Bütün xəbərlər
Liftin yanında görüş -VALENTİNA BISTRİMOVİÇ
Tarix: 13-05-2019 00:10 | Bölmə: Ədəbiyyat

Nəmdən şişmiş buludlar şəhərin üzərinə çökmüş... Narın yağış yağır. Fevralın sonu. Adam isti evdən çölə çıxmaq istəmir, amma işə getmək lazımdır. Ayaq duzla qarışıb lırtaya dönmüş qara batır, çəkmələr tamamilə islanıb və ağtəhər duz ləkəsi ilə örtülüb, yaş şuba çiyinə ağırlıq edir. Bütün bu yaş və ağır şeylərin hamısını çıxarıb atasan və yüngül bir çəkmə geyib kafedə bir piyalə kofe içəsən. Elə könlündən keçirdi ki! Son günlər bütün işləri qaça-qov idi: gah icraiyyə komitəsinə, gah notariusa, gah da ki, başqa işlər. Onu xəbərdar etmişdilər ki, müştəri xırdaçıdır, hər şeyə irad tutandır, heç vaxt gecikmir, onun şərtlərini yerinə yetirməsə, dəbbə pulu istəyəcək. On beş dəqiqə əvvəl gəlib müştərini qarşılamaq lazımdır!
Belə xarakteristika antpatiya yaratsa da, neynəmək olar, iş işdir, buna görə də o tələsirdi. Qanı it qanından da qara idi, amma nəzakətli və mehriban olmaq lazımdır.
Təyin olunmuş vaxta özünü çatdıra bildi. Üzünü bircə dəfə də görmədiyi Aleksandr adlı müştərini liftin yanında qarşılamalı, notariusa aparıb sənədləri rəsmiləşdirməli idi. Müştəri artıq üç dəqiqə gecikirdi, o əsəblə liftin səsinə qulaq verirdi. Budur, lift qalxmağa başladı, yəqin odur.
 
***
Liftdən ucaboy, yaraşıqlı, qara səliqəli qırxılmış bığı olan bir kişi çıxdı. Dərhal həmin kişiyə yaxınlaşıb soruşdu:
-       Salam, Aleksandr sizsiniz?
-       Xeyr, - kişi cavab verdi. – Amma çox arzulayardım ki, bu dəqiqə Aleksandr olum.
O, maraqla və diqqətlə qadının gözlərinə baxdı, elə bil ki, bu gözlərdə nə isə fərqli bir şey görmüşdü. Onun baxışı zərif və yumşaq idi, elə bil ki, qarşısındakı qadın qorumaq və gözünü üzərindən çəkməmək tələb olunan bir xəzinə idi.
-       Bağışlayın, - o utana-utana cavab verdi.
Qəfildən qəlbində bu naməlum kişiyə qarşı riqqət və yaxınlıq dalğası cuşa gəldi. O, ürəyində anladı: “Bu, mənim taleyimdir”. Kişi də həmin an bu duyğunu yaşayırdı.
Əgər insanların kəbini göydə kəsilirsə, onda bu dəqiqə göyün qapıları bu iki qəlbi birləşdirmək üçün açılmışdı. Zaman dayanmışdı. Gözlənilmədən, qəribə və təkrarolunmaz bir xoşbəxtlik duyğusu baş qaldırdı, elə bir duyğu ki, onu pulla satın almaq, sifariş vermək, hansısa oyunda udmaq mümkün deyil. Sarsıdıcı bir duyğu onları qorxuducu məchulluğa çəkib aparırdı.
O soruşdu:
-       Sənin adın nədir?
O həmişə belə suallar cavab verdiyi şəkildə avtomatik olaraq cavab verdi:
-       Mən yolüstü heç kəslə tanış olmuram!
Və özü də öz cavabından, qəfil gəlmiş bu duyğulardan özünü itirdi. O elə nəvazişlə və diqqətlə ona baxırdı ki, gözləri sanki deyirdi: cavab ver, bu, mənim üçün çox lazımdır.
-       Xahiş edirəm, adını de. Biz mütləq görüşməliyik, belə şey həyatda bir dəfə olur. Şəxsən mənim başıma belə şey gəlməmişdi, elə fikirləşirəm ki, heç sənin də. Bu, yuxarıdan əta olunub.
O yenə də robot kimi cavab verdi.
-       Mən işdəyəm. Mən Aleksandr adında bir nəfəri gözləyirəm. Mən tanış ola bilmərəm, mənim ərim var...
-       Yaxşı, onda xahiş edirəm, telefon nömrəni ver. Mən zəng edəcəm, cavab verməyə bilərsən, amma fikirləşmək üçün vaxtın olacaq. Əgər indi biz bu cür ayrılsaq, bir də heç vaxt bir-birimizə rast gələ bilməyəcəyik!
Onun qəlbi bu qadına doğru can atırdı. O acgöz kimi baxırdı, yadında saxlamağa çalışırdı. O bütün qüvvəsini toplayıb gözlərini qaldırdı və astaca dedi:
-       Yox, mənim ərim, uşaqlarım var...
-       Xahiş edirəm, telefon nömrəni ver. Yoxsa mən səni necə tapacam?!
-       Yox...
Həqiqətən, qadının əri və uşaqları var idi və bu faktı tapdaya bilməzdi. Bundan sonra kişi pilləkənə tərəf yönəldi. O isə dayanıb onun pilləkənlə aşağı düşməsinə baxırdı. Daxilində isə bir səs bağırırdı: “dayandır onu, dayandır!” Amma qadın susur, göz yaşları onu boğurdu. Bu bir neçə dəqiqə sevginin nə olduğunu anlaması üçün ona bəs etdi. Sevginin, səmalardan əta olunan sevginin.
 
***
Lift dayandı, müştəri liftdən çıxdı. O ilk dəfə idi ki, gecikirdi və özü də buna çox təəccüblənirdi. Onlar notariusa gedib sənədləri rəsmiləşdirdilər və sonra qadın evinə getdi.
Duyğu və hiss dünyasını alt-üst etmiş o qəribə görüşdən sonra o bir neçə gün özünə gələ bilmədi, belə şeyi əvvəllər heç ağlına da gətirməzdi. Yatmaq üçün yerinə uzanırdı, onun gözlərini görürdü, işə gedirdi, onun səsini eşidirdi. Sonra hər şey yavaş-yavaş köhnə məcrasına döndü. Çox keçmədi ki, ərindən ayrıldı: sən demə, neçə ildi ki, başqa qadınla görüşürmüş, elə şey-şüyünü də yığışdırıb həmin qadının yanına getdi.
O, bunu sakit qəbul elədi. Liftin yanındakı görüş heç cür yadından çıxmırdı. Həmişə onu xatırlayırdı, əsasən də rütubətli havada. Günlərin birində təəccüblə anladı ki, bu havanı sevməyə başlayıb. Bir neçə dəfə notariusa getmiş, qəsdə liftin yanında bir neçə dəqiqə dayanmışdı. Amma ofis binası çox böyük idi, burada çox təşkilat yerləşmişdi, o kişi isə adi ziyarətçi ola bilərdi...
Sonra o yenidən ərə getdi. Naməlum kişi onun üçün yorucu ideyaya çevrilmədi, o başa düşürdü ki, bir daha o kişini görməyəcək. Uzun illər keçdi, zaman yaddaşından onun üz cizgilərini sildi. İllər onun özünü də xeyli dəyişdirdi. Amma liftin yanındakı o qısa görüş onun həyatına işıqlı bir sevinc və həyəcan doğuran incə bir duyğu bəxş etdi. Həmin gündən o, dünyaya başqa cür baxırdı, qadın xoşbəxtliyini başqa cür duyurdu. Həyat ona hədiyyə versə də, o, bu hədiyyəni qəbul edə bilmədi.
İkinci əri ilə onlar uzun illər mehriban və xoş yaşadılar, oğul-uşaq, nəvələr böyütdülər. Amma o rütubətli fevral gününü heç vaxt unuda bilmədi.   
Валентина Быстримович
Belorus, Minsk
Rus dilindən çevirəni: Əmir Pəhləvan


Baxış sayı: 793


Bölməyə aid digər xəbərlər