunur. Bu o deməkdir ki, fiziki qanunlarla da əks etdirsək sevginin mahiyyəti dəyişmir. O, dönür dolaşır,  yenə müsbət enerji şəklində özümüzə  qayıdır.
Gözəl şəhərin müsbət ruhlu, mərhəmətli insanlarına, qurub yaradanlarına
 
Allah yardımçı olsun!
İşıqlı əməlləri daimi olsun !
 

 Arif Vəliyev,
Abşeron rayon Mədəniyyət Mərkəzinin direktoru

        
          


Baxış sayı: 909


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı