Bütün xəbərlər
HÜQUQŞÜNAS-ŞAİR ƏDALƏT İZZƏTOĞLU SUMQAYITIN 70 İLLİYİNƏ ŞEİR HƏSR ELƏDİ
Tarix: 08-05-2019 14:45 | Bölmə: Ədəbiyyat

SUMQAYIT-70

Üzüm güldü Sumqayıta gələndə,
İndi yaşım həmin yaşım deyil ki...
Ruhum coşdu Xəzərimi görəndə,
Coşan ruhum ötən ruhum deyil ki...

Ömürümü şəhərimlə bölmüşəm,
Qocalmışam, gənclik yaşım deyil ki...
Şəhərimi kərpic-kərpic hörmüşəm,
Qabar əllər həmin əllər deyil ki...

Gəzdikcə şəhərdə coşur ürəyim,
Şəninə nəğmələr qoşur ürəyim,
Xəzərin mehindən doymur ürəyim,
Əsən yellər həmin yellər deyil ki...

Gündən-günə gözəlləşir şəhərim,
Ay-ulduzdur vətənimdə şəhərim,
Ölkəmizə işıq saçır şəhərim,
Bu şəhərim qoca şəhər deyil ki...

Göyərçin abidə Sülhün daşıdır,
Sumqayıt ölkəmin üzük qaşıdır.
Bu il şəhərimin Yetmiş yaşıdır,
Ötəh illər həmin illər deyil ki...
 
İGİD ŞƏHƏRİM
(Yaşadığım Sumqayıt şəhərimə ithaf edirəm)

Xəyallar başımda, gülə bilmirəm,
Dərdimi dərdinlə bölə bilmirəm,
Axan göz yaşını silə bilmirəm,
Sumqayıt şəhərim, igid şəhərim.

Bir fevral günündə qalxdın ayağa,
Dözmədin vaya, öldürülən çağaya,
Coşub Vətənimdə döndün dayağa,
Sumqayıt şəhərim, igid şəhərim.

Qarabağ alovla alışan zaman,
Səsinə səs verdin, vermədin aman,
Düşmən zalım oldu, alışdın yaman,
Sumqayıt şəhərim, igid şəhərim.

İgidlər vermisən, can Qarabağa,
Sinəni sən verdin, oda, ocağa,
Çəkilib durmadın, küncə, bucağa,
Sumqayıt şəhərim, igid şəhərim.

Şəhidlər Xiyabanda uyuyur,
Ruhları yatmır, Vətənimi qoruyur,
İzzətoğlu səninlə qürur duyur, 
Sumqayıt şəhərim, igid şəhərim.

MƏRD ŞƏHƏRİM

Salam olsun Sumqayıta,
Sumqayıtdı ovqat yerim,
Coşa gəldi yeni şeirim,
Sumqayıtım, mərd şəhərim.

Töhmət altda, biz qəhərdə,
Yurd salmışıq bu şəhərdə,
Ömür keçdi qəm-kədərdə,
Sumqayıtım, mərd şəhərim.

Dərd əlindən gəldim zara,
Dözmür ürək ahu-zara,
Günlərim də ötür qara,
Sumqayıtım, mərd şəhərim.

Mən baxmadım dövlət, vara,
Bu ürəkdə yurdum yara,
Baş götürüb gedim hara?
Sumqayıtım, mərd şəhərim.

Qarabağım yad əllərdə,
Barıt qoxur o güllər də,
Yaddan çıxmaz bu günlər də,
Sumqayıtım, mərd şəhərim.

Tapammıram yurda çarə,
Sumqayıtım, ər şəhərim
Yollar bağlı, mən biçarə,
Sumqayıtım, mərd şəhərim.
Qızıl Qələm Media Mükafatı Laureatı,
HÜQUQŞÜNAS-ŞAİR
ƏDALƏT İZZƏTOĞLU QAFAROV














Baxış sayı: 1 594


Bölməyə aid digər xəbərlər