İldırım Şükürzadənin “Lənkəran məscidləri” kitabı haqqında
Tarix: 06-09-2019 02:37 | Bölmə: Ədəbiyyat
“Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur...” (Cinn surəsi, 18-ci ayə) İslam dini yeni təşəkkül tapdığı dövrdən etibarən insanlar bir yerə yığışaraq Uca Allaha dualar edir, namaz qılırdılar. Məscidlər olmadığından Allaha ibadət və namaz qılınması açıq ərazidə kənarları xəttlə çəkilmiş yerlərdə həyata keçirilirdi. Sonrakı illərdə ibadət üçün Həzrət Muhəmmədin (s) Mədinədəki evini xatırladan sadə binalar tikilməyə başladı. İslam dünyasında ilk məscid 623-cü ildə Mədinədə Muhəmməd Peyğəmbərin (s) evinin yerində inşa olunub. Ümumilikdə məscidlər məhəllə, cümə, kəbirə və müsəllə qruplarına bölünür. Məhəllə məscidləri gündəlik namazların icrası, cümə məscidləri toplu şəkildə qılınan cümə namazı üçün, kəbirə məscidləri mərkəzi şəhərlər, müsəllə isə açıq meydanlı Ramazan və Qurban bayramı namazlarının icrası üçün nəzərdə tutulan ümumşəhər məscididir. Bütün məscidlə Məkkə şəhərində yerləşən Kəbə evinə yönəlirlər. Məscidlərdə Kəbə evinə yönəlməsi qiblə adlanır. Qiblə də daxil olmaqla minbər, mehrab, məksurə, diqqə və kürsü də məscidin elementlərindən hesab olunur. VII əsrdən etibarən Azərbaycanda İslam dininin yayılması baxımından Bərdə, Ərdəbil, Marağa, Urmiya, Şamaxı, Şəmkir, Şabran, Beyləqan, Gəncə və Naxçıvan şəhərlərində məscidlərin tikilməsinə xüsusi diqqət verilir, şərq memarlıq üslubu geniş yayılmağa başlayırdı. Tarixən Azərbaycanın bütün bölgələrində dövrünə görə əzəmətli məscidlər tikilib və onlar günümüzədək qorunub saxlanılıblar. Təəssüf ki, bəzi məscidlərimiz bu gün Ermənistan ordusunun işğal etdiyi ərazilərimizdədir. Təbrizdəki Göy məscid, Bakıdakı Bibiheybət və Təzəpir məscidləri, Gəncədəki İmamzdə kompleksi, İrəvandakı Göy məscid nadir memarlıq incilərindəndir. Bu gün Azərbaycanda dini dözümlülük və toleratlıq dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən məqbul bir model kimi qəbul olunur və bəyənilir. Hətta Azərbaycan təcrübəsindən, modelindən istifadə etmək istəyən Qərb dövlətləri də az deyildir. Bütün bunlar həm də Ulu Öndər Heydər əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin uğurlarının nəticəsidir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir. Xüsusilə böyük tarixə malik məscid və məbədlərimizin bərpası və yenidən xalqımızın istifadəsinə verilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qədim tarixə malik mədəni irsimizin qorunması, tarixi abidələrin bərpası, beynəlxalq aləmdə milli, dini dəyərlərimizin təbliği sahəsində həyata keçirdiyi geniş miqyaslı işlər xalqımız tərəfindən rəğbətlə qarşılanır. Ölkə ərazisində mövcud olan məscidlərdə peşəkar din xadimlərinin təyin olunması, onların fəaliyyətinə nəzarəti Qafqaz Müsəlmanları İdarəsi həyata keçirir. Dünyanın nüfuzlu dini liderlərindən biri sayılan Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müqəddəs məkan həqiqi İslamın insanlara çatdırılması, milli-mənəvi dəyərlərin təbliğ olunması, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün mühüm addımlar atır. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə fəaliyyəti ilə rayon ərazisində yerləşən məscidlərdə dini maarifləndirmə sahəsində ardıcıl işlər görülür, silsilə tədbirlər, konfranslar keçirilir. Lənkəran bölgəsində yaşayan alim və tədqiqatçıların da dini maarifləndirmə ilə bağlı son illər gördüyü işlər təqdirə layiqdir. Tədqiqatçı İldırım Şükürzadənin müəllifi olduğu “Lənkəran məscidləri” kitabında rayonda yerləşən 84 məscid haqqında məlumat toplanıb. Araşdırılan məscidlərin inşa olunma tarixi, arxitekturası, eləcə də yerləşdiyi ünvan haqqında ətraflı məlumat verilib. Qeyd edək ki, “Lənkəran məscidləri” kitabı bu sahədə araşdırılan ilk tədqiqat əsəridir. Kitabın işıq üzü görməsini təqdir edir, oxucuların marağına səbəb olacağına, İslami maarifləndirməyə dəyərli töhfə verəcəyinə inanıram.
Samid Quliyev
Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı,
ilahiyyatçı-alim, AJB-nin üzvü



Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər
Dünən, 00:11 TƏBRİK EDİRİK!
18-08-2019, 14:08 Şair Oqtay Rza vəfat edib