“Qızıl Kəlmə” Ədəbi Mükafatının 2018-2019-cu illər üzrə qaliblərinin təltifolunma mərasimi keçiriləcək
Tarix: 13-05-2019 20:44 | Bölmə: Ədəbiyyat



Mədəniyyət Nazirliyi 2009-cu ildən etibarən (hər iki ildən bir) yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə “Qızıl Kəlmə” Ədəbi Mükafatını keçirir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, növbəti dəfə “Qızıl Kəlmə” Ədəbi Mükafatına əsərlərin qəbuluna 2018-ci ilin avqust ayında başlanıb və cari ilin 29 mart tarixində qəbul yekunlaşıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 58 əsər təqdim edilib.
Akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, fil.e.d., professor Nizaməddin Şəmsizadə, fil.e.d., professor Telman Cəfərov, fil. e. d. Vaqif Yusifli, fil. ü. f. d., “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, fil.ü.f.d. Elnarə Akimovadan ibarət “Qızıl Kəlmə” Ədəbi Mükafatı Komissiyası tərəfindən bütün əsərlər oxunub və hər nominasiya üzrə seçilən əsərlər qiymətləndirmə cədvəlində xüsusi işarə ilə qeyd edilib. Daha sonra Komissiyanın yekun iclasında nəticələr səsə qoyulub və 5 nominasiya üzrə seçilən əsas mükafatlarla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb.
2018-2019-cu illər üzrə “Qızıl Kəlmə” Ədəbi Mükafatının qalibləri aşağıdakı kimi müəyyən edilib:
Nəsr nominasiyası üzrə
Şərif Ağayar. “Arzulardan sonrakı şəhər” kitabı
Mübariz Örən. “Balıq gülüşü” kitabı
Poeziya nominasiyası üzrə
Salam Sarvan. “Heykəl tənhalığı” kitabı
Vaqif Bəhmənli. “Qansız savaş” kitabı
İbrahim İlyaslı. “Şair olmaq zülümdü” kitabı
Ədəbi tənqid və publisistika nominasiyası üzrə
Yaqub Babayev. “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)” kitabı
Abid Tahirli. “Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabı
Orijinaldan bədii tərcümə nominasiyası üzrə
Vilayət Hacıyev. Haynrix Böllün “Kişisiz ev” romanı
Seyfəddin Hüseynli. Culian Barnsın “Aqibət duyğusu” romanı
Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə
Reyhan Yusifqızı. “Dostum Mimi” kitabı
Solmaz Amanova. “İlmənin macəraları” kitabı
Rafiq Yusifoğlu. “Nağıl qapısı” kitabı
“Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində “Şans” ödülü
Şahanə Müşfiq. “Şahanənin nağılı” kitabı
Sadıq Qarayev. “Sahibsiz kölgələr” kitabı
Mükafatın təqdimatı 17 may 2019-cu il tarixində, saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Qaliblərə diplom, pul mükafatı və xüsusi plaket hədiyyə ediləcək.


Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər
22-04-2019, 00:16 Şeir-Sona Abbaszadə
25-03-2019, 18:48 Onlar da evlənir