DİN-dən texniki baxış rüsumunun artırılacağına - Cavab
Tarix: 24-09-2019 18:01 | Bölmə: Gündəm

                  DİN-dən texniki baxış rüsumunun artırılacağına


“Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun 20 manatdan 30 manata qaldırılması planlaşdırılır.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məsələni Daxili İşlər Nazirliyinin  mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov şərh edib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində hazırda Daxili İşlər Nazirliyi tərəfindən zəruri tədbirlər görülür ki, bunlardan biri də avtonəqliyyat vasitələrinə texniki baxış sisteminin təkmilləşdirilməsidir: “Bu sahədəki yeniliyin əsas məqsədi istismara yararsız, nasaz vəziyyətdə olan avtomobillərin iştirakı ilə baş verən qəzaların sayının minimallaşdırılması, ətraf mühiti çirkləndirmə səviyyəsinin aşağı salınması və bir sıra hallarda nəqliyyat vasitələri sahiblərinin narazılığına səbəb olmuş neqativ halların aradan qaldırılmasıdır. 
Eyni zamanda, nəqliyyat vasitələrinin yanacaq sərfiyyatının, akustik səs effektinin azaldılması və baxımlı nəqliyyat vasitələrinə nail olunması, daha keyfiyyətli avtomobil parkının yaradılması hədəflənir. Ən başlıcası texniki baxışı operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında təşkil etməklə vətəndaş məmnunluğunun təmin olunmasıdır. O ki, qaldı texniki baxış üçün nəzərdə tutulan dövlət rüsumuna, qeyd edim ki, təklif olunan 30 manat və ya 17 ABŞ dollarına bərabər olan bu rüsum bir sıra dövlətlərdəki analoji məbləğlərlə müqayisədə xeyli aşağıdır. Məsələn, Avropa ölkələrində texniki baxış üçün rüsum təxminən 150, qonşu Gürcüstanda isə hətta 20 ABŞ dollarıdır. Müasir avadanlıqlar və müayinə sistemləri ilə təchiz edilmiş yeni Texniki Baxış Mərkəzləri üçün planlaşdırdığımız tədbirlər sırasında bu qurumlarda vətəndaş axınının idarə olunması, onları qarşılama, dinləmə, izah etmə, bir sözlə vətəndaş məmnunluğuna xidmət edəcək digər vacib məsələlərin həlli də nəzərdə tutulub”.


Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər