Roman-xronologiya, yaxud milli yaddaşın tarixi xronoto-LOĞMAN RƏŞİDZADƏ
Tarix: 31-10-2019 22:25 | Bölmə: Ədəbiyyat


Roman-xronologiya, <b style="color:red">yaxud milli yaddaşın tarixi xronotopu</b>

Loğman RƏŞİDZADƏ
yazıçı-publisist

(Vüqar Əhmədin "Qaradağlılar" roman-trilogiyasında vətənçilik, dövlətçilik və dinçilik)
Tarix riyakarlıq sevmir. Nə yazıqlar ki, o, bu acının ağrısını zaman-zaman yaşamalı olmuşdur. Riyakarlığın cansıxıcı iblisanə gərdişi onu daim izləmiş və sıxmışdır. Lakin işıqlı simaların, bəşəri düşüncə sahiblərinin timsalında tarix təmizlənib, durulub, özünə qayıdıb, ilkin ləkəsiz ünvanına sığınıb, min illər keçsə belə, müxtəlif vasitələrlə - qazıntılar zamanı tapılmış bir saxsı parçasıyla, daş kitabələrin əbədi saxlancıyla, yazılı abidələrin gizli kodları, şifrələrilə öz "qara qutu"sunun sirlərini açıb həqiqəti bəyan edə bilmişdir. Beləliklə, tarix dayaz və boşboğaz fantaziyaları heç vaxt qəbul etməmişdir. Dəniz dalğaları zir-zibili sahilə atdığı kimi, tarix də yalan və məkrli illüziyaları yaddaşın zibil yeşiyinə tullamağa həmişə vaxt və imkan tapa bilmişdir. Odur ki, tarix quru, sxematik rəqəmlərdən ibarət yaddaşdan daha çox yaşantıdır, taledir, zaman qarşısında imtahan, vətən, torpaq naminə mücadilədir. Bütün xalqlar illər, əsrlər boyunca öz tarixi keçmişinə daim həssaslıqla dönmüş, oradakı ağ və qara ləkələri ciddi-cəhdlə təmizləmiş, öz keçmişini doğru-dürüst yazmaq, saflaşdırmaq naminə bütün elmi-fəlsəfi arsenalını səfərbər etmişdir. Bu mənada tarix yollarına daha gur və etibarlı işıq salan, gerçəkliyin mahiyyətində tarixin əbədi gerçək mahiyyətini tapan ədəbiyyatdır. Tarix ədəbi əsərlərin güzgüsündə daha real, canlı və dolğun görünür, - deyənlər yəqin ki, səhv etməmişlər. Yazılı mənbələr içində yeganə bədii düşüncə məhsullarıdır ki, istər epos olsun, istər dastan, nağıl, istərsə də roman və başqa ədəbi nümunələr, həyata, baş verən hadisələrə, başqa sözlə, tarixə konyukturasız yanaşır. Təsvir olunan hadisələr, insanlar, onların yaşam tərzi, etnoqrafik yaddaş, kolorit özü bunu diktə edir, realist düşüncə tərzi tarixi realizmi də şərtləndirmiş olur.
Azərbaycan xalqı müstəqillik qazandıqdan sonra tarixi yaddaşa qayıdış həm ədəbiyyatda, həm də elmi sahədə intensiv xarakter almış, daha böyük coşqu ilə axtarış həvəsinə çerilmişdir. Uzun illər kommunist ideologiyasının tərəfkeşlik prizmasından təqdim edilən tarixi keçmişimiz saxtalaşdırılmaqla bərabər, həm də cılızlaşdırılmış, solğun bir kölgə, illüziya misallı duman örtüyü altına qapadılmış, ən real, aydın, milli taleyimizlə qaynayıb-qovuşmuş tarixi faktlar belə gizlədilmiş, yaxud yanlış traktovkaya, yalan yozuma uğramışdır. Xoş odur ki, müstəqillik dövründə tarixi yaddaşa qayıdış, onun müasir dünyəvi düşüncə səviyyəsində araşdırılması, arıdılıb-təmizlənməsi, bu zəngin xəzinənin halal haqqını özünə qaytarmaq vətəndaşlıq işinə çevrilmişdir. Bu sahədə də yenə ədəbiyyat liderdir, öncüldür və elmin şəkkak astagəlliyinə rəğmən fəal, işlək bir müstəvidədir. Bir-birini, sanki tamamlayan tarixi romanlar xalqın öz tarixi keçmişinə qayıdışı, etnogenezinin sirlərinin araşdırılıb üzə çıxarılması, həm də milli şüurun özünütəsdiqini, milli-mənəvi özünüdərki şərtləndirmiş olur. Xüsusən, Şah İsmayıla qayıdış, Səfəvi - Azərbaycan dövlətinin təşəkkül qaynaqlarının, inkişaf meyllərinin, dövlətçilik fenomeninin araşdırılması milli şüurun, milli təfəkkürün oyanışına bariz sübutdur. Belə əsərlərdən biri də Vüqar Əhmədin "Qaradağlılar" romanıdır.
Dərin mündəricəli nəsr əsərləri, poetik nümunələri, publisistik məqalələri və ressenziyaları ilə çağdaş bədii düşüncənin tanınmış nümayəndələrindən olan Vüqar Əhmədin "Qaradağlılar" roman-trilogiyası tarixə və milli yaddaşa baxışa yeni, uğurlu töhfədir. Rəngarəng tarixi faktlar, müxtəlif insan taleləri, maraqlı həyat hadisələri və yaşantılarıyla zəngin "Qaradağlılar" həm də müəllif yanaşması, seçkin, özəl yazıçı mövqeyinin dayanıqlığı, aydınlığı və qətiyyətilə də seçilir. Təmayül deyək, tendensiya deyək, ədəbi tərəfkeşlik adlandıraq, bilmirəm. Hər halda, bütün bunların məcmusunda vətəni sevən, dövlətçiliyə qırılmaz tellərlə bağlı olan, səmimi, ilahi sevgi ilə islami dəyərləri qoruyan bir yazıçının dönməz, alovlu mövqeyi təcəssüm tapır. Vüqar Əhməd hadisələrə yanaşmada nə dərəcədə türk-müsəlman tərəfkeşliyi nümayiş elətdirsə də, mətn heç də ideyanın basqısına məruz qalmır, realist üslub, hadisələrə faktoloji yanaşmada elmi-bədii tarazlıq qorunub saxlanılır.
Yazıçı bu romanda bir yeniliyə də imza atıb. Biz tarixi romanlarda, adətən, ümumi tarix, baş verən hadisələr fonunda insan talelərini öyrənir, fərdin yaşam həqiqətləri, ömür kitabı cəmiyyətin təqdimatında vərəqlənir. "Qaradağlılar" romanında isə xalqımızın etnogenezində iştirak etmiş, Şah İsmayıl Xətainin yaratdığı qüdrətli Səfəvi-Azərbaycan dövlətinin sütunlarından biri olmuş, sonralar qaradağlılar adlandırılmış ustaclı soyunun simasında millətin formalaşma tarixi sərf-nəzər edilir, bir tayfanın, bir nəslin taleyi işığında bütöv bir xalqın, dövlətin tərəqqi və inkişafı izlənilir. Bu, ədəbiyyat üçün də, tarix üçün də yeni baxış və özgür yanaşmadır. Qeyd etdiyimiz kimi, adətən tarix xalqların taleyinə, kompleks yanaşma üsulundan istifadəyə daha çox üstünlük verir. Lakin ayrıca götürülmüş bir nəslin şəcərə inkişafında bütöv Azərbaycanı əks etdirmək, ümumiləşdirmələr aparmaq, yeni olduğu qədər də məsuliyyətli, əziyyətli və çətindir. Məhz, bu mənada müəllifin təqdirəlayiq zəhməti göz qabağındadır. Çox böyük diqqət və qayğı ilə öyrənilən, araşdırılan ustaclı soyunun kökü-köməci, qaradağlı nəslinin inkişaf və yetkinləşmə mərhələləri nə dərəcədə elmi əsaslarla öyrənilib təhlil və təqdim edilirsə, eynilə, yüksək yazıçı zövqü və istedadıyla mətnin bədii predmetinə çevrilə bilir.
Əsər üç möhtəşəm prinsip üzərində intişar tapır: vətənçilik, dövlətçilik, dinçilik. Əsərdə Vətən eninə-uzununa ölçülən geniş bir ərazi, coğrafi məkandan daha çox sinirlərinin dərinliyinədək duyub hiss etdiyin düşüncənin görünməz, az qala duyulmaz gərginliyində yaşayan və maddi şəkildə ifadə edilən canlı bir substansiya kimi təqdim olunur. Yazıçı üçün vətən Məğribdən Məşriğədək uzanan ulu türk torpaqları, Çuxursəəd, Amasiyadan, Sivasdan, Tokatdan Ərzuruma, Bayburtacan dolanıb keçən bütün Anadolu, Qafqazın iç və dış sınırları, Dağıstan, qədim Dərbənd oymaqları, Rostov sərhədlərinə qədər gedib çıxan Şah İsmayıl müridlərinin ayaq izlərində yaddaşa çevrilən Türk-Azərbaycan məskənlərinin inzibati-ərazi vahidlərinin Həsənəli ağanın Çernyavski və Vəlibəyovla birgə qələmə aldığı "Vətən dili" dərsliyinin mədəni-mənəvi sərhədlərində qovuşan bütövlüyü anlamıdır. Hiyləgər düşmənlərimiz, rus-erməni siyasətinin məkri nəticəsində qəddarlığın əyani ağrı-acısının nəticəsi kimi, bu gün də özünə qısılmış, tarixi torpaqlarında məhrum edilmiş, inzibati-ərazi məhdudiyyətlərinin mənəvi ağrılarında qovrulan Azərbaycan yazıçı üçün yenə də gec-tez təbii haqqına haqq edəcək yatmış aslan timsallıdır. Bütün bədii təsvirlərində, düşüncələrində, ədəbi metaforalarında, yazıçı fəlsəfəsinin özəyində Vüqar Əhməd bu nikbin düşüncəni bütün varlığıyla yaşayır və təlqin edir. Vüqar Əhməd vətən sevdalısı kimi öz ürəyini, sevgisini, torpağa, yurda əbədi vurğunluğunu romanın hər səhifəsində, bütün məqamlarda leytmotivə çevirir.
Romanın ikinci estetik-fəlsəfi dirəyi kimi dövlətçiliyi qeyd etdik. Xalqımıza düşmən qüvvələrin, lümpen ağıl sahiblərinin iddiası ilə Azərbaycan dövlətçiliyi də onun inzibati-ərazi vahidləri kimi ciddi-cəhdlə sıxışdırılıb ən yaxın tarixi mənbələrə müncər edilmişdir. Hər şeydən də öncə bu dövlətçilik tarixini Səfəvi dövlətinin bətnindən və yaxud iç dünyasından çıxarıb təkləmək azarı bu gün də sürtülmüş təxribati vasitə kimi siyasi və elmi dövriyyədədir. Hər şeydən də öncə Səfəvi dövlətini Azərbaycan dövləti deyil, İran dövləti adlandırmaq iddiaları, Azərbaycan dövlətçiliyinin şah əsəri olan Səfəvi dövlətçiliyini Fars dövlətçiliyinə süni şəkildə (və bilərəkdən) pərçim etmək (calaqlamaq) iddiaları dava-qalmaqaldan daha çox, incə, şeytani bir siyasətin məkrləri kimi üzə çıxır. Əcəba, Səfəvi-türk dövlətinin Azərbaycan dövləti olması üçün, görən, daha nə lazım gərəkmiş? Dövlətin bünövrə daşını qoyanlar - Şeyx Səfiəddindən, Şeyx Cüneyddən, Şeyx Heydərdən, ən nəhayət, Şah İsmayıla qədər dövlətin qurucuları və siyasi sütunları azərbaycanlılar, dövlətin dili Azərbaycan dili, bütün adət-ənənələr, gələnəklər, məişət tərzi, yaşam fəlsəfəsi, etnos estetikası azərbaycanvari... və sair və ilaxır... Daha başqa görk, tutalqa lazımdırmı? Coğrafi əraziyə gələndə, o taylı-bu taylı bütöv Azərbaycan, İrəvan çuxuru, Ərzuruma, Sivasa qədər, "Dədə Qorqud"dan üzübəri qədim Azərbaycan türk torpaqları kimi tanınan məkanlar... Bir millətin, etnosun öz dövlətini elan etməsi və ona sahib çıxması üçün istedadın, quruculuq ehtirasının daha hansı yaradıcı əməyi, zəhməti, qəhrəmanlığı, ağlı, mənəviyyatı tələb olunmalıdır?.. Amma yaxından baxdıqca, dövlətçiliyimizə, milli birliyimizə qarşı yönəlik xoflu və məkrli siyasət zaman-zaman heç də hərəkətsiz, donuq, statistik olmayıb, əksinə, öz içimizdən qaynaqlanıb, qoynumuzda bəslədiyimiz ilan xislətli xainlərin əməli fəaliyyətindən, çürük təfəkküründən, xəstə təxəyyülündən güc alıb. Erməni separatizmi qədər kimi, taleyin bəlası kimi daim bizi izləmiş, yeri gəldikcə, tülkü siyasətilə zərbələrini arxadan vurmuşdur. Hamımıza yaxşı tanış olan bu tarixi olayları, ictimai-siyasi hadisələri Vüqar Əhmədin "Qaradağlılar" romanından tamam yeni tərzdə, yeni səpkidə öyrənir, hadisələrin ruhuna və mayasına hopmuş köhnə tarixi yeni məzmunda qavrayır, zaman-məkan kontekstində olayların həqiqətinə varırıq. Bu, yazıçı ustalığıdır. Hamının bildiyi, oxuduğu, yaxud yarımçıq bildiyi nəsnələri elə bir bədii ölçülərdə təqdim edir ki, sanki sən bunlarla təzəcə tanış olursan. Burada axıcı yazıçı dilini, hadisələrə emosional yanaşmanı, yeri gələndə bədii pafosu da unutmamalıyıq. Belə cəhətlər əsəri müqəddəs bir mətləb işığında uğura doğru aparır.
Bu müqəddəs yol din yoludur, bu ruhani cihad islam işığıdır. Mən Vüqar Əhmədi illərdir ki, yaxından tanıyıram, dostuq, sirdaşıq. Amma bu romandan sonra onu, sanki kəşf elədim. Vüqar müəllimin dini biliklərə bu qədər dərindən yiyələndiyini, Qurani-Kərimi elmi şəkildə sərf-nəzər etdiyini, irfani ruhlu həssas bir sənətkar olduğunu, ən əsası da Həzrət Əli eşqiylə, əhli-beyt sevdasıyla yaşadığını bu qədər bilməzdim. O, islami dəyərlərdən danışanda coşur, ehtizaza gəlir, qaynayıb daşır, belə vaxtda, sanki, qələmi də, istedadı da tamam fərqli mənbələrdən nəşət alır, xüsusən, əhli-beytə məhəbbət və vurğunluğunu açıq təntənəylə bəyan edəndə ruhi təcəllaya gedir, insanları bu mənəvi missiyadan barınmağa, xasiyyət və ağılca, mənəviyyat və ruhca bu ali hissin işığında mükəmməlləşməyə dəvət edir. Burada onun ideyalarını, mənəvi məramını, fikir və düşüncələrini dərindən ifadə edən, onun özünün də romanın bir yerində sitat gətirdiyi Nizami Gəncəvinin bu hikmətinə söykənmək yerinə düşərdi: "Mədənin qidası yeməkdir, ruhun qidası iman və ibadətdir, könlün qidası şəfqət, mərhəmət, sevgidir, qəlbin qidası isə elm və irfandır". Bu fikirləri, eləcə, "Qaradağlılar" romanının ideya bünövrəsi, leytmotivi kimi də qavramaq olar. Vüqar Əhməd həm ayrı-ayrı obrazların yaşam tərzində, həyat fəlsəfəsində və həm də özünün bəzən, hətta aforizm səviyyəsində cümlələrində, deyimlərində , ümumiləşdirmələrində dini əqidəyə ağlın, şüurun məhək daşı, ruhun pərvərişi kimi yanaşır.
Dini görüşlər, teoloji baxışlar insanlığın uşaqlıq çağının mənəvi-əxlaqi və ruhi qudsallığı, özünüdərkinin ilk önəmli nailiyyətidir. İnsan şüur aktlarını dərinləşdirdikcə dünyanı, ətrafı, baş verən təbiət hadisələrini ağlının süzgəcindən keçirməkdən öncə ruhən yaşamışdır. Ağıl sonrakı mərhələdir. Bütün çətinliklərə rəğmən ruhi tərbiyə insanın yaşam sirrinə çevrilmiş, ilkin dini təsəvvürlər formalaşmışdır. Bu isə insanın yaşam tərzini təmin etmiş, qəlbində, ruhunda, təsəvvürlərində ziddiyyətli aləmin sahmana salınmasında ilkin tutalqa olmuşdur. Məhəmməd Peyğəmbər (s.s.) deyir: "Elm insanın mənəviyyatını və ruhunu saflaşdırmaqda tam gücsüzdür, bunu yalnız din edə bilər." Və təsadüfi deyil ki, zaman-zaman siyasi ideologiyaların kökündə dini görüşlər, dinin söykəndiyi iman və əqidə prinsipləri dayanmışdır. N.Hikmətin "kommunizm özü bir dinçilikdir", - deməsi bəlkə təsadüfüdür? Təkcə Şərqdə yox, Avropada, mədəni dünyada ideya və ideologiyaların əsasını dini müddəalar, teoloji baxışlar və prinsiplər təşkil etmişdir. Təbii ki, Şərqdə bu missiya islamın üzərinə düşmüş, bütün siyasi, ideoloji hərəkatların kökündə islam fəlsəfəsi və estetikası dayanmışdır. O cümlədən, Səfəvi-Azərbaycan dövlətinin banisi Şah İsmayıl Xətainin də dövlət ideologiyası dinçilikdən nəşət tapmışdı. Şiəliyi ideologiya səviyyəsinə qaldırdığı üçün onu bu gün də yeri gəldi-gəlmədi sağdan-soldan cırmaqlayanların özü də yaxşı bilir ki, iddiası özündən böyük olan, hər biri özünü, öz qövmünü müstəqil dövlət gözündə görən, dağınıq tayfaları yalnız dini bayraq (ideologiya) altında birləşdirmək olardı. Qeyd etdiyimiz kimi bütün dövrlərdə bu və ya digər yöndən din ideologiyanın  təməl prinsipini təşkil edib. Qaldı ki, şiəliyin dövlət siyasəti və ideologiya səviyyəsinə yüksəldilməsinə, Vüqar Əhmədin də qeyd etdiyi kimi bu hərəkat dinin sütunlarından sayılan islam peyğəmbərinin sevimli silahdaşı, müqəddəs bir insan kimi hər kəsin qəlbində özgür yeri olan Həzrət Əlinin (ə.s.) cazibədar adıyla bağlı olmasıydı. Səfəvilərə qədər sufi irfaniləri Həzrət Əlinin müqəddəs və yenilməz heykəlini insanların qəlbinə əbədi yerləşdirmişdilər. Zamanın gərdişinin nəticəsi kimi sufi ideyaları Şeyx Şəfi təkyəsinin də ideoloji bəzəyinə çevrildi və bu təlim dərvişlikdən dövlət ideologiyasına, dövlətçilik ruhunun təmsilçiliyi səviyyəsinə ucaldı. "Qaradağlılar" əsərində bu motivlər tarixi ardıcıllıqla, dövlət quruculuğunun psixoloji təmayülləri, ən nəhayət, Şah İsmayıl Xətai qüdrətilə kamala yetmiş mükəmməl bir dövlətin inkişaf yollarının fəlsəfəsilə həm tarixi faktlar, həm də bədii təfərrüatla açılıb göstərilir.
"Qaradağlılar" roman-trilogiyası adından da göründüyü kimi, üç hissədən - "Əhli-beyt aşiqləri", "Qaradağlılar", "Aydın və Gültəkin" bölümlərindən ibarətdir. Hər bir ədəbi düşüncədə bölgü şərti olduğu kimi burada da yarımbaşlıqlar sadəcə mətləbi qabartmaq məqsədi daşımır, həm də hadisələrin, insan mənzərələrinin simmetrik sistemləşdirilməsinə, ideya və məqsədin qabardılmasına, təlqininə xidmət edir.
Tarixi hadisələrin gedişatına və gərdişinə ayrı-ayrı tanınmış simaların (əsərdə qəhrəmanların) şəxsində işıq tutan Vüqar Əhməd bu insanların hər birinə tarixin bir parçası, yaddaş boxçası, milli təəssübkeşliyin əbədi qaynağı kimi yanaşır. Şah İsmayıl, Şah Təhmasib, Sarı Piri bəy, Xızır bəy, Əbülqasım,  Ənsar Xəlifə, şair Zəkəriyyə, ibn Yaqub, Nadir Şah Əfşar, Ağa Məhəmməd şah Qacar, Pənahəli xan, İbrahim xan Xəlilullah, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan və başqaları.  Həm tarixi şəxsiyyət, həm də ədəbi qəhrəman kimi bu insanlar tarixi hadisələrin izlənməsi və inkişafı, Azərbaycan xalqının milli dirçəlişi və formalaşması vasitəsi kimi olaylara, zaman və məkanın yaddaş səhifələrinə işıq salmaqda ədib üçün məfkurə sığınacağına, ideya qaynağına çevirir. Bu şəxslərin aydın simaları, tarixin yaddaşına incə ilmələrlə toxunmuş əməli işləri, xalqımızın yüksəlişi, dövlətçiliyimizin formalaşması, Vətənin birliyi naminə mücadilələri "Qaradağlılar" romanının ədəbi mündərəcəsini zənginləşdirir, bədii siqlətini artırır, semantik strukturuna yeni təravət gətirir. Ümumiyyətlə, Azərbaycan-türk etnogenezinin formalaşmasında, bir millət kimi ətə-qana dolmasında ustaclı-qaradağlı soyunun əhəmiyyətli dərəcədə rolu bu ideyanın tərkib hissəsi kimi yazıçıya yeni stimullar verir. Ustaclı-qaradağlı nəslinin öncül simaları İlyas Xəlifə, Ənsar Xəlifə, Şəmsəddin Xəlifə, Əhməd Xəlifə, Mahmud Sultan, Bayandur Sultan, Məhəmmədqasım xan, Mustafaqulu xan, Əbdürrəzzaq xan, Məhəmmədkazım xan, Nəcəfqulu xan, Məhəmmədqulu xan, Məhəmmədhüseyn ağa, Həsənəli ağa və başqaları bütün mənəvi-əxlaqi parametrləri, insani keyfiyyətlərilə xalqımızın üstün cəhətlərini öz simasında yaşadan nümunəvi şəxsiyyətlərdir. Öz zamanından onların hər birinin üzərinə tarixi vəzifə düşür: ehtirasların qızışdığı məqamda, toqquşmaların hüdudsuz azğınlaşma həddinə çatdığı vaxtda onlar haqq uğrunda döyüşlərdə öndə olub; kimisə qılıncına, nizəsinə sığınıb, kimisə sinəsində aşıb-daşan sözünə güvənib, kimisi də qələminə söykənib. Beləliklə, onların hər biri zamanının aparıcı siması olaraq Vətənin, xalqın cəfakeşi statusunu qazanıb.
Romanda tarixi hadisələrlə insan taleləri iç-içədir və bir-birini tamamlayır. Əsərdə müəyyən dövr və zamanların epizodik çözümdə olmasına baxmayaraq, müəllif ideyasının mayası tutumunda onlar da xüsusi rol oynayır. Daha geniş təfsilata və olayların sürəkli yüksəlişinə, rəngarəng və təzadlı dönümlərin stixiyası içərisində baqi olan harmoniya realizmin iç qatı kimi görünür. Zamanı və bunun içində məkanı tamamlayan insan talelərindən biri də Həsənəli ağanın adıyla bağlıdır. Məşhur diktor Aydın Qaradağlının ulu babası olan, şair, nasir, mütərcim, müəllim, xəttat, musiqişünas kimi Həsənəli ağa yaşadığı dövrdə təkcə qaradağlılar soyunun möhürünü vurmuş insan kimi yadda qalmır, həm də azərbaycanlı varlığının ləyaqət simvolu kimi boy göstərir. Ümumiyyətlə, o dövrdə Azərbaycanın milli-mənlik şüurunu yaşadan Şuşa mühiti, gələnəkli mədəni həyat, yetkin və seçkin insanların bir-birinə fövqəladə hörmət və ehtiramı, güvənci dövrün kulturoloji mənzərəsini bir az da dolğunlaşdırır. Xurşidbanu Natəvan, Qasım bəy Zakir, Mir Möhsün Nəvvab, Abdulla bəy Asi, İbrahim bəy Azər, Mirzə Ələkbər Növrəs və başqa Qarabağ aydınları bu məkanda xalqın ədəbi-mənəvi gələnəklərini qədərincə yaşaya və yaşada bilirdilər. Müəllif onların obrazlarını xüsusi həvəs və zövqlə canlandırmışdır. Xüsusən, böyük fransız yazıçısı Aleksandr Dümanın (ata) Şuşa səfəri, onun Azərbaycanın ziyalı mühitindən məmnunluğu ziyalıya və ziyalılığa münasibət müstəvisində romanın ən cəzbedici səhifələrindəndir.
Sonrakı davamda, Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov, Hacı Zeynalabdin Tağıyev, Məhəmməd Əmin Rəsulzadə, Cəfər Cabbarlı, Mikayıl Müşfiq və başqa müqtədir öncüllərimizdən, ziyalılarımızdan bəhs edən müəllif, ümumən ziyalı elitamızın həyatından ən mübhəm epizodları da yaddaşımızın güzgüsündə canlandırır. Müəllifin ekskursları yaxın tariximizə, bu günümüzə qədər gəlib çıxır. O, günümüzün seçkin ziyalılar pleyadasında Aydın Qaradağlının dostluq etdiyi insanların təqdimatına da yer ayırır. Onlar yazıçılardır, şairlərdir, müəllimlərdir, ən nəhayət, sadə zəhmət adamlarıdır. Bu anlamda yazıçı qələmində Aydın Qaradağlının yaxın dostu, neftçalalı ziyalı, ədəbiyyat pərvanəsi İmamverdi Əbilovun adı xüsusi ehtiram və məhəbbətlə xatırlanır. Ziyalılarımızın Azərbaycan haqları naminə mücadilələrindən söz açan səhnələrdə müəllifin coşqun vətənpərvərlik duyğularına şahidlik edir, onun vətənsevərliyi ilə oxucu da bu məhəbbətin qucağında xoşbəxt və məsud hisslər yaşayır, öz-özünə pıçıldayır: "Vətəni sevəndə də belə sevəsən..."
Müəllif tarix boyunca xalqımızın erməni məkrindən və fitnəsindən çəkdiyi bəlalara da geniş yer verir, unutqan yaddaşımızı təzələməklə ayıq-sayıqlığımızı artırmağa çalışır. Hələ Şah İsmayılın dövründən müsəlman qiyafəsi və türk-müsəlman sifətilə saraylarımızdan tutmuş sənət emalatxanalarımıza, ticarət karvanlarımıza qədər hər yerə soxulan bu şeytan törəmələri daim arxadan zərbə vurmaqla hər an bizim üçün dürlü problemlər yaratmışlar. Müəllif ermənilərin fitnə-fəsadlarının orta əsrlərdən başlamış XVIII-XIX əsrlərdə Qarabağdakı əməllərinə, ən nəhayət, XX əsrin 18-19-cu illərində Bakıda törətdiyi qırğınlara qədər hər şeyi etimologiyasına qədər ayıq yazıçı ustalığıyla sərf-nəzər edir. Avan koxa, Seyran koxa və bir sıra məliklərin Qarabağda törətdikləri vəhşiliklərin davamı kimi bolşevik mantiyası altında gizlənmiş qatı millətçi, avantürist S.Şaumyanın Bakı qırğınlarının ideoloqu və təşkilatçısı kimi məkrli sifətinin, iç üzünün açılımına qədər hər şey yaddaşın amansız diktəsi kimi yazıçı qələmində ittiham aktına çevrilir.
İnsan taleləri qismində romanın sonuncu bölümü olan "Aydın və Gültəkin" fəsli xüsusi qayğı, diqqət və məhəbbətlə qələmə alınmışdır. Bu, yaxın tarixdir və bizim yaşıdlarımız üçün Aydın Qaradağlı da, Gültəkin Cabbarlı da müasirlərimiz hesab oluna bilən qəhrəmanlardır. Onların ecazkar səsinin sehrinə zaman-zaman biz də düşmüşük, onlara can atmışıq, onlarla bir dövrdə yaşamağımızdan qürur duymuşuq, ən nəhayət onları, onların sənətini biz də cani-dildən saf və ləkəsiz bir məhəbbətlə sevmişik. Amma Vüqar Əhmədin sevgisi bir ayrı sevgidir, bu sənətkarlara, bu bir-birinə incə mənəvi tellərlə bağlı olan, ömrün şirinindən doymayan bu iki aşiqə, bu sevdalı cütlüyə yazıçı məhəbbəti tamam başqa aləmdir. Adamın ruhunu tərpədən, insanı dərisinə qədər təlatümə gətirən bu cümlələri dərindən sevmədən yazmaq, bu cazibə dolu həyat həqiqətlərini bədii dilin ölçülərinə bu dərəcədə həssaslıqla sığışdırmaq olmazdı. Bəli, belə olmasaydı, iki böyük sənətkarın yarı yolda qırılmış ömür dastanının kövrək notları oxucunu da kövrəltməz, bu əhvalatı oxuya-oxuya arabir əllərini sövqi-təbii gözlərində göllənmiş yaş damlalarına aparmağa məcbur etməzdi.
Romanı, şübhəsiz, Vüqar Əhmədin uğuru və nəsr yaradıcılığında yeni bir möhürü hesab etmək olar. Əsər həm ideya-estetik, həm də məna-məzmun, mündəricə baxımından təqdirəlayiq ədəbi bir hadisədir. Düşündürücü və qaneedici məqamlardan biri müəllifin sətirlər arasından süzülən biliyi, savadı, geniş məlumatı, intellektual səviyyəsi, erudisiyası və hadisələri qiymətləndirmək bacarığıdır. O, tarixi-dini hadisələrə həssaslıqla yanaşır, Azərbaycan həqiqətlərinin, gələnəklərinin fəlsəfi çözümünü dərindən araşdırır, tarixin ibrət dərslərindən dərs almağın yollarını göstərə bilir. Buraya müəllifin romanda baş-başa qaldığımız ədəbi-bədii görüşlərini, ayrı-ayrı parçalarda insan talelərini və tarixi yaddaşı, ədəbiyyatımızın şah əsərləri sayıla biləcək şeir nümunələri, poetik lövhələrlə möhkəmləndirməsini də əlavə etsək, fikrimizi müəyyən mənada tamamlamış ola bilərik (Əbülqasımın Mövlanə Füzuli ilə görüşü şeirə, sənətə, şairə, sənətkara böyük hörmətin əbədi qaynağı kimi səciyyəvi səhnələrdir. Bu, ayrıca bir söhbətin mövzusudur).
"Qaradağlılar" romanı xalqın, vətənin, dövlətçilik ənənələrimizin əlvan və parlaq lövhələrini özündə əks etdirən qiymətli bir sənət nümunəsidir. Hadisə və olayları son dərəcə dəqiqliklə, obrazlı bədii vasitələrlə əks etdirən bu həssas tarixi mənbə bədii əsər olmaqla yanaşı, zəngin məlumatları özündə yaşadan düşüncə saxlancı, informasiya mənbəyi və ensiklopedik yaddaş kitabıdır. Keçmişimizin və bugünümüzün sıx, iç-içə xronologiyası, milli yaddaşımızın zaman-məkan müstəvisində xronotopunu ozan təmkini və ləngəriylə nəql edən, alim dəqiqliyi və səriştəsilə açıb göstərən bu ədəbi-bədii, elmi-fəlsəfi salnamədə son 500 illik tariximizin siyasi, iqtisadi, mədəni-kulturoloji gələnəkləri yerli-yataqlı, parlaq lövhələrlə əks etdirilib. Böyük amallar böyük iddialardan doğur. Vüqar Əhməd "Qaradağlılar" romanında Azərbaycan xalqının böyüklüyünü böyük yazıçı iddiasıyla önə çəkir və sübut edir. Xalq məhəbbəti bir ziyalı-ədib kimi, onun üçün eləcə dinçilik səviyyəsindədir. Bu, onun romanında da baş leytmotiv, aparıcı ideyadır.
525.az


Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər
6-10-2019, 08:57 Sonuncu dərs
18-09-2019, 00:11 TƏBRİK EDİRİK!
18-08-2019, 14:08 Şair Oqtay Rza vəfat edib