Bütün xəbərlər
Bir bahar çiçəyi - Muşfiq ömrü
Tarix: 05-11-2019 12:50 | Bölmə: Ədəbiyyat
                   

Bir ocaq var Xızıya gedən yolda. Bir ocaq var ki, odu ürəyimizin başını illərdir ki, yandırır. Bu ocağı, bu odu görmək üçün yolu ordan düşənlər ayaq saxlayıb ona baş çəkiblərmi, sevindiriblərmi, görəsən:
“Azad bir quşdum,
Yuvamdan uçdum.
Bir bağa düşdüm
Bu gənc yaşımda”,- deyənlərin ruhunu...
Kim bilir?
Xızı deyəndə “Oxu tar”da kökünü, varlığını, məsləkini, gələcək arzularını dilə gətirən, heyrətəmiz yaddaşı, qaynar ilhamı ilə bu gün hər birimizə möcüzə kimi görünən, “yaşasaydı...” deyərək heyfsləndiyimiz Mikayıl Muşfiq, Azərbaycan teatırının repertuarını ölümündən sonra belə elə bu gün də əsərləri bəzəyən nakam Cəfər Cabbarlı  yada düşür.
Bəlkə də bu taleyin hökmü və ya onların alın yazısıydı ki, iki böyük nəhəng dünyaya vaxtsız vida etdi. Muşfiqin əyilməzliyi, Cəfərin hər biri tariximizə işıq salan əsərlərindəki milli ruhun gücü, qüdrəti qarşısında bir ordunun dayana bilməyəcəyini görənlərin qorxusu əbəs yerə deyildi...
Topsuz, tüfəngsiz, qələmini süngü edən Mikayıl Muşfiq, görəsən, niyə axı gənc yaşında
“Ah, bu uzun sevda yolu,
Vurulurmu başa, könül”,- deyirdi...
 Və yaxud da
“Ah, mən günü-gündən bu gözəlləşən,
İşqlı dünyadan necə əl çəkim,
Bu yerlə çarpışan, göylə əlləşən,
Dostdan, aşinadan necə əl çəkim” misralarındakı kədər yükü nəydi belə? Kimlər idi Muşfiq ürəyini vaxtsız susdurmağı həsrətlə gözləyənlər, şair qanı içməyə susayanlar?
Tarixin qatları açıldıqca hər şey gün işığına çıxdı və məlum oldu ki, ən böyük günahımız bu torpaqlarda doğulmaqmış. Deportasiyaların ilk dalğası və represssiyalara imza atan “Trojka”lar Azərbaycan üzərinə qara bulud kimi çökdü. Hüseyn Cavid, Əhməd Cavad, Hacı Kərim Sanılı, İsmayıl Katib, Bəkir Çobanzadə və bir çoxlarını gedər-gəlməzə yollayanlara heykəllər qoyub, hələ üstəlik, bizə sevdirdilər də...
  Xızıya çatanda narın-narın göy üzündən səpələnən yağış damcıları ürəyimdə nələri götür-qoy etdiyimi, yolumu hardan salacağımı hiss edib sanki mənimlə birlikdə o ünvana getmək üçün üstümə səpələnirdi. Maşından düşüb onun soyuq daşlardan boylanan həyat dolu gözlərinə baxıb: “Səni ziyarətə gəlmişəm, şair”,- dedim. Gözlərimdəki kədəri kirpiklərim qaldırmaqda aciz idi. Göylər mənə ağlamağa aman vermədi, nakam Muşfiqi onlar ağladı...
Hər yerdən Muşfiq boy verirdi. Ağaclar, dağlar, Muşfiqin baba ocağında səssizliyi pozub:
“Sən canı canandan ayrı tutmadın,
Odur ki, vəfasız deyildir adın,
O səni unutdu, sən unutmadın,
Yaşa məhəbbətim, yaşa ürəyim” misralarını oxuyan quşlar Muşfiqin adını anıb bu doğma yurda gələnlərə onun nakam taleyini quş dilində anlatmaq istəyirdilər.
    Bu çölün düzündə əvvəllər Sayadlar adlı kənd varmış. Vaxtilə burda Muşfiqin atası Əbdülqədər İsmayılzadənin dəyirmanı yerləşirmiş. Sonradan “Lələ köçüb, yurdu qalıb”. Lakin muşfiqsevərlər istəməyiblər ki, bir zamanlar toylu-düyünlü bir oba yerindən geriyə xarəbələr qalsın. Ona görə də birləşib bu ocağı 1988-ci ildə qurublar.
    Muşfiq iki yaşına qədər qardaşı Mirzə, bacıları Böyükxanım və Balacaxanımla ata ocağında qayğısız günlər görüb. Atası ədəbiyyatda “Vüsaqi” təxəllüsü ilə şeirlər yazıb. “Şah İsmayıl” və “Seyfəlmülük” operalarının liberettosunu  da o yazıb. Müşfiq anası Züleyxa xanımı altıaylığında itirib. Onu Sayadlar kəndindəki süd anası Səriyyə xanım saxlayıb. 1910-cu ildən sonra Muşfiqgilin ailəsi Bakıya-dağlı məhəlləsinə köçür.
Müşfiq haqqında kifayət qədər məlumat var və biz bu yazıda çalışdıq ki, barəsində eşidilməyən, hamının bilmədiklərini sizlərlə bölüşək. “Bir gün” ilk mətbu şeiri olsa da 1929-cu ildə tara qarşı başlanan qara kampaniyaya qarşı ilk haqq səsini ucaldan Muşfiq olub. İyirmi bir yaşlı gəncin əli və dişi qanlı rejimə qarşı üsyanı neçə-neçə oxuyan tarların simini vaxtsız qıranların kürkünə birə salıb.
Muşfiqin varlığı onlar üçün ən böyük təhlükə idi. 27 yaşında onuncu kitabı çıxan Muşfiqin bir çox əsərləri, təəssüflər olsun ki, yandırılıb. On birinci kitabını-“Çağlayan”ı görmək isə özünə qismət olmayıb. Sonuncu kitabı mətbəədə çapa hazır imiş. Tuthatut başlayanda Şəmsəddin Abbasov adlı ədəbiyyat adamı onu gizlədib və 18 il həmin əlyazmanı qoruyub-saxlayıb. 1956-cı ildə Mikayıl Muşfiq baraət aldıqdan sonra kitabın siqnal variantı çapdan çıxır.  
    1937-ci il iyunun 4-də Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Muşfiq həbs olunur. Yeri gəlmişkən, hər il Azərbaycanda 5 iyun Mikayıl Muşfiqin şərəfinə “Şairlər günü” kimi qeyd olunur...
Günahsız   bir şairə açılmış 121493 nömrəli cinayət işi. Dərdə baxın ki, Muşfiqin “istintaq”ını aparan Qalustyan adlı erməni idi. 20 dəqiqəyə çıxarılan ölüm hökmündən sonra  1938-ci ilin beş yanvarında Muşfiqimizin sevdalı qəlbi susduruldu.  
Muşfiqin ailəsi də rejimin qurbanı oldu...
Bu fikirləri Muşfiq ocağının bələdçisi danışır bizə və gözümü gəzdirib Ziyadxana, Turana, Dənizə baxıram. “Şəngülüm”ü, “Şüngülüm”ü, “Məngülüm”ü dərdinin dağlar qədər çox olduğunu uşaqlar hiss etməsin deyə, dünyanın ən xoşbəxti kimi yazan, körpəliyi yellər və qara illər ağzında keçən Muşfiqimizi indi onlar daha yaxından tanıdılar. Həm tanıdılar, həm sevdilər, daha doğrusu sevdirdik...
     1988-ci ildə muşfiqsevərlər bu ocağın bünövrəsini qoyublar və 2004-cü ildə ona muzey statusu verilib. 2018-ci ildə möhtərəm Prezidentimiz Muşfiqin 110 illiyinin keçirilıməsi ilə bağlı sərəncam imzalayıb. Məlumat üçün deyək ki, Azərbaycan bayrağı altında Xəzərdə Muşfiqimizin adını daşıyan gəmi onun qırçın ləpələri ilə uzaq sahillərə üzür.
    Bələdçi “Yolun kənarındakı Müşfiqin heykəlini polis polkovniki Əbülhəsən Əhmədov öz şəxsi vəsaiti hesabına ərsəyə gətizdirib, heykəltaraş da Münəvvər Rzayevadır” deyəndə bir anlıq duruxdum. Polisin o çətin illərdə şeirimizə, ədəbiyyatımıza, nakam Muşfiqimizə belə bir böyük sevgi ilə yanaşması elə, əslində, bu yazıya nərdivan saldı.  
Tapdım Muşfiq sevdalısı polisimiz Əbülhəsən Əhmədov ocağının işığını yandıranları. Mən onları uzaq bilirdim, sən demə, lap yaxınımızda imişlər.
    Tibb xidməti mayoru Rəna Əhmədova ilə həm atalı günlərinə qayıtdıq, həm də Muşfiqlə bağlı xatirələrə yenidən ayna tutduq. Bu gün Muşfiqlə bağlı danışmaqda, sözün əsl manasında, onların haqqı var. Çünki zamanında hamının görə bilmədiyi bir işi onun atası, Azərbaycan Polisi görüb və hər zaman olduğu kimi, nümunə olmağı bacarıb.
“Bu gün Xızıya yolum düşəndə və o büstün qarşısında dayananda elə bilirəm ki, danışır, sevinir, mənə xoş gəldin edir, məndən atamı soruşur. Bu yerlərin hər daşında şeiriyyət var və mən Muşfiq ocağına gələndə elə bilirəm ki, öz ata ocağıma gəlirəm”,- deyib göz yaşlarını saxlamaqda çətinlik çəkir Rəna xanım.
“Oğulsuz Muşfiqimin qeyrətli oğlu Əbülhəsən. Sənə çox minnətdaram”. Bu fikirləri xalq şairi Cabir Novruz mərhum polkovnikə bağışladığı kitabında yazıb. Elə bu bəs edər ki, onun Muşfiqin yolunda hansı əziyətlərə qatlaşdığını görəsən.
Bu gün Muşfiq ocağı kimi fəaliyyət göstərən bina isə 1992-ci ildə tikilib. Muşfiq ocağını jurnalist Firuz Əhmədli,  Tofiq Novruzov, Ağasəfa, Cabir Novruz və Əbülhəsən Əhmədov yaradıblar. Rəna xanım deyir ki, heykəlin kim tərəfindən qoyulması ilə bağlı orda bir lövhə vardı, lakin sonralar kimlərsə tərəfindən çıxarılıb. Səbəbi isə bu günə qədər naməlum olaraq qalır.
Əbülhəsən Əhmədovun Xızının Xanagah kəndində çobanların, yolda qalanların yağışdan daldalanmağı, vəhşi heyvanlardan qorunmaları üçün tikdirdiyi tikili də hələ qalır və onu tanıyanlar da, tanımayanlar da ruhuna rəhmət oxuyurlar.
   Sözardı: Polis polkovniki Əbülhəsən Əhmədov 1942-ci ildə Xızıda doğulub. Azərbaycan Dövlət Univeristetinin Hüquq fakultəsini bitirib. 1966-cı ildə daxili işlər orqanlarında xidmətə qəbul olunub. İstintaqçı kimi hər zaman çalışıb ki,  ədalətli qərarlar qəbul etsin ki, Allah və bəndə yanında başıaşağı olmasın. Sonralar o, DİN-də İstintaq və Beynəlxalq Əməkdaşlıq idarələrinin rəisi vəzifələrində uzun illər qüsursuz xidmət edib. 2015-cı ilin dekabrın 17-də Haqqa qovuşub.
Allah rəhmət eləsin!
 Modern.az
 
 



Baxış sayı: 620


Bölməyə aid digər xəbərlər