Bütün xəbərlər
ŞƏRQ VƏ QƏRBİN QOVŞAĞINDA ƏRTOĞRUL CAVİD-Nərgiz İSMAYILOVA
Tarix: 20-05-2020 05:38 | Bölmə: Ədəbiyyat
Çoxşaxəli yaradıcılıq yoluna malik olan Ərtoğrul Cavid irsinin öyrənilməsi məsələsi son dərəcə aktual elmi problem kimi ədəbiyyatşünaslıq elminin qarşısında əsas məsələlərdən biri kimi durmaqdadır. Ərtoğrul Cavid yaradıcılığı özünün  həzinliyi, yenilikçi ruhu, kreativliyi, dolunluğu ilə seçilir. Sadəcə milli məsələləri, folkloru, Azərbaycan ədəbiyyatını deyil, həm də dünya ədəbiyyatına dair bir çox məsələlərə fərqli aspektlərdən yanaşan Ərtoğrul Cavid irsinin öyrənilməsi, geniş oxucu auditoriyasına çatdırılması son dərəcə əhəmiyyətli məsələlərdəndir.
Ərtoğrul Cavid irsinin ilk toplayıcılarından olan filologiya üzrə flsəfə doktoru Azər Turanın 2005-ci ildə nəşr olunan 500 səhifədən - “Ərtoğrul Cavid: yazıları, rəsmləri, bəstələri, məktubları”ndan ibarət ilk kitabını oxuyarkən insan burada yer alan əsərlərdə, Şərq və Qərbin qovşağında döyünən dahi Cavidin ziyasını görür. Çox böyük həssaslıqla toplanan əsərlər içərisində yer alan Ərtoğrul Cavidin dünya ədəbiyyatında ortaya çıxan ən əhəmiyyətli əsərlərə dair yazdığı şərhlər insanı heyrətləndirir. Qeyd edək ki, bu yazılar ilk dəfə olaraq həmin kitabda oxucu auditoriyasına çatdırılmışdır.
Hüseyn Cavidin yeganə oğlu, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin sevimli tələbəsi Ərtoğrul Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri hörmətli Vasif Talıbovun Sərəncamı bu sahədə atılan ən əhəmiyyətli addımdır. Məlum sərəncamdan sonra, xüsusilə Naxçıvan Muxtar Respublikasında Ərtoğrul Cavidin irsinin öyrənilməsinə dair son dərəcə perspektivli tədqiqatlar öz işinə başlayıb.
Hüseyn Cavid ocağının yetirməsi “Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr1919-cu ildə Bakıda anadan olmuş, Azərbaycan Pedaqoji İnstitutunu (indiki APU) Fərqlənmə diplomu ilə bitirmişdir (1940). Azərbaycan Dövlət Konservatoriyasında təhsil alan (1941- 1942 Ü.Hacıbəyovun sinfi) Ə.Cavidin ilk böyük əsəri fortepiano üçün yazılımış “9 Variasiya” göstərilir. Həmin əsər (1941-1942) Ü.Hacıbəyova ithaf olunub. O, Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə skripka ilə fortepiano üçün poema (1941), Nigar Rəfibəylinin “Eşq olsun”, Türkmən şairi Kəminənin “Leylanın vəsfi”, Tahir RasizadəninSəninlə olaydım” və s. şeirlərinə roman və mahnılar bəstələmişdir. “Böyük Vətən müharibəsi başlarkən “Sərhəddən məktub” simfonik balladasını və marşlar yazmış, “Şeyx Sənan”, “Məhsəti” operaları bir sıra kamera və instrumental əsərləri isə yarımçıq qalmışdır.1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmışdır. 1941-1942–ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs demişdir.
Azərbaycan xalq mahnılarını nota salan, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəklində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə edən sənətkar həm də gözəl şeirlərin, pyes və rəsm əsərlərinin müəllifi kimi tanınıb” (5, s.15).
Cavidşünas alim Azər Turan bu barədə yazır:“Ərtoğrulun yazıçılığı da, bəstəkarlığı da bir-birilə əlaqəli, bir-birindən ayrılmazdır. Avropa və rus bəstəkarlarının - Şopenin, Motsartın, Raxmaninovun, Rimski-Korsakovun. romans mətnlərinin ekviritmik tərcümələrini gerçəkləşdirən Ərtoğrula görə “tekstin məzmunu Azərbaycan stilinə” uymalıydı, “fiqurasiyalar deyil, hər hecaya bir not düşməsi münasib” idi və s. Məsələn, Şopenin “Arzu” romansının mətnini 21 yaşlı Ərtoğrul belə tərcümə etmişdi” (3).
Ərtoğrul "Cavid kəpənək ömrü" misalı bir ömür yaşayıb. Bu ömur ağır əzablar, ixtişaşlar, tənqidlər, təqiblər və xəstəliklərlə dolu idi.
“Yaşadığı qısa – 24 il ərzində yaratdığı əsərlərə, gördüyü işlərə nəzər saldıqda fikirləşirsən ki, az bir müddət ərzində bu qədər əsərlər yaradan insan tam bir ömür yaşasaydı, gör musiqi xəzinəmiz dəyərli əsərlərlə nə qədər zənginləşərdi?Nota köçürdüyü 200-dən çox el havaları, mətnləri, yazıya aldığı çoxsaylı dastan və nağıllar, fortepiano üçün “9 variasiya”, “Sonatina”, prelüdlər, miniatürlər, pyeslər, musiqi lövhələri, skripka və fortepiano üçün “Poema”, “Cəbhədən məktub” simfonik balladası, nəfəsli orkestr üçün marşlar, klassiklərimizin sözlərinə mahnı və romanslar, instrumental və kamera əsərləri, tamamlanmamış “Şeyx Sənan”, “Məhsəti” operaları istedadlı bəstəkar Ərtoğrul Cavidin kiçik yaradıcı ömrünün həm məzmun, həm də forma baxımından böyük dəyərli əsərləridir” (6).
Məmməd Cəfər Cəfərovun xatirələrində də, ən həzin, ən maraqlı məqamlarla yaddaşa köçürülən Ərtoğrul Cavid barəsində görkəmli ədəbiyyatşünas alim qeyd edir ki: “Ağıllı, istedadlı, fərasətli, nəcib, ləyaqətli insanlar haqqında xatirələr daimi olur və yaddan çıxmır. Onlar, elə insanlar yada düşəndə də göz önündə nəinki onların zahiri, nəinki gözəl simaları, xoş nəzərləri, hətta rəftarları, hərəkətləri də canlanır. Sanki onların səsini də eşidirsən, onların nəfəsini də duyursan. Mənim saydığım bu gözəl mənəvi, əxlaqi keyfiyyətlərə malik olan, çox yaxından tanıdığım tələbələrimdən biri Ərtoğrul Cavid idi. Mən Ərtoğrulu ilk dəfə onun Pedaqoji İnstitutda dil və ədəbiyyat fakültəsində təhsil aldığı illərdə, sinif otağında görmüşəm. “Sinif otağında görmüşəm” sözünü də təsadüfi işlətmirəm. Ona görə ki, Ərtoğrul tənəffüslərdə də həmişə sinif otağında olur, qarşısında kitab, dəftər, əlində qələm nəsə oxuyur, düşünür, yazırdı” (4).
Azərbaycan ədəbiyyatı, musiqisi barədə bir çox yeni materiallarla dolu Ərtoğrul Cavid yaradıcılığında ən əhəmiyyətli bölmələrdən biri dünya ədəbiyyatına dair bir sıra məsələlərə həsr olunan hissədir. Bu barədə ədbiyyatşünas alim Azər Turan qeyd edir:
“Pedaqoji İnstitutda Bəkir Çobanzadənin, Mikayıl Rəfilinin, Əli Sultanlının tələbəsi Ərtoğrul Hüqonun, Belinskinin, Gertsenin, Turgenevin, Fişerin, Heynenin, Tolstoyun, Brandesin, Koqanın, Morozovun, Altmanın, Zelinskinin, Veberin - ümumilikdə 36 müəllifin- Şekspir, antik yunan mifologiyası... barədə yazdıqlarından bəhs edirdi. Hamletin mənşəyini tədqiq edirdi. Norveç tənqidçisi naturalist Brandesdən Hüqoya qədər hamının, hətta ilahiyyatçıların, hüquqşünasların, asketlərin görüşlərini, Şekspirlə bağlı yazılmış mənbələri, yaxud “Hamlet”in qaynaqlarını bir-bir çözürdü. “Hamlet”, “İlahi komediya”, “Gülən adam”, “Həyatın dibində”, “Don Kixot” 18 yaşlı Ərtoğrul üçün bir rəmz idi. Və o, Faustu, Hamleti, yaxud “deyirsən ki, kütləyə qoşul, lakin mənim ruhum təkliyə uymuş, mən dünyaya nifrət edirəm”, - deyə ifadə etdiyi Bayronik tənhalıqları qara taleyinin, dönük bəxtinin yazısına, izharına vəsilə etməyi bacarmışdı”(3).
Azər Turanın da qeyd etdiyi kimi, yaşı az olmasına baxmayaraq Ə. Cavid bir çox dünyaşöhrətli mütəfəkkirlərin həyatını, yaradıcılığını mənimsəmiş, bu istiqamətdə artıq özünün şəxsi tədqiqatları və fikirləri də formalaşmışdı.
Ərtoğrul Cavidin bu səpkidən Şərq və Qərb qovşağında dayanan mühüm yazılarından olan “Hamlet” haqqında əsəri son dərəcə əhəmiyyətlidir.
Ə.Cavid bu yazısında dahi Şekspirin ən əhəmiyyətli əsərlərindən biri olan “Hamlet” əsəri ilə bağlı bir çox məqamları şərh edib. Əsərin yazılma tarixi, ilkin variantları, son variant, əsərdə yer alan personojlar, daxili, batini mənalar, ideyalar aləmi, əsər haqqında görkəmli mütəfəkkirlərin fikirləri, doğurduğu rezonanslarla bağlı apardığı təhlillər son dərəcə maraqlı məqamları ilə yadda qalır. Qeyd edək ki,“Avropada İntibah dövrünün ən görkəmli nümayəndələrindən biri olmuş Vilyam Şekspir öz əsərlərində humanizm, xəlqilik, həyatsevərlik ideyalarını tərənnüm etmiş, insan qəlbinin sirlərini dərindən bilmiş, qələmə aldığı mürəkkəb hadisələrin dolğunluğu ilə həmişə oxuculara böyük təsir göstərmişdir. Dövrün humanistlərini düşündürən ictimai-siyasi və fəlsəfi məsələlər Şekspirin “Hamlet” faciəsində özünün daha parlaq inikasını tapmışdır. Bu əsərin süjeti o zaman geniş yayılmış və haqqında müxtəlif əsərlər yazılmış Hamlet əhvalatından götürülmüşdür. “Hamlet” əsəri haqqında ilk dəfə XIII əsrdə Sakson Qrammatik “Danimarka tarixi” kitabında məlumat verir. Bu əsər həyatı dərk etmə, anlama faciəsidir. Həqiqətdə Hamlet xeyirxah təbiətlidir, şair və filosofdur, möhkəm iradəlidir” (1, s. 8).
Ərtoğrul Cavid “Hamlet” əsərini monoloqlar halında şərh edir və yazır: “Hamlet” əsərinin təhlilində əsas rolu onun monoloqları tutur. Əsərdə 7 monoloq var”(2,s. 98). Ərtoğrul Cavid Hamletin monoloqlarını pərdələrdəki səhnələrə görə bölür, sıralayır, qruplaşdırır, təhlil edir. Bu təhlillər öz dolğunluğu, elmliliyi ilə seçilir.
Ərtoğrol Cavidin yaradıcılığında Qərb ədəbiyyatına xüsusi maraq mövcuddur. Gənc ədib Avropada yaranan ədəbiyyatda yer alan janrları, -izimləri, cərəyanları da spesifik şəkildə təhlil edir. Romantizim, klassisizm və s. cərəyanlar, kapitalizm kimi rejimlər, inanc sistemləri onun maraq dairəsində idi.
“İngiltərə (romantizm)” başlıqlı, mühazirə dəftərində yer alan maraqlı məqalədə də, bir çox dünyaşöhrətli mütəfəkkirlərlə bağlı fikirlərini şərh edən Ə.Cavid, Marks, R.Stil, Drayden, Ben Canson kimi görkəmli imzaların adını və yaradıcılığındakı motivləri geniş şəkildə şərh etmişdir.
Ərtoğrul Cavidin yaradıcılığında yer tutan əksər mövzular hələ də öz tədqiqini gözləyən məsələlərdəndir.Nümunə üçün onun “Göl məktəbi şairləri” başlıqlı yazısını göstərə bilərik. Qeyd edək ki,“XIX əsrdə digər ölkələrdə olduğu kimi, İngiltərədə də romantizm əsasən 2 istiqamətdən ibarət idi: inqilabi romantizm və mühafizəkar romantizm. İnqilabi romantizmin nümayəndələri Bayron və Şelli, mühafizəkar romantizmin nümayəndələri isə “Göl məktəbi”nin (Lake poets – göl məktəbi XVIII əsrin sonları – XIX əsrin əvvəllərində ingilis romantik şairlərinin birləşdiyi qrupun şərti adıdır. Adı İngiltərənin şimal-qərbində, Kambriya qraflığında, dağlıq ərazidə yerləşən Göl vilayətindən götürülüb.Qrupun əsas üzvləri Vordsvort, Kolridc, Sauti bu vilayətdə yaşadığı üçün qrupa belə bir ad verilib.Bəzən də leykistlər (lake – göl) adlandırılan bu üçlüyə yaşlı nəsil romantiklər deyirdilər. Gənc nəsil romantiklər isə Lord Bayron, P.B.Şelli və Con Kits hesab olunur) şairləri idi”(7).
Ərtoğrul bu prosesi belə şərh edir: “Göl şairlərindən ən talantlısı Vordsvortdur. Lirik olaraq  Vordsvort Bayrondan yüksəkdir. Yaradıcılığı balladalarla başlayır (1798)” (2,s.133).
Ərtoğrul Cavidin məqalələri içərisində dahi rus mütəfəkkiri Qorki də xüsusi yer tutur. O, Qorkinin “Həyatın dibində”, “Meşşanlar” kimi əsərlərindən özünün “Həyatın dibində” başlıqlı yazısında bəhs edir. Ə.Cavid Qorkinin Həyatın dibində” əsəri haqda belə yazır: “Adından da göründüyü kimi bu əsər həyatın dibini, orada sürünən insanları təsvir edir.Ona görə də, kəskin ictimai-siyasi rola malikdir.Əsərdəki obrazların bir çox ümimi və xüsusi tərəfləri vardır. Sosial şərait səbəbi ilə onlarda pozuqluqlar mövcuddur”(2,  s. 125).
Ə.Cavid sonar qeyd edir: “Səfil obrazı  on illik bir yaradıcılığı keçərək özünün bitkin ifadəsini, 1902-ci ildə ilk olaraq bu əsərdə tapır” (2,  s.125).Bu iddianı etmək üçün bir xeyli mütaliə etməli və geniş araşdırma potensialına malik olmaq lazım idi. Görünür gənc ədib  öz üzərində çox işləyirdi.
M.Qorkinin cahanşümül bir əhəmiyyətə malik olan böyük yaradıcılıq məktəbi, əlbəttə, Azərbaycan ədəbiyyatında da öz faydalı təsirini göstərmişdir. Bizim ən görkəmli yazıçılarımız  Qorkini özlərinə həqiqi bir mənəvi ustad və müəllim kimi tanımışlar. Onun yaradıcılığı bizim ən qabaqcıl sənətkarlarımızı ilhamlandırmış və ruhlandırmışdır(8).
“Həyatın dibində” pyesində “Dustağın maһnısı” adı ilə məşһur olan bu bədii parça ədibin Azərbaycan dilinə tərcümə edilmiş ilk əsərlərindəndir.
İnqilabi ideyalar tərənnümçüsü Qorkinin xalqımızın qabaqcıl ziyalıları tərəfindən bu cür sevilməsi tamamilə təbiidir. Çünki onun əsərlərində azadlığa doğru can atan qüdrətli adamların ölməz iradəsi canlanırdı (10).
Böyük fransız yazıçı, dramaturq, şair, publisist.Utopik realizmin ən nüfuzlu nümayəndələrindən Viktor-Mari Hüqo (1802-1885) da Ə.Cavidin yaradıcılığındakı əsas xətlərdən biri idi.Gənc ədib Hüqonun yaradıcılığını görünür çox sevirmiş. O dahi Fransız mütəfəkkirinin adını tez-tez xatırlayır, əsərlərini tədqiqata cəlb edərək, yekunda öz analizlərini qeyd edirdi.“Səfillər”, “Gülən adam”  isə Ə.Cavidin haqqında daha ətraflı danışdığı əsərlərdir.  Gənc ədib qeyd edir ki, “Hüqonun irsində romantik və realist motivlər, elementlər bir-biri ilə sıx bağlıdır.Onları ayırmaq çətindir. Hüqonun əsas görüşü humanizm, məhəbbət və xeyirxahlıqdır”(2, s. 117).
Ə.Cavid “Hüqonun “Gülən adam”ı haqqında” yazısında yazır: “Gülən adam” romanı 1869-cu ildə Gernsi adasında yazılıb (həmin il may ayında çap olunub). Bu əsər nəslən aristokrat olan, maraqlı macəralar keçirən Quinplenin lordlar palatasına, aristokratiyaya qarşı vurduğu ağır silləni təsvir edir”.( 2, s.106).
         Görünür, Quinplenin obrazı gənc ədibi həddindən artıq təsirləndirib."Səfillər”in qəhrəmanı Jan Valjan bəşəriyyətin intibahı, sevgi və mərhəmətdən sonra oyanan insanlığın simvoludur.“Gülən adam”dakı kralın əmriylə eybəcərləşdirilmiş  Quinplen də şikəst edilmiş xalqın simvoludur: “Mən güclülərin şikəst elədiyi  bəşəriyyəti təmsil edirəm. Onun da hüququnu, həqiqətini, ağılını düşüncəsini mənim ağız və burnumu eybəcər hala saldıqları kimi şikəst ediblər”. Sevgi eybəcər  Kvazimodanın ürəyində insani hisslər doğurduqca Frollonun içində heyvani hissləri oyadır. Onlar iki insan tipinin parlaq nümunələridir(9).
Nəticə olaraq qeyd edək ki, Ərtoğrul Cavidin Qərbin düşüncəsinin məhsulu olan ictimai-siyası mövzu  və motivləri özündə ehtiva edən əsərlərdən seçdiyi və gətirdiyi sitatlar,  analiz edərək təhlili xarakterdə qələmə aldığı qısa yazılarında Şərq düşüncə tərzində olan boşluqları doldurmaq pryomları özünəməxsusluğu ilə seçilir. Ə. Cavidin seçdiyi bütün əsərlər dünya ədəbiyyatının şedevr parçalarıdır. Bu əsərlər bəşəriyyətin şah əsərləridir.Ə.Cavid həmin mirasa özünəməxsus toxunuşlar edərək Şərq mühitinə Qərbin təfəkkürünü izah etməyə cəhdlər edir. Doğrudur onun bu cəhdlərinin arxa planında böyük düha dayansa da, gəncliyin verdiyi təcrübəsizlikdən doğulan sistemsizlik, sadə cümlə qurmaq texnikası da mövcuddur.Ancaq bu gənc ədibin çatdırmaq istədiyi ideyaya qətiyyən kölgə salmır.Şərq və Qərbin qovşağında var olan Ərtoğrul Cavid irsinə Şərqin izləri, mövzuları, tapıntılarıyla yanaşı Qərbin əsrarəngizliyi hopub.
Nərgiz İSMAYILOVA
AMEA Naxçıvan Bölməsi,
Filologiya üzrə fəlsəfə doktoru


Baxış sayı: 808


Bölməyə aid digər xəbərlər