Bütün xəbərlər
HAQQ MƏNƏM-Sehranə Kasimi
Tarix: 28-11-2019 04:12 | Bölmə: Ədəbiyyat
       Deyilənə görə hələ dil ünsiyyəti yaranmamışdan öncə  milyon illər əvvəl “teatr” mövcud imiş.
    Qədim türk inanclarına görə çirki üç şey təmizləyə bilərmiş: Su, Od, Torpaq. Ayrı ayrılıqda bunların hər  üçü ilə bağlı türkdilli  xalqlar arasında oyun- tamaşaların olduğu bəllidir. Türklər öz miflərində, əsatirlərində, həyat tərzlərində bu təfəkkür dərkinin onlarca oyununu yaratmış  və yaşatmışlar.
       İyirminci əsrin görkəmli tarixçisi və mədəniyyətşünası, Hollandiya alimi Yohan Heyzinqa dünya humanist düşüncəsinin nadir əsərlərindən sayılan "Homo Ludens" ("Oynayan insan") kitabında oyun fenomenini, anlayış və funksiyasını, əhəmiyyətini ətraflı şəkildə təhlil etmişdir. Mütəfəkkirin düşüncəsinə görə:teatr - "oyun mədəniyyətdən qədimdir" postulatından başlayır.
      Eramızdan əvvəl  hələ Aristotel demişdir: "ciddi olmaq istəyirsənsə, oyna”...
      Lakin bizim məqsədimiz qədim və antik  dövr deyil,müasir   teatr haqqında, xüsusilə də İrəvan teatrı haqqında fikir bildirməkdir...
     Yaradılan gündən İrəvan teatrı realist aktyor məktəbinə üstünlük vermişdir. Ayrı ayri illərdə teatrda qısa və ya uzun müddətdə işləyən aktyorların əksəriyyəti kollektivin yaradıcılıq salnaməsinə dəyərli töhvələr vermişlər. Təkcə Əli Zeynalovun adını çəkmək kifayət edər ki, İrəvan Dövlət Teatrının fəaliyyət zənginliyini sübut  etsin. Lakin daha öncəyə nəzər salsaq, yarandığı 1880 illərdən başlayaraq  İrəvan Azərbaycan teatrı milli səhnə sənətimizin tarixi salnaməsində xüsusi yer tutduğunun şahidi olarıq. Özünün yaradıcılıq və üslub forması olan, mürəkkəb, ziddiyyətli proses keçən İrəvan teatrını iki mərhələdə təqdim etmək olar. Teatrın yaradıcılığının birinci mərhələsi həvəskarlıq fəaliyyəti ilə bağlıdır. İkinci mərhələni isə kollektivin Dövlət Azərbaycan Dram Teatrı kimi yaradıcılıq prosesi müəyyənləşdirib.
       Vaxtilə eyniadlı Azərbaycan xanlığının mərkəzi olmuş İrəvan şəhəri XIX əsrdə azərbaycanlıların iri mədəniyyət mərkəzlərindən biri idi. 1870-ci illərdə şəhərdə türk-rus dillərində məktəblər açılmışdı, vaxtaşırı şeir-sənət məclisləri, musiqi axşamları keçirilirdi. Novruz, Qurban və Orucluq bayramlannda meydan tamaşaları, "Kosa-kosa", "Qaravəlli" və müxtəlif mərasim oyunları göstərilirdi. 1882-ci ilin əvvəllərində İrəvan şəhər gimnaziyasının müəllimi, tanınmış maarifpərvər Məşədi İsmayıl özünün şagirdləri ilə Vasaq Mədətovun "Tamahkarlıq düşmən qazanır" pyesini tamaşaya hazırlamışdır. Bununla da İrəvanda peşəkar Azərbaycan teatrının təməli qoyulmuşdur.
          Görkəmli maarifpərvər, pedaqoq İrəvan şəhər Seminariyasının müəllimi Firudin bəy Köçərli teatr prosesini daha da canlandırmaq üçün səylə çalışmağa başlayır. Onun fədakarlığı sayəsində teatr həvəskarları bir yerə cəmləşir. İrəvan teatr həvəskarları tərəfindən Firudin bəy Köçərlinin rəhbərliyi və rejissorluğu ilə Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (21 mart 1888), "Müsyö Jordan və dərviş Məstəli şah" (4 aprel 1890), "Hacı Qara" (20 oktyabr 1894), Rzayevin "Könülsüz nikah" (17 fevral 1890), Vasaq Mədətovun "Tamahkarlıq düşmən qazanır" (10 may 1892), "Qırt-qırt" (30 noyabr 1893), Sultanməcid Qənizadənin "Dursunəli və ballıbadı" (7mart 1895) pyesləri tamaşaya hazırlanır. Tədricən güclənən teatr prosesinə şəhərin zadəgan ziyalıları Təkinskilər, Qazıyevlər, İrəvanskilər, Pənah xan Makinski yaxından mənəvi və maddi köməklik göstərirlər.
         1928-ci il mart ayının 15-də "İrəvanda Dövlət Türk Teatrosu yaratmaq barədə" dövlət qərar verir. Təşkilat işi təcrübəli sənətkar, milli səhnə sənətimizin fədakar cəfakeşi Yunis Nuriyə tapşırılır. Truppanın əsasını yerli həvəskarlar təşkil edir və kollektivə Bakının müxtəlif teatrlarından, Bakıdakı Azərbaycan Dövlət Teatr Məktəbinin məzunlarından bacarıqlı gənclər cəlb olunurlar. İrəvan Dövlət Azərbaycan Dram Teatrının təsisatlı sənət ocağı kimi fəaliyyətə başlaması üçün fransız dramaturqu Jan Batist Molyerin "Zorən təbib" komediyası seçilir. Yunis Nurinin quruluş verdiyi komediyanın ilk tamaşası 14 aprel 1928-ci ildə göstərilir.       Bununla da İrəvan Azərbaycan Teatrının yaradıcılığının ikinci və bədii estetik cəhətdən daha sanballı mərhələsi başlanır.
         On il ərzində teatr Cəfər Cabbarlının "Aydın" (14 avqust 1928), "Sevil" (16 dekabr 1929), "Almaz" (14 noyabr 1934), "Yaşar" (1934), "1905-ci ildə" (13 may 1935), "Od gəlini" (1936), tərcümə edilmiş "Pepo" (31 yanvar 1930), Anatoli Qlebovun "İnqa" ("İncə" adı ilə. 7 noyabr 1930), Aleksandr Şirvanzadənin "Namus" (25 dekabr 1934), sovet ideologiyasından bəhs edən Aleksandr Korneyçukun "Platon Kreçet" , Boris Lavrenyovun "Hücum" əsərlərini maraqlı quruluşlarda oynayır....
       İrəvan Dövlət Azərbaycan Dram Teatrı bərpa olunandan sonra onun yaradıcılığı iki mərhələyə bölünür: adını daşıdığı şəhərdəki fəaliyyəti (1967-1988); ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri vəhşi soyqırıımından sonra teatrın İrəvanı tərk edərək Bakı şəhərindəki yeni yaradıcılıq dövrü (1989-cu ildən bu günə qədər).
       İrəvan teatrı 1967-1988-ci illərdəki fəaliyyət dövründə yaradıcılıq axtarışlarına meyilli olub. Bu məqsədlə teatr vaxtaşırı Azərbaycanın müxtəlif sənət ocaqlarından yaradıcılıqlanna inandığı həm təcrübəli, həm də gənc rejissorları tamaşa hazırlamağa dəvət edib.
     İrəvan teatrının dövlət statusu ilə fəaliyyət göstərməsinin 50 illiyi münasibətilə 1978-ci ildə teatrın direktoru Hidayət Orucov əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. İrəvan DADT 1978-ci ildə Bakıda qastrolda olmuşdur.
     Bakı dövründə ilk illər ciddi maddi və yaradıcılıq çətinlikləri ilə yaşayan İrəvan DADT  1989-1994-cü illərdə Xırdalan  şəhərində mədəniyyət sarayında məskunlaşdı. 1994-cü ildə isə Hüseynqulu Sarabski adına mədəniyyət evinə köçmüşdür...
       2000 – ci il tarixindən  İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə  İftixar Piriyev təyin olunmuşdur.
       Onu da qeyd etməliyik ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2019-cu il “Nəsimi ili” elan edilmişdir.Bununla əlaqədar olaraq, “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin “Haqq mənəm” layihəsi çərçivəsində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi ilə birgə hazırladığı tamaşa səhnələşdirilmişdir.
       2019-cu il noyabrın 19-da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində  dramaturq İftixar Piriyevin  “Haqq mənəm” pyesi əsasında hazırlanan yeni tamaşanın, ikihissəli tarixi elegiyanın premyerası uğurla oynanıldı. Layihənin müəllifi deyir: “Tamaşa böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibəti ilə “Nəsimi ili” çərçivəsində ölkəmizdə və ölkədən kənarda həyata keçirilən bir-birindən maraqlı tədbirlər sırasında teatrımızın xalqımıza layiqli sənət töhfəsi olacaqdır.”
       “Haqq mənəm” tamaşasının nümayişi anşlaqla keçmiş və  tamaşa izləyicilər tərəfindən böyük rəğbət, sevgi, alqışlarla qarşılanmışdır.
Tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur. 

         Tamaşadan sonra İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva çıxış edərək demişdir: “İrəvan teatrının kollektivi bütün yaradıcılıq tarixi boyu - həm Qərbi Azərbaycandakı fəaliyyəti dövründə, həm də hazırkı deportasiya həyatındakı fəaliyyəti zamanı bütün gücü ilə qoruyub saxladığı özünəməxsus ənənələrinin tərkib hissəsindən biri olan səmimi vətənpərvərlik missiyası ilə Azərbaycan teatr sənətinin inkişaf etdirilməsinə vicdanlı xidmət göstərməklə nümunəyə çevrilə bilmişdir.İrəvan teatrı heç vaxt təkcə sənət məkanı kimi fəaliyyətini məhdudlaşdırmamışdır, həm varlığı ilə, həm də yaratdığı nəhəng tamaşalarla, torpaqlarını zəbt etmiş və onu isti yurd-yuvasından didərgin salmış düşməninə qarşı qəhrəmancasına mübarizə mövqeyində dayanmışdır.Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının birgə həyata keçirdiyi bu tədbir “2019 - Nəsimi ili” çərçivəsində teatr tariximizdə yeni parlaq səhifə kimi qalacaqdır.”
Qonaqlar arasında görkəmli Azərbaycan ziyalısı, şair-dramaturq, publisist, əməkdar incəsənət xadimi Hidayət Orucov da var idi.
 Şəxsən bu tamaşanın  premyerasında iştirak etmək bizə də nəsib oldu.  Ən azı  bu səbəbdən,elegiya – tamaşa haqqında bir söz söyləməmək insafsızlıq olardı.  “Haqq mənəm” tamaşası adından göründüyü kimi, Nəsimi dühasına həsr olunmuşdur.
      Nəsiminin ruhunu, cahana sığmayan haqq dünyasını  qəhrəmanımız – Nəsimi obrazının ifaçısı Natiq Həziyev nə dərəcədə canlandıra bildi? Tamaşanın anşlaqla keçməsi bu sualın cavabıdır. Səs tembri və kədərli üz ifadəsi qəhrəmanımızın uğuru idi. Hətta, ən bəyəndiyimiz hissələrdən biri, “Nəsiminin” zümzümə etdiyi, oxuduğu “Segah” muğamı oldu. “Haqq mənəm”düzgün tərtibatla və səliqəli quruluşla səhnələşdirilmişdi. Musiqi tərtibatı mükəmməl idi, belə ki dərviş səhnələri tamaşanın  kulminasiyası idi desək, yanılmarıq.
Bunu da vurğulamalıyıq ki,   İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyor truppası yaradıcı və istedadlı  heyətdən ibarətdir.  Teatrı, başda İftixar Piriyev olmaqla, təbrik edirik! Azərbaycan mədəniyyətinə verdikləri töhvəyə görə,truppanın hər bir heyətinə ayrı – ayrılıqda təşəkkürümüzü bildiririk!  
AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sehranə Kasimi
26.11.2019. Bakı




















 


Baxış sayı: 1 292


Bölməyə aid digər xəbərlər