Bütün xəbərlər
DÇ-2018: Bu gün ilk turun son görüşləri və ikinci turun ilk matçı keçiriləcək
Tarix: 19-06-2018 09:59 | Bölmə: Dünya

                   

Rusiyadakı futbol üzrə dünya çempionatında bu gün ilk turun son 2 görüşü və ikinci turun ilk matçı keçiriləcək.
"Report"un məlumatına görə, əvvəlcə H qrupunun qarşılaşmaları oynanılacaq. Saranskdakı "Mordoviya Arena"da Kolumbiya Yaponiya ilə üz-üzə gələcək. Oyunu sloveniyalı referi Damir Skomina idarə edəcək.
Bu oyunun ardından Moskvadakı "Spartak" stadionunda Polşa Seneqalı sınağa çəkəcək. Görüş bəhreynli referi Navaf Şükrallaha həyalə olunub.
İndiyədək Asiya təmsilçilərindən yalnız İran qələbə qazana bilib. Qonşu ölkə yığması Mərakeşi məğlub edib - 1:0. Əvəzində Səudiyyə Ərəbistanı millisi Rusiyaya 0:5, Cənubi Koreya İsveçə 0:1, çempionata Asiya zonasından vəsiqə qazanan Avstraliya Fransaya 1:2 hesabı ilə uduzub.
Afrikanın isə daha əvvəl çıxış etmiş 4 komandasının hamısı məğlubiyyətlə üzləşib. Mərakeş İrana, Misir Uruqvaya 0:1, Nigeriya Xorvatiyaya 0:2, Tunis İngiltərəyə 1:2 hesabı ilə uduzub.
Günün son matçında Rusiya və Misir yığmaları II turun ilk görüşünə çıxacaq. Paraqvaylı referi Enrike Kaseresin idarə edəcəyi görüşün dördüncü hakimi türkiyəli Cüneyt Çakır olacaq.
Çempionatın açılış oyununda təşkilatçı ölkə millisi Səudiyyə Ərəbistanını 5:0 hesabı ilə məğlub edib. Stanislav Çerçesovun baş məşqçi olduğu komanda yenə qalib gəlsə, vaxtından əvvəl 1/8 finala vəsiqəni böyük ölçüdə təmin edəcək. Eyni zamanda Misir yığması, çox güman ki, qrupda qalacaq. Afrika təmsilçisinin heyətində Məhəmməd Salahın meydana çıxacağı gözlənilir. Rusiya yığmasında isə Alan Zaqoyev ilk turda aldığı zədə üzündən qrup mərhələsindəki oyunları buraxacaq.
DÇ-2018
H qrupu
I tur
16:00. Kolumbiya - Yaponiya
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Mehdi Abid Şaref (Əlcəzair)
Saransk, "Mordoviya Arena"
19:00. Polşa - Seneqal
Hakimlər: Navaf Şukrallah, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb əl-Marri, Abdulrahman əl-Cassim (hər ikisi Qətər)
Moskva, "Spartak" stadionu
A qrupu
II tur
22:00. Rusiya - Misir
Hakimlər: Enrike Kaseres, Eduardo Kardozo, Xuan Zorrilya (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə)
Sankt-Peterburq, "Sankt-Peterburq Arena"


Baxış sayı: 684


Bölməyə aid digər xəbərlər