Bütün xəbərlər
AĞ ADAMIN HƏDİYYƏSİ - Aqil ABBAS yazır
Tarix: 08-11-2019 21:42 | Bölmə: Ədəbiyyat

                        

Kəlbəcərdən Laçına gedəndə Gəlin qayasını keçəndən sonra Yüzbulaq adlandırılan bir yaylaq var. Bu yaylaqda bir-birindən bəzən on metr, bəzən əlli metr, bəzən bir az da aralı göz yaşı kimi bulaqlar qaynayır. Axırıncı dəfə saymaq istədim, görüm doğrudanmı burda yüz bulaq var, sayıb qurtara bilmədim. Yoruldum. Dedim gələn dəfə sayaram, gələn dəfə də… İnşallah, bir gün qismət olar, sevinc göz yaşlarımı o bulaqların suyu ilə yuyaram. Çox qəribədir ki, orda olmayanları inandıra bilmərəm ki, hər bulağın öz dadı var. Dəniz səviyyəsindən 1500, 1700 metr hündürlükdə olan yaylaqda bu bulaqların qaynaması Tanrının möcüzəsidi. Yerin təkindən daşları, qayaları, torpağı oya-oya və saflaşa-saflaşa qaynayan dupduru, gün işığı tək təmiz bulaqlar.
Əgər o bulaqların gözünə daş qoysan, ağzını bağlasan mümkün deyil, özünə bir cığır tapıb gedib hardasa qaynayacaq.
İstedad da belədi. Nə qədər basdırmaq istəsən, nə qədər mane olmaq istəsən, ağzına daş bassan da mütləq qaynayıb çıxacaq. Özü də elə istedadlılar da Yüzbulaqdakı pinarlar kimidi. Hər istedadın yaratdığı əsərlərin öz dadı, öz tamı, öz gözəlliyi, öz saflığı, hətta öz duzu var.
Mən bir istedadı vaxtında qiymətləndirə bilməmişəm, hətta mane olmuşam, Tanrı günahımdan keçsin. Problemlər, uşaqlar, kirayə evlər…
Ağır cehiz mebelini dostlarımla bu kirayə evdən o birisinə – yeddinci mərtəbəyə, ordan endirib başqa bir kirayə evin dördüncü mərtəbəsinə, ordan daha başqa bir kirayə evə o qədər daşımışdıq ki, Vaqif Bayatlı bir dəfə dedi:
- Bir-iki dəfə də sənin bu mebellərini daşısaq, hamımız ştanqist olajıyıx.
Sonra da Qarabağ müharibəsi. Bütün günü çöllərdə, səngərlərdə. Ailənin bütün yükü onun üzərində. İki nəfər də ipə-sapa yatmayan ərköyün oğlan. Bir də elə mən boyda problem. Bax, beləcə böyük bir istedadın önünü kəsmişdim.
Amma saf daş suyu kimi olan bu istedad qaynayırdı və bir gün gün üzünə çıxmalıydı...
… Naxçıvandakı imkanlı qohumlarından qapılarını döyən çox idi. Amma o, məni seçdi.
Belə bir şeirim var, qızlara tövsiyyəm budur ki, şairlərə ərə getməsinlər.
Getməyin şairə ərə,
Geyməyiniz şeir,
Yeməyiniz şeir,
İçməyiniz şeir,
Hətta ölməyiniz şeir.
Getməyin şairə ərə.
O, şairi seçdi. Özü də gözünün önündə dünyanın ən böyük şairlərindən birinin necə yaşadığını, hansı məhrumiyyətlər içində olduğunu, millətinin dərdindən sağalmaz xəstəliyə tutulduğunu görə-görə şairi seçdi.
Həmin şeirdə bir yer də var:
Ümidini bağlayıb bir ümidsizə
Taleyini,
şam eləyib əritməyə dəyməzmiş.
Lap Allahın özüylə də
bu kirəkeş otaqlarda
gül ömrünü çürütməyə dəyməzmiş.
O da ümidini bir ümidsizə bağlamaqdan çəkinmədi. Düzdür, mən Məmməd Arazın təbirincə desəm, «gələcəyə inam sarıdan dünyanın ən varlı adamıydım». O, bahalı villalarda yox, mənimlə kirəkeş otaqlarda gül ömrünü çürütməyi seçdi. Mən də onun bu alicənablığının əvəzinə istedadına mane oldum. Amma, yuxarıda dediyim kimi, istedad həmin o Yüz bulaqdakı bulaqlar kimidi, xeyri yoxdu, bir gün qaynayacaq.
Ailə, uşaq… bir müddət işsiz qaldı. Uşaqlar bir az gimrikləşəndən sonra Az.TV-də işə davam elədi. Məşhur «Dalğa» proqramının həm aparıcılarından, həm də redaktorlarından biri oldu. Amma uzun çəkmədi. Televiziyanın rəhbərləri hər dəfə dəyişəndə ixtisara birinci onu salırdılar. Məmməd Araza gücü çatmayanlar, Məmməd Arazın kölgəsində qalanlar heyiflərini onun övladından çıxırdılar.
Hətta bir dəfə məsələyə Ulu Öndər Heydər Əliyev də qarışdı. Vay dədəm, vay, Az.TV-nin onu işdən çıxaran rəhbəri indi ilan dili çıxarıb yalvarırdı ki, geri qayıtsın. Qayıtmadı. Mən həyatımda belə tərs adam görməmişəm.
Sonra Etibar Babayev «Space»ə gəldi. Və yenə televiziya. Bir-birinin ardınca «Bir içim insan» rubrikası altında altı sənədli film çəkdi. Təəssüf ki, müqəddəs yeddi rəqəmini yaxalaya bilmədi.
Özü də sənədli film ənənələrindən tamamilə kənara çıxdı. Çünki onun dünyaya da, ədəbiyyata da, sənətə də, tarixi şəxsiyyətlərə də öz baxışı vardı.
Əsrin əvvəlində Azərbaycan Demokratik Respublikasının xaricə oxumağa göndərdiyi gəncləri və onların sonrakı talelərini, məhv edilmiş talelərini ilk dəfə O, araşdırıb arxivlərdən çıxartdı. Lentə aldı, filmləndirdi, milyonlara təqdim etdi. «Yüz cavan oğlan» filmi belə yarandı.
Məmməd bəy Cavanşir Batmanqılıncın nəticəsi, alim və ictimai xadim Əhməd bəy Cavanşirin qızı, Mirzə Cəlilin xanımı, Qarabağ camaatının (təkcə Qarabağ camaatınınmı?) güman yeri Həmidə xanım Cavanşirin xalqın bilmədiyi xarakterini açan bir film çəkdi. Həmidə xanımın simasında keşməkeşli həyatı, fədakarlığı, ötən əsrin əvvəllərində bütün çərçivələri məhv etmiş möhtəşəm bir qadın obrazı yaratdı.
Pənah xanın kötücəsi, zəmanəsinin görkəmli ziyalısı, Bayat bəylər bəyi Kərim bəy Mehmandarovun heç kəsə məlum olmayan tarixmizdəki rolunu araşdırıb çıxarıb filmdə əbədiləşdirdi.
«21 azəri» filmi ilə Cənubi Azərbaycanda yaşadığımız faciələrin üstünə işıq saldı. XX əsrin görkəmli şəxsiyyəti, alimi, dövlət xadimi Əziz Əliyevin həmin proseslərdə fəaliyyətini ortaya qoydu.
Mənə Cəfər Cabbarlının ayağını qoyduğu kandarı öpdürdü. Böyük sənətkarın arxivlərdə hardasa gizlədilmiş məktublarını belə tapıb üzə çıxartdı.
Təbii ki, atasını da unutmadı. Amma həmin film təkcə atası haqqında deyildi, həm də qədim Naxçıvan torpağı, Araz çayı haqqındaydı. Belə demək mümkünsə, Naxçıvan torpağı+ sərt iqlimi+Araz çayı= Məmməd Araz.
O filmlər «Youtube»də var, izləyə bilərsiniz. Təkcə «Yüz cavan oğlan»dan başqa. İtib. Çox təəssüf ki, hələ özümüzdə olan lent də iyirmi birinci dəqiqədən sonra xarab oldu.
Televiziya rəhbərlərinin demək olar ki, çoxunda belə bir qısqanclıq var. Özlərindən əvvəlki rəhbərliyin dövrlərində çəkilən sənədli filmləri və ya verilişləri yenidən tamaşaçılara çatdırmağı sevmirlər. Bəzən də məcbur olub göstərirlər, tarixini silirlər. Etibar Babayevdən sonra bir daha o filmlər göstərilmədi. Bilmirəm, arxivlərində qalır, yoxsa yox. Bu filmləri, eləcə də başqa yaradıcı insanların çəkdiyi sənədli filmləri, hazırladığı verilişləri Etibar Babayev dədəsi şair Adil Babayevin xətrinə çəkdirməmişdi. Bu millətin, bu dövlətin, bu xalqın xətrinə çəkdirmişdi.
Etibar Babayevdən sonra O da istefa verdi. Və bir müddət işsiz qaldı. Sonra dedim ki, mənim həm işim çoxdu, həm də qəzet məni yorur, bəlkə qəzeti götürəsən? Razılaşdı. Qəzetə də, kabinetimə də bir əl gəzdirdi. Bir qadın səliqəsi, qadın təmizliyi gətirdi. Ədəbiyyata, incəsənətə daha çox yer verməyə başladı. Hətta mənim yazılarıma da senzura tətbiq etməyə başladı. Mən də əsəbləşib onun nömrədən çıxartdığı yazımın yerini ağ saxlayırdım.
Hələ televiziyada çalışarkən, eləcə də işsiz qalanda ölkədəki müxtəlif problemlərə həsr olunmuş məqalələrlə mətbuatda mütəmadi çıxış edirdi.
Ölkə üçün vacib olan sosial problemlərlə bağlı məqalələrində, ayrı-ayrı görkəmli şəxslərə həsr etdiyi oçerkvari (ona görə oçerkvari yazıram ki, ənənəvi oçerk janrından çox uzaqdı, ad tapa bilmədim) yazıların üslubu, dili, hadisələrə və şəxsiyyətlərə münasibəti, baxışı tam fərqlidi.
Şairlik hamının görmədiyini görmək, duymadığını duymaq, demək istəyib deyə bilmədiklərini demək, insanlara inam və sevgi aşılamaqdır. Onun məqalələri də elə əslində şeir kimidi.
Mən tənqidçi deyiləm, onun yaradıcılığını təhlil etmək fikrim də yoxdu.
Bir əmim olub Hacı adında. Müharibədən əvvəl 24-25 yaşında Çində, daha dəqiq desək, Mancuriyada mühəndis işləyirdi. Şərqi Çin dəmiryolunu çəkirmişlər. Sonra gəlib Qusarda və Tərtərdə Su Elektrik Stansiyalarını tikib. Bir neçə dil bilirmiş. 27 yaşında Tərtər SES-i tikəndən sonra könüllü müharibəyə gedib və itkin düşüb. Əmimin diplomu, sənədləri, Çindən atama yazdığı məktubların bir hissəsi məndədi. Çox arzulayırdım ki, ondan bir yazı yazım, heç cür yaza bilmirdim. Bir də gördüm ki, qəzetdə əmim haqqında bir məqalə çıxıb: «Uzaq yollardan sizi öpürəm». İlahi, sanki əmimi məndən yaxşı tanıyırmış, məndən çox sevirmiş. Kövrəltdi məni. Kaş atam Onun əmim haqqında yazdığı məqaləni oxuyaydı. Atamın yanına gedəndə həmin qəzeti özümlə aparacam. İlahi, nə qədər xoşbəxt olacaq.
Ad günüm ərəfəsində bir də gördüm qəzetdə «A.A. – Ağ adam, Ağrılar adamı» adlı bir məqalə yazıb. Məndən yazıb. Mənim bilmədiyim Məndən. Elə nüansları, elə ağrıları tutub ki…
- Nə qədər yolumuz qalıb?..
- Ağdamdan Yevlağa qədər, yəni yetmiş beş kilometr.
- Nə qədər yolumuz qalıb?
- Ağdamdan Laçına qədər, yəni yetmiş üç kilometr.
- Həyatda nə qədər yolumuz qaıb?
- Ağdamdan Ağdama qədər.
Nə olsa mən həmişə Ağdamla müqayisə edərəm. Ağdam mənim qibləmdi, Məkkəmdi, Kərbəlamdı. O da bunları elə gözəl tutmuşdu ki, ağlatdı məni.
Hər dəfə «Yol romanı»nı oxuyanda kövrəlirəm. Vurğun Əyyubun ölümündən sonra oxuyanda isə ağladım.
O, bu romanda Qarsa Orxan Pamukun gözü ilə yox, öz gözü ilə baxmışdı. Qarsa Orxan Pamukdan fərqli yanaşmışdı.
Məqalələrində o qədər alt qatlar var ki, hər dəfə təkrar oxuyanda yeni nə isə tapırsan.
Etiraf edim ki, onun qədər mütaliəli deyiləm. Savadına, dünyagörüşünə, yaddaşına heyrət edirəm. Dostlarla oturub nəyisə müzakirə edəndə hansısa bir suala cavab tapa bilməyəndə, «dosta zəng»: sənin 30 saniyə vaxtın var. Praqadakı o məşhur kilsənin ilk memarı kim olub, cavab dərhal hazırdı.
Səfərlərdə ekskursiyalarda gidlə gəzməkdən zəhləm gedir, hamı sürü kimi düşür gidin arxasınca. O,dinləmək istəyir, mən isə yalvarıram ki, gəl özümüz gəzək, gidin danışdıqları mənim üçün mənasızdı. Sən də bu şəhər haqqında, burdakı tarixi abildələr, heykəllər, körpülər haqqında ondan iki dəfə çox bilirsən.
- Bu kilsədən sağa dönək, burda Kafkanın heykəli olmalıdı…
- İki küçədən sonra bir kafe var, gedək orda kofe içək. Vaxtilə Nazim Hikmət orda kofe içib…
- Bax, hər daşı bir zərgər işi olan bu kilsəni beş yüz ilə tikiblər…
O, mənim elə həyatda da gidimdi, yol göstərənimdi.
Zövqümüzdə fərqliliklər var. Mən Qədir Rüstəmovu sevirəm, Rəmişi sevirəm, Akif İslamzadəni sevirəm, O isə Qədiri, Akifi sevir, Rəmişi sevmir. Mən deyirəm Füzuli, O deyir Nəsimi. Mən futbol xəstəsiyəm, O yox. Amma məcbur edirəm ki, axıradək oturub mənimlə futbola baxsın. Amma Bəşir Səfəroğlu demiş, deyəsən son zamanlar azarlayıb. Birdən mənlə bir yerdə çığırır: «Ə, ver də topu, axşam evinizə aparacaqsan?!» Hələ futbolla bağlı statuslar da yazır.
Naxçıvandayıq. Qohumunun, o qohumunun ki vaxtilə ona çox elçi düşüb, çayın qırağında gözəl bir restoranı var. Eşidib ki, buralardayıq, restorana dəvət edib. Deyib-gülürük.
- Bax, bu qohumuna ərə getsəydin, kənddə yaşayırdın, restoranı da sənin adına keçirmişdi ki, Məmməd Arazın xətrinə, polis, vergi onu incitməsin.
O isə deyir:
- Ona ərə getsəydim indi Bakıda yaşayırdı, özü də deputatıydı.
Bir rus filmində rəfiqəsi generalın arvadına deyir ki, sənin nə dərdin ərin generaldı. Qadın da cavab veir ki, mən ona ərə gedəndə leytenantıydı.
Ona da deyəndə ərin deputatdı. Deyir, mən onu seçəndə «Elm və həyat» jurnalında 110 manat maaşa qulluq edən müxbir idi.
Mənim atamın anası Pənah xanın nəslindən Paşa bəy Cavanşirin qızıdı. Anaları seyid olanlara cümə günü seyidlik düşən kimi mənə də həftədə bir dəfə bəylik düşür. Qəribə bir xasiyyətim var, bir daraq gəzdirmərəm, bir də səhər cibimə qoyulan dəsmalı günortadan sonra ayaqqabımı silib ataram.
Hərdən forslanıb deyəndə ki, mən xan nəvəsiyəm, gülür:
- Burnunu silməyindən bilinir.
Yəqin ki, anladınız söhbət kimdən gedir: heç vaxt atasının adının arxasında gizlənməyən, atasının kölgəsinə sığınmayan, müstəqilliyini heç kimə və heç nəyə qurban verməyən, atası kimi bu millətin sevdalısı İRADƏ TUNCAYdan!
İstədiyim kimi yaza bilmədim, yəqin heç xoşuna da gəlməyəcək .
9 noyabr onun ad günüdü. Bu yazı da, bu yazının çap olunduğu kitab da Onun ad gününə hədiyyəm, sürprizimdir. Nə yazdığım məqalədən xəbəri vardı, nə də çıxacağı yeni kitabından.
Bundan əvvəl üç kitabı işıq üzü görüb: «Sarı odalar», «Yol romanı», «Müşfiq insanlar ölkəsi». «Yol romanı» professor Seyfəddin Altaylı tərəfindən türkcəyə uyğunlaşıb Avrasiya Yazarlar Birliyinin başkanı Yaqub Öməroğlu tərəfindən də Ankarada böyük tirajla çap olunub.
Naşir Şahbaz Xuduoğluna da bu kitabı oxuculara çatdırdığına görə təşəkkür edirəm.
Xanımına ad günü hədiyyəsi elədi:
A.A. – AĞ ADAM, AĞRILAR ADAMI

Adalet.az


Baxış sayı: 695


Bölməyə aid digər xəbərlər