01:00 / 23-09-2019
"Sümbül ağa"ya şok sual
Ürəyi sağda olan adam - Bəxtiyar Vahabzadə...
Tarix: 16-08-2019 15:52 | Bölmə: Ədəbiyyat
..
                     

Adətən anadəngəlmə anomaliyalarla doğulan insanlar çox yaşamırlar və həyatdan erkən yaşda köçürlər. Amma istisnalar da var. Elə nadir anadangəlmə anomaliyalar olur ki, insanın səhhətinə mənfi təsiri baş vermir və həmin şəxs sağlam doğulanlarla müqayisədə uzun ömür sürə bilir.
Yəqin ki, kimdən “ürəyin harda yerləşir” deyə soruşsaq, fikirləşmədən dərhal əlini sol döşünün üstünə aparacaq. Hətta bağça yaşlı uşaq belə, bu suala düşünmədən qeyri-ixtiyari əlini sol döşünə aparmaqla cavab verə bilər. 
Bəs ürəyi sağda olanlar barədə heç eşitmisiniz, bu haqda nə bilirsiniz?..
Ürək döş qəfəsinin solunda yerləşən, təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzvdür.  Ürəyin döşün sağ tərəfində yerləşməsi tibbdə dekstrokardiya adlanır. Bu anomaliya ürəyin tipik olaraq sol tərəfdə deyil, sağ tərəfdə simmetrik olaraq yerləşməsidir. 
Bu zaman ürəkdən çıxan damarların da mövqeyi ürəyin yerləşməsinə müvafiq olur. 
Mütəxəssislər deyirlər ki, adətən dekstrokardiya həmin şəxs üçün heç bir mənfi patologiya törətmir. Amma əksini iddia edən həkimlər də var.
İndiyədək baş verən bəzi hadisələr sonucunda məlum olub ki, heç ömrünün sonuna qədər ürəyinin yerini bilməyən insanlar varmış. Ömrü boyu heç vaxt ürəyindən şikayətlənməyən kimlərsə həyatının hansısa anında, ya da sonlarında tibbi müayinə zamanı bu qeyri-adi anomaliya ilə yaşadığını öyrənir... Məsələn, Türkiyənin əyalətlərinin birində yaşayan yaşlı kişi yalnız 64 yaşında ürəyinin sağda yerləşdiyini bilib.
Həkimlər deyirlər ki, ürəyin sağda yerləşməsi irsi xüsusiyyət daşımır.  Bununla yanaşı, dünyanın bir sıra ölkələrində dekstrokardiyalı şəxslər səhiyyə orqanlarında qeydiyyata alınır və onlar həkim nəzarətində saxlanılırlar.
Mütəxəsislərə görə, bu hal on mində bir, hətta yüz mində bir insanda ola bilər.
Azərbaycanda da belə adamlar olub, indi də var... 
Belə azərbaycanləlardan ən məşhuru mərhum xalq şairi Bəxtiyar Vahabzadə olub. Ailəsinin, elə Bəxtiyar Vahabzadənin özünün də sağlığında mətbuata verdiyi açıqlamalarda onun heç vaxt ürəyindən şikayətlənmədiyi bildirilib.
Ürəyi sağda olan adamları təsadüfən xatırlatmadıq. Axı bu gün, 16 avqust tarixi xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür. Ürəyi sağda olmuş şair düz 83 il yaşayıb, yaratdı. 1925-ci idlə doğulan Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu ildə ürək tutmasından vəfat edib. Hadisə gözlənilmədən baş verib. Belə ki, şair dünyasını dəyişməzdən az əvvəl Türkiyədən gələn qonaqları ilə söhbətləşib, daha sonra isə onları yola salıb. Aradan bir neçə dəqiqə keçəndən sonra isə ürəktutmasından dünyasını dəyişib. O zaman səhhətində müəyyən dəyişikliklər olsa da, Bəxtiyar Vahabzadə ölüm yatağında deyilmiş.
Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr Azərbaycan ədəbi fikrinin görkəmli nümayəndəsi olan Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda tanınır. Şairin əsərləri dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, polyak, ispan, macar dillərinə tərcümə edilib.
B.Vahabzadə 4 dəfə Azərbaycan Ali Sovetinə (1980-1995), 1 dəfə isə Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilib (1995-2000).
Allah rəhmət eləsin...


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər
18-09-2019, 00:11 TƏBRİK EDİRİK!
18-08-2019, 14:08 Şair Oqtay Rza vəfat edib